Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov bildirib ki, rusiyalıların ölkədə həyata keçirdikləri ödənişlərdə yaşanan problemlərə görə Moskva və Ankara alternativ ödəniş mexanizmlərinin yaradılması üzərində fəal işləyirlər.
Hafta.az-ın RİA-ya istinadən yazdığına görə, diplomat deyib ki, “ölkələrimizin müvafiq idarə və şirkətləri alternativ ödəniş mexanizmlərinin inkişafı və maneələrin aradan qaldırılması məqsədilə sıx təmasdadır”.
Gazeta.ru xəbər verir ki, Buravov həm şirkətlər, həm də Rusiya və Türkiyə vətəndaşları üçün əlçatan olacaq sistem üzərində çalışdıqlarını açıqlayıb.
Xəbərdə fevralın əvvəlində türk banklarının Rusiya hüquqi şəxslərinin hesablarını bağlamağa başladığı və Rusiyadan gələn fiziki şəxslərin hesablarına olan tələbləri artırdığı iddia edilib. Həmçinin bildirilib ki, sonradan Türkiyə Ticarət Nazirliyi Rusiyadan pul köçürmələrini qəbul etməkdə problem yaşayan şirkətlərin siyahısını tərtib edib. Bu cür qadağanedici addımlar Türkiyə bank və firmalarının ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalması qorxusu ilə izah olunub.
Fevralın 5-də "Ankara və Moskva transfer prosesindəki problemləri tamamilə həll edəcək Rusiya-Türkiyə bankının yaradılmasını müzakirə etməyə başlayıb. Ölkələr bütün bu əməliyyatları milli valyutalarda – lirə və rublla həyata keçirməyi planlaşdırır" deyə xəbərlər və iddialar yer alıb.