İndiyədək 500-dən çox adama 1000-dən artıq seans keçilib
Bu gün Vətən Müharibəsinin mənfi fəsadlarının aradan qaldırılması istiqamətində ölkəmizdə hər sahədə böyük işlər aparılır. O cümlədən psixoloji baxımdan əziyyət çəkən insanların reabilitasiyası üçün müvafiq addımlar atılmaqdadır. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də bu məsələyə dəstək məqsədilə qardaş Türkiyədən Azərbaycana mütəxəssislər dəvət edib. Hazırda türkiyəli mütəxəssislər müharibə iştirakçılarına, şəhid ailələrinə, terrordan zərər çəkən insanlara və qazilərimizə psixoloji reablitasiya kursu keçirlər. Mövzu ilə bağlı “Həftə içi” qəzetinin müsahibi FHN-in Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyevadır.
- Müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan insanlara nə vaxtdan yardım göstərməyə başlamısınız?
- Əslində, bizim “112” qaynar xətti vasitəsilə keçən ilin aprelindən, pandemiya başlayan 12 nəfər psixoloqumuz vətəndaşların xidmətindədir. Onlar növbəli şəkildə 24 saat fəaliyyət göstərirlər. Bu müddət ərzində bütün psixoloji problemləri olan insanlar zəng edirdilər, bizim mütəxəssislər də onlara təcili psixoloji yardım göstərirdilər. Bu ilin yanvarına kimi 2000-dən çox zəng qəbul etmişik. Pandemiya dövründə müharibənin də başlaması psixoloji problemlərlə üzləşən insanların sayını artırdı. Biz gördük ki, müharibənin yaratdığı psixoloji fəsadlarlarla bağlı zənglərimizin sayı sürətlə atmağa başlayır. Həmin travmalar da elə zədələr idi ki, onlara telefonla yardım göstərmək qeyri-mümkün idi. Onların üz-üzə yardıma, xüsusi seanslar qəbul etməyə ehtiyacı vardı. Buna görə də Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən Azərbaycana 20 nəfər klinik-psixoloq, psixoterapevt dəvət edildi. Mütəxəssislər təsadüfi seçilməyib.
Bildiyimiz kimi, Türkiyə illərdir terrorla mübarizə aparır, bu yolda qardaş ölkə də şəhid verir, partlayışlar, kontuziya problemləri onlarda da var. Bu problemlərin müalicə olunması istiqamətində kifayət qədər təcrübələri var. Bütün bunlar nəzərə alınaraq, 13 nəfər bizim psixoloq, 20 nəfər də Türkiyədən dəvət olunmuş mütəxəssislərlə birgə psixoloji xidmət işi quruldu. Yanvar ayının 22-dən Bakıda yerləşən “Qafqaz otel”də həftəiçi hər gün vətəndaşların müraciətlərinə baxılır. Psixoloq mütəxəssislərin qəbulu ödənişsiz həyata keçirilir. Müraciət etmək istəyən vətəndaşlar “112” qaynar xəttini yığa bilərlər.
- Bu iş qurulandan indiyədək neçə nəfərə xidmət göstərmisiniz?
- Müharibə ilə bağlı 4 kateqoriya üzrə xidmət göstəririk. Bunlar müharibə iştirakçısı, hansı ki, yarası yoxdur, sadəcə, döyüş zamanı yaşadığı hadisələr onu həddindən artıq incidir, xatirələr onu rahat buraxmır. İkinci kateqoriya qazilərdir. Üçüncü kateqoriya şəhid ailələridir. Dördüncü isə terrordan fiziki və mənəvi zərər görmüş insanlardır. İndiyədək bu kateqoriyalar üzrə 500-dən çox adama 1000-dən artıq seans keçilib.
- Yardım üçün müraciət edənlərin üzləşdiyi əsas psixoloji şoklar hansılardır?
- Demək olar ki, zəng edənlərin 60 faizi müharibə iştirakçılarıdır. Sonra qazilər, terrordan mənəvi, fiziki zərər görənlər, şəhid ailələri isə nisbətən azdır. Bizdə adətən yasda olan insanların psixoloji dəstəyə gəlməsi bir qədər çətin olur. Əsas etibarilə şikayətlər posttravmatik stress pozuntusu ilə bağlıdır. Yəni, müharibə iştirakçıları döyüş bölgəsində gördükləri travma hadisəsini unuda bilmirlər. Tutaq ki, yanında dostu şəhid olub və ya yaralanıb, qollarında dostu can verib, həlak olanların meyitlərinin toplanılmasında iştirak edib, atılan bombaların səsi və s. Bunların hamısı müharibənin ağır travmalarıdır. Bu travmalar sonradan sülh dövründə müharibədə iştirak edən insanları incitməyə başlayır. Xatirələr onları ciddi şəkildə narahat edir. Bu insanların yuxuları pozulur, qarabasmalar, yuxuya getməkdə çətinlik və ya diksinərək ayılma, depressiv vəziyyət, həssaslığın yüksəlməsi, hər xırda hadisəyə qıcıq və aqressiv davranışın göstərilməsi, bəzi insanlarda suisidal fikirlərin olması, cəmiyyətdən, öz yaxınlarından belə uzaqlaşması kimi hallar olur. Onlar üçün həyatda bir çox şey öz mənasını itirir, özlərindən asılı deyil, həssaslıq yüksək olur, ağır dövrdən keçiblər. Bu, ən çox rast gəlinən əlamətlərdir. Yuxu pozuntusu, həddindən artıq stresli vəziyyət möhkəm başağrılarına səbəb olur. Bu insanlar sülh dövrünə uyğunlaşmaqda çətinlik çəkirlər. Ona görə onların əksəriyyətində özlərinə qapanma olur. Heç kəslə danışmaq istəmirlər, elələri var ki, girirlər otağa, hamıdan uzaqlaşmağa çalışırlar. Əksəriyyətində kəkələmə problemi olur. Stresdən, travmadan sonra kəkələyirlər, bəzən gözlərini qırpırlar, eşitmələrində problem olur.

