Türkiyədən AI-yə sığınacaq müraciətləri 82 faiz artıb

09:10 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədən Avropa İttifaqına (AI) sığınacaq müraciətləri son yeddi ilin pik həddinə çatıb.

Hafta.az-ın “Euronews”a istinadən yazdığına görə, Avropa İttifaqı Qaçqınlar Agentliyinin (EUAA) məlumatına görə, Aİ+ ölkələri (27 Aİ ölkəsi, Norveç və İsveçrə) 2023-cü ildə 1,14 milyon sığınacaq müraciəti alıb. Bu, 2022-ci illə müqayisədə 18 faiz artım və Avropada böyük qaçqın böhranının yarandığı 2015-16-cı illərdən bəri ən yüksək səviyyədir.

Aİ-dəki son məlumatlar işığında Türkiyədən edilən müraciətlərdəki artım tendensiyası ümumiyyətlə artan sığınacaq axtarışında diqqət çəkdi. Ən çox müraciət alan ölkə Almaniya olub. Bu ölkəni Fransa, İspaniya və İtaliya izləyib.

2023-cü ildə Almaniya, bütün müraciətlərin yüzdə 29-u olmaqla 334 min müraciət alıb. Maraqlıdır ki, Almaniya ən çox müraciət edilən ikinci və üçüncü ölkələrdən - Fransa və İspaniyaya edilən müraciətlərin cəmindən daha çox müraciət alıb.

Bu arada, Fransaya 167 min müraciət (bütün müraciətlərin 15 faizi), İspaniyaya 162 min (bütün müraciətlərin 14 faizi), İtaliya isə 136 min müraciət edilib.

Qaçqınların ən çox yaşamaq istədiyi ölkələr sırasına Avstriya, Niderland, Yunanıstan, Belçika, İsveçrə və Bolqarıstan daxildir.

2023-cü ildə ən çox sığınacaq müraciəti 181 min nəfərlə Suriya vətəndaşları tərəfindən edilib. İkinci yerdə isə, əvvəlki illərdə də olduğu kimi, 114 min müraciətlə Əfqanıstan vətəndaşlarıdır.

Ötən il Aİ ölkələrindən sığınacaq üçün müraciət edən Türkiyə vətəndaşlarının sayında kəskin artım olub. Türkiyədən sığınacaq müraciətləri əvvəlki ilə nisbətən 82 faiz artaraq 101 min müraciətə çatıb. Bunlardan 96147-si ilk dəfə müraciət kimi qiymətləndirilib, 37841-i qərara alınıb, 83964 müraciət qiymətləndirmə mərhələsindədir, 10457 müraciət geri götürülüb, 9490 müraciət təyinat ölkəsindən başqa ölkəyə yönəldilib.

Müraciətlərin əksəriyyəti Almaniyada edilib. Bu ölkəni Fransa və Avstriya izləyib.

Hesabata görə, son 4 ildə türklər tərəfindən sığınacaq üçün müraciətlərin qəbulunda davamlı azalma müşahidə olunur. 2019-cu ildə yüzdə 54 olan müraciətlərin qəbul nisbəti 2023-cü ildə 25 faizə düşüb.

Fələstinlilərin 2023-cü ildə Aİ, İsveçrə və Norveçə etdiyi müraciətlərin sayı təxminən 11 minə yüksələrək indiyə qədər qeydə alınan ən yüksək rəqəmə çatıb.

Aİ-yə sığınacaq üçün müraciətlərin sayının artmasında ukraynalılar ayrıca kateqoriyada qiymətləndirilir. Çünki Ukraynadan olan 4 milyondan çox məcburi köçkün Müvəqqəti Mühafizədən faydalanır. Bu, Avropa ölkələrinə müdafiəyə ehtiyacı olan şəxslərin ümumi sayını əhəmiyyətli dərəcədə artırır.

Oxunma sayı 144