İllərdir, dünyanın gündəmindən düşməyən qardaş ölkə Türkiyədə, nəhayət, may ayının 14-də seçkilər keçiriləcək – xalq həm növbəti prezidentini, həm də millət vəkillərini seçərək dövlətin idarəetməsini onlara tapşıracaq. Əlbəttə, ölkə seçkiyə elə bir vaxtda gedir ki, böhranlı dünyanın bir hissəsi kimi, Türkiyədə də iqtisadi çalxalanmalar yaşanır, qiymət artımı, gündəlik sosial tələbat mallarının bahalaşması və digər amillər xalqın timsalında seçiciləri düşdükləri çətinlikdən xilas olmaq üçün yol axtarmağa vadar edəcək. Yəni, qlobal təlatümü görməyib, reallığın tək səbəbini mövcud iqtidarda axtaranlar alternativ siyasətçilərin vədlərinə üstünlük verəcəklər. Qardaş ölkədə hər şey mənfi müstəvidə inkişaf etmir, uğurları daha böyükdür və qlobal böhran barədə eşidib qiymətləndirən ağıllı-başlı kütlə, güman edirəm ki, düzgün qərar verəcək.
Sosial təzadlar
Bu yerdə qeyd etmək lazımdır ki, Kahramanmaraş mərkəzli məlum zəlzələnin dövlətə vurduğu maddi-iqtisadi ziyanlar, çoxminli insan itkisi Türkiyənin yükünü bir az ağırlaşdırıb. Müxtəlif mənbələrin təzadlı hesablamalarından doğan rəqəmlərə əsasən zəlzələ 2023-cü ildə Türkiyənin ÜDM-ni 5 faiz daralda bilər. Ümumiyyətlə, təbii fəlakətin zərərini aradan qaldırmaq üçün qardaş ölkəyə 100 milyard dollar civarında vəsait lazımdır. Təbii, bütün edilənlər həlak olmuş 50 min insanı geri qaytarmayacaq, amma hər halda sağ qalanların yarasını sarmağa bəs edəcək.

Türkiyənin son 20 ilinə nəzər salarkən öncəki dövrləri də xatırlamaq gərəkdir. Bu gün köhnə nəsildən qalanlar və müxalifəti dəstəkləyənlər birmənalı şəkildə qeyd edirlər ki, məsələn, 90-cı illərdə ölkə əhalisinin yaşamı daha asan idi, qiymətlər aşağı, bazar ucuz və sair. Məsələyə ciddi yanaşdıqda bəlli olur ki, əslində, bu gün sosial çətinlik yaşayanlar o vaxt da olub. Bundan əlavə, əvvəla, o illərdə Türkiyədə 60 milyon insan yaşayırdı, bu gün isə 85 milyon. Məlumdur ki, əhalinin sayı artdıqca tələbat da artır. Zaman da dəyişir, 90-cı illərin insanlarının iddiası ilə bugünkü nəslin tələbləri arasında yerlə-göy qədər fərq var. O vaxt çətinliyi aşmaq üçün çalışıb-vuruşan insanlar günümüzdə rahat yaşamaq iddiasındadırlar. Məhz bu iddia onlara ölkələrinin üzləşdiyi bəzi sıxıntıların, əslində, qlobal böhranın sadəcə bir hissəsi olduğunu görməyə imkan vermir.
Ələbaxımlılıqdan qurtuluş
Türkiyə dövləti siyasi müstəvidə çox böyük üstünlüklərə malikdir. Uzun illər NATO-nun üzvü kimi, ABŞ-ın himayəsi altında qalan, Konya kimi vilayətləri böyüklüyündə Qərb ölkələrinin diqtəsi ilə qərar qəbul edən Türkiyə hazırda həmin ölkələri özündən asılı vəziyyətə salan qüvvəyə malikdir. Bir vaxtlar diqtələri, təzyiqləri ilə türk millətinin hissləri ilə oynayan İsveç hazırda NATO-ya üzv olma yolunda boynubükük halda Türkiyədən icazə gözləyir. İyirmi il öncənin Türkiyəsi ABŞ-ın qərarı ilə dünyanın harasında olmasına baxmayaraq, fərqli münaqişə bölgələrinə ordusu ilə göndərilən Türkiyə bu gün qlobal hərbi-siyasi güclər arasında vasitəçilik missiyası həyata keçirir, öz balanslı siyasəti ilə düşmənlərini valeh edir.