- Bəs, psixoloji şoklardan çıxmaq üçün hansı addımlar atılmalıdır? Bu məsələdə ailələr necə davranmalıdırlar?
- Bu insanlara mütləq mütəxəssis dəstəyi verilməlidir. Qohumla, yaxın adamlarla dərdləşmək bu problemi həll etmir. Bunun üçün müxtəlif müalicə üsulları və terapiyalardan istifadə olunmalıdır. Psixoloji seanslarda xüsusi, tez təsir edən, effektiv psixoterapevtik texnikalar var. Bu, hipnoz da ola bilər və ya başqa texnika da ola bilər. Texnikaların mexanizmi ondan ibarətdir ki, yaddaşda olan xatirələr silinmir, xatirələrə, səhnələrə, səslərə olan həssaslıq nisbətən zəiflədilir. Yəni, həmin xatirələrə əvvəlki kimi reaksiya olmur. Pasiyent addım-addım sülh dövrünə uyğunlaşmağa başlayır. Bu məsələdə ailələrin də üzərinə böyük məsuliyyət düşür. Vurğuladığım kimi, müharibə iştirakçıları qayıtdıqdan sonra, sakit və dinc həyata alışmağa çətinlik çəkir, iki həyatın arasında qalırlar. Odur ki, keçici olsa da, bu dönəmi aşmaq onlar üçün ağırdır. Müharibə iştirakçıları yaxınlarından anlayış, diqqət və qayğı gözləyirlər. Sadəcə ailəyə deyil, ictimai və sosial dəstəyə böyük ehtiyacları var. Döyüşlərdə yaralanan, ayaqlarını və əllərini itirən, travma alan insanlarda zərərçəkmiş sindromu yaranmamalıdır. “Mənə olan münasibət dəyişmədi” kimi fikirlərə qapılmamalı və boşluğa düşməməlidir. Digər tərəfdən, həddindən artıq göstərişli şənliklər bu insanları qıcıqlandıra bilər. Yəni, onlar düşünə bilər ki, biz nələri gordük, kimləri itirdik, nə qanlar töküldü, əlimizi-ayağımızı itirdik və s. digər insanlar isə öz kefindədirlər. Bu baxımdan, belə insanların yanında, ən azı, 1 il göstərişli məclislər təşkil etmək lazım deyil. Həm ailələri, həm də cəmiyyət olaraq bu insanlara həmişə yalnız bir mesaj verməliyik: “Mən sənin yanındayam”, “Biz səni heç vaxt tək qoymarıq”, “Hamı səninlədir”, “Hər kəs səninlə qürur duyur” və s.
- Müalicə seansının müddəti nə qədərdir?
- Ümumilikdə, müalicə seansı insanın ehtiyaclarına görə müəyyənləşir. Xəstələrin nə zaman sağalacağını demək çətindir, çünki bu, şəxsin müalicəyə verdiyi reaksiyadan və hadisələrdən nə qədər təsirlənməsindən asılıdır. Sizə deyim ki, Türkiyədən gələn mütəxəssislər bir az sürətli texniklərdir. Bəzən 3 seansdan sonra əksər pasiyentlərin vəziyyətində 60-70 faiz yüngülləşmə olur.
- Psixoloji yardım prosesi nə vaxta kimi davam etdiriləcək? Türkiyəli mütəxəssislər Azərbaycanda nə vaxta kimi fəaliyyət göstərəcəklər?
- Fevralın 26-dan Vətən müharibəsində erməni terrorundan ən çox zərər görən Gəncə və Bərdədə də vətəndaşların qəbuluna başlanacaq. Eləcə də o şəhərlərə yaxın bölgələrdə müharibədən zərərçəkmiş insanlar da psixoloqlara müraciət edə bilərlər. Hər kəsin Bakıya gəlməsi mümkün deyil. Ona görə biz belə qərara gəldik ki, bu bölgələr həm müharibə dövründə terrordan daha çox əziyyət çəkiblər, həm də ətraf ərazilərdən bu şəhərlərə gəlmək daha rahatdır. Fevralın 26-dan, təxminən, 1 ay müddətində mütəxəssislər bu şəhərlərdə fəaliyyətdə olacaqlar. Vətəndaşların qəbulu Bakıda da davam etdiriləcək. İşin gedişatından asılı olaraq proses uzadıla bilər. Hələ ki, bu müddət ərzində mütəxəssislər Bakı, Gəncə və Bərdədə fəaliyyət göstərəcəklər.