“Forbes” jurnalının Rusiya nəşri Türkiyənin oktyabr-noyabr aylarından başlayaraq həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən “ikili istifadə” adlanan məhsulların Rusiyaya göndərilməsini azaltmağa başladığını iddia edib. Jurnal Türkiyənin ixrac statistikasına istinadən yazır ki, bu satışlar ABŞ-ın sanksiyalara əməl etmək çağırışlarından sonra azalmağa başlayıb.
Hafta.az-ın yazdığına görə, jurnalın müəllifləri ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Yaponiyanın elan etdiyi sanksiya siyahılarında 45 məhsulun satış məlumatlarını təhlillərində nəzərə aldıqlarını bildiriblər. Təhlilə görə, bu məhsulların Türkiyədən Rusiyaya satış həcmi noyabr ayında 8,4 milyon dollara qədər azalıb. Xəbərdə sözügedən məhsulların böyük ölçüdə elektronika kateqoriyasında olduğu bildirilir.
“Forbes” yazıb ki, Ukraynadakı hərbi əməliyyatdan sonra Türkiyədən Rusiyaya ikili təyinatlı məhsulların satışı 3 dəfə artaraq 70,9 milyon dollara çatıb. 2023-cü ilin yanvar-noyabr ayları arasında satış məbləği 129 milyon dollardan çoxdur.