Elə son illərin reallığına nəzər salsaq, məsələn, Qərbi Ukrayna adlı döyüş meydanında Rusiya ilə üzləşdirən müharibənin dayandırılması müstəvisində Kremllə danışıq apara biləcək yeganə lider indiki Türkiyənin dövlət başçısıdır. Dəfərlərlə əsirlərin dəyişdirilməsinə məhz Türkiyənin vasitəçiliyi ilə nail olunub, təhlükəsiz taxıl dəhlizinin yaradılması nəticəsində dünyanı qlobal ərzaq qıtlığından qurtaran da məhz adı ilə qürurlandığımız qardaş ölkə Türkiyə olub. Bütün bunlar dünyada hər kəsə məlumdur, amma heç sual olundumu ki, Türkiyə bütün bunları nəyin sayəsində edə bilir? Cavab budur: Türkiyə güclü hərbi-siyasi mövqeyi, güclü və xarizmatik lideri və ustalıqla yürüdülən xarici siyasəti sayəsində qlobal oyunçuya çevrilib. Aydındır ki, 20 il öncə Türkiyə istəsəydi belə, indiki mövqeyə yüksələ bilməyəcəkdi. Başda ABŞ olmaqla, Qərbdəki ağalar buna imkan verməyəcəkdilər.
Son 20 ildə böyüyən və güclənən Türkiyənin və onun xarizmatik liderinin səyləri nəticəsində Türk dünyası birləşir, vahidləşir və yəqin ki, ən qısa zamanda, sözün əsl mənasında, Avropa İttifaqından daha sıx inteqrasiya olunmuş hərbi-siyasi-mənəvi birliyə çevriləcək.
İqtisadi irəliləyiş
Bir az da ölkənin iqtisadi uğurlarından söz açaq. Bu gün Türkiyədə qiymətlər yüksəlib, alıcılıq qabiliyyəti aşağı düşüb və digər ittihamlar səsləndirmək çox asanlaşıb. Bütün bunlar siyasi məqsədlərə söykənəndə çox iyrənc olur. Söz yox, bazarlarda bahalaşma var və bu, təkcə Türkiyənin deyil, Azərbaycan da daxil olmaqla, bütün dünyanın problemidir. Hökumət öz xalqını bahalaşmanın mənfi təsirindən maksimum qorumağa çalışır və bunun üçün konkret addımlar atır. Bu, bir həqiqətdir ki, qardaş ölkədə minimum əməkhaqqı son bir ildə iki dəfə qaldırılıb. Əvvəl 4 250 lirədən 5 500 lirəyə, yanvar ayından isə 8 500 lirəyə yüksəldilib və hətta bu yay minimum göstəricinin yenidən qaldırılacağı deyilir. Türkiyədə minimum pensiya həddi 7 500 lirədir. Bütün bunlardan əlavə, qardaş ölkədə mütəmadi şəkildə aztəminatlı ailələrə ödənişlər edilir, xüsusi mağazalar şəbəkəsi vasitəsilə endirimli qiymətlərlə ərzaq və gündəlik zəruri ehtiyaclara uyğun məhsullar satılır. Müqayisə üçün dünyanın heç bir ölkəsində xalqın aztəminatlı qisminə kömək məqsədilə belə addımlar atılmır. Guya Avropada, Amerikada əhali Türkiyədəkindən daha üstün yaşayırmı? Dünyada ən çox evsizlər, bomj həyatı sürənlər məhz Amerika və Avropadadır. Təbii, o ölkələrdə maaşlar daha yüksəkdir, amma bazarları da həmin maaşa uyğun məhsul təklif edir. Bu prizmadan yanaşdıqda, Türkiyədə əhalinin qazancına görə bazarları elə də baha sayıla bilməz.

İyirmi il öncənin Türkiyəsində 1 ABŞ dollarının qarşılığı, az qala, 1,5 milyon lirə idi. Yəni bu dərəcədə ölü valyuta son 20 ildə dəyər qazanaraq günümüzdə qlobal iqtisadi böhranın təsiri altında 20 lirə civarınadək irəliləyib. Hansı ki, o illərdə qonşu İraqda əhali ayda 3-5 dollar məbləğində maaş alırdı. Yəni İraq dinarı, cırtdan ölkə Küveytin dinarı dollar qarşısında dik duruşu ilə qürur verirdi təmsil etdikləri xalqlara.
Türkiyə iqtisadiyyatı 2003-cü ildən 2020-ci ilə qədər rekord artıma imza ataraq, 2003-cü ildə dünyanın 18-ci ən böyük iqtisadiyyatından 2020-ci ildə 11-ci yerə yüksəlmişdi. COVID-19 pandemiyası və ardı ilə baş verən Kahramanmaraş zəlzələsi səbəbindən ölkə öz mövqeyində xeyli geriləyib, buna baxmayaraq, Dünya Bankı və sair kimi qlobal maliyyə institutları bunun keçici olacağını, Türkiyənin bu ilin ikinci yarısından başlayaraq sürətlə yüksələcəyini qeyd edirlər.
Pandemiya dövrü də daxil olmaqla, son illər Türkiyənin illik iqtisadi böyümə dərəcəsi müsbət olub və ABŞ, Yaponiya, Avropadakı sənaye dövlətlərinin böyümə dərəcəsindən daha yüksək nəticə verib. Bugünün özündə də üzləşdiyi hər cür çətinliklərə baxmayaraq, Türkiyə iqtisadi böyümə dərəcəsinə görə əksər rəqiblərini geridə qoyur. Məsələn, Türkiyə 5,1 faiz böyümə uğuru əldə etsə də, bu rəqəm onun ən yaxın rəqibi Polşada cəmi 3,6 faizə bərabərdir.
BVF-nin diqtələrinə son
Türkiyə 20 il əvvəl ÜDM-dən iki dəfə çox olan xarici borcları ilə böğuşurdusa, 2020-ci ildə xarici borcun həcmi ÜDM-in 38 faizi həcminədək geriləyib.
Bu yerdə qeyd edim ki, 2000-ci illərin başlanğıcında Türkiyə defakto yüksək miqdarda borclandığı BVF-nin diqtəsi ilə hərəkət edirdisə, bugünün Türkiyəsinin nəinki BVF-yə borcu yoxdur, əksinə, özü bu maliyyə qurumuna borc vermək qabiliyyətindədir.
Son 20 ildə yüksək inflyasiya dərəcələri və onu müşayiət edən yüksək volatillik sürətlə azaldılıb və 2003-cü ildən sonrakı dövrdə inflyasiya nəzarətdə saxlanılıb. 2002-ci ildə inflyasiya 71 faiz olduğu halda 2020-ci ildə rəqəm 10 faiz civarınadək enmişdi. Pandemiyadan sonrakı dövrdə, xüsusilə Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra dünyada baş verən böhrandan Türkiyə də təsirlənib. Bu özünü xüsusilə də neft və qazın, taxılın qiymətlərinin artması fonunda baş verib. Türkiyə neft və qazın 99 faizini xaricdən idxal etdiyi üçün, xarici ticarətdə mənfi saldo verməyə başlayıb və beləliklə, ölkədən xaricə bu məhsulları almaq üçün ildə 100 milyard dollaradək vəsait çıxır. Bu yerdə yenə vurğulamaq istəyirəm ki, Türkiyənin aylıq və ya illik idxal-ixrac əməliyyatlarında verdiyi açıq birmənalı şəkildə yanacaq alışı üzündən baş verir. Ümumilikdə götürəndə Türkiyənin ixracı idxaldan daha yüksəkdir.

Hər halda, son iyirmi ildə Türkiyə 2002-ci ildəki 236 milyard dollar olan ÜDM-in həcmini 2022-ci ildə 906 milyard dollara çatdıraraq, diqqətəlayiq performans nümayiş etdirib.
Güclü daxili bazar və təşəbbüskar özəl sektor son 20 ildə investisiyaları və ixracatı dəstəkləyərək Türkiyənin iqtisadi artımını sürətləndirib. Daxili istehlak 72 faiz, sərmayə axını 32 faiz, ixracat 21 faiz artıb.
2009-20209-ci illər arasında Türkiyə, təxminən, 6,8 milyon yeni iş yeri yaratmağı bacarıb. Ölkə bu müstəvidə yalnız ABŞ və Meksikadan geri qalır, Yaponiya, Avstraliya, Yeni Zelandiya və ümumiyyətlə, bütün Avropa ölkələrini dəfələrlə üstələyir.
Daha çox ixracat
Türkiyə son 20 ildə ixracatda 9 faizlik göz qamaşdıran artımla dünya performansını geridə qoyub və ixrac həcmini 36 milyard dollardan 254 milyard dollara yüksəldib. Beləliklə, 2002-ci ildə 0,6 faizdən aşağı olan Türkiyənin qlobal ixracatdakı payı 2020-ci ildə 1 faizi aşıb.
Bu müddət ərzində ixrac məbləği 1 milyard dollardan çox olan məhsulların sayı 2002-ci ildə 8 idisə, 2022-ci ildə 39-a yüksəlib.
Son 20 ildə qardaş ölkədə sektorlar üzrə böyümənin strukturu belədir: kənd təsərrüfatında 3,8 faiz, sənayedə 32,3 faiz, xidmətdə 60,7 faiz. Əvvəlki illərdə inflyasiyanın sürəti aşağı salınsa da, qeyd etdiyimiz kimi, pandemiya və Ukraynada gedən müharibə səbəbindən dünyada dərinləşən qlobal iqtisadi böhranın tərkib hissəsi kimi, Türkiyədə də inflyasiya artaraq 80 faizə yüksəlib. Amma bu ilin əvvəlindən sabitləşmə gedir.

Hazırda Türkiyədə 38 milyon nəfərlik əmək qüvvəsi mövcuddur ki, bunun da 8,5 faizi kənd təsərrüfatında, 26,6 faizi sənayedə, 64,9 faizi xidmət sektorunda çalışır.
2022-ci ilin avqustuna olan məlumata əsasən ölkədə işsizliyin səviyyəsi geriləyərək 10,5 faiz həddinə düşüb.
Yuxarıda qeyd etdiyim kimi, ixracat 2022-ci ildə rekord həddə yüksəlib – 254 milyard dollar. Əsas ixrac məhsulları isə daşıyıcılar, maşınlar, elektron vasitələr, metallurgiya məhsulları, texniki və məişət avadanlıqları, qida, tekstil, plastik mallar və sairdir.
Türkiyə ixracatının əsas bazarları Almaniya (9,8 faiz), İngiltərə (6,7 faiz), İtaliya (5 faiz), İraq (5 faiz), ABŞ (5 faiz), İspaniya (4,7 faiz), Fransa (4,5 faiz) və digər Aİ ölkələridir. Bu da onu göstərir ki, qardaş ölkə Qərb standartlarına uyğun yüksək texnologiyaya əsaslanan keyfiyyətli məhsul istehsal edir.
Hazırda Türkiyənin valyuta ehtiyyatları 115 milyard dollar, qızıl ehtiyyatları isə 542 ton olaraq qeyd olunur.
Yollar
Son 20 ildə qardaş ölkə iqtisadi sıçrayışın bazasını hazırlamaq məqsədilə yol-nəqliyyat infrastrukturunu yaratmaqdadır. Hazırda Türkiyədə 62 müasir hava limanı var ki, bunun üçdənikisi beynəlxalq əhəmiyyətlidir. Əlavə olaraq 18 dənə də sırf hərbi məqsədlər üçün hava limanı mövcuddur.
Bu arada, Türkiyənin hava limanları siyahısına dünyanın üçüncü ən böyük, Avropada isə birinci olan İstanbul hava limanı başçılıq edir. Hansı ki, Ərdoğan iqtidarı İstanbul Hava Limanını tikmək qərarını verəndə ölkənin müxalifət düşərgəsi var gücü ilə bunun əleyhinə çıxırdı.
2002-ci ildə 6,2 min kilometr olan birtərəfli sürətli şosse yollarının uzunluğu günümüzdə 32 min kilometr səddindədir. Ölkədə ümumilikdə 70 min kilometr civarında şosse yolu fəaliyyətdədir. Dəmir yollarının uzunluğu isə 13 min kilometrdir.

Yollardan söz düşmüşkən, bu 20 il ərzində Türkiyə öz milli məhsulu olaraq sürətli elektrovozlar istehsal etdi və parallel olaraq bir sıra böyük şəhərləri birləşdirən sürətli dəmir yolları tikdi və tikməkdədir.
Şose yollarının göz bəbəyi olacaq, milli imkanlarla, yüzdə yez türk malı olaarq istehsal olunan elektrikli avtomobil TOGG Türkiyənin son 20 ilinin ən böyük uğurlarındandır.
Ümumiyyətlə, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanan istehsal, məşğulluq, ixracat və cari əməliyyatlar hesabı profisiti əsasında qurulan Türkiyə İqtisadi Modeli ilə 2022-ci ildə inflyasiya istisna olmaqla, bütün makro göstəricilərdə uğur əldə edilib. Valyuta ilə qorunan əmanətlərə, təqaüdçülərə və minimum əmək haqqı alanlara edilən artımlara, işçilərə və sahibkarlara verilən dəstəklər və sairlə inflyasiyanın qarşısını almaq üçün görülən tədbirlərə baxmayaraq, Türkiyə büdcə performansında da göz qamaşdırıb.
Güclü müdafiə sənayesi
Türkiyənin siyasi və iqtisadi uğurlarından söz açarkən hərbi-müdafiə qabiliyyətindən danışmamaq günah olardı. NATO-nun qurucularından və ordusunun sayına, ümumi hərbi potensialına görə ABŞ-dan sonra təşkilatın ikinci böyük üzvü olmasına baxmayaraq, Türkiyə adi gülləni xaricdən idxal edirdi. Amma AKP iqtidara gələndən sonra ölkənin müdafiə qüvvətini artırmaq məqsədilə başladılan proqramlar öz bəhrəsini verməkdədir. Bu gün Türkiyə müdafiə imkanlarını 80 faiz öz məhsulları ilə gücləndirir. Ən müasir və uzaqvuran raketlərdən tutmuş, NATO standartlarına tam uyğun zirehli texnika, İHA və SİHA-laradək istehsal edən qardaş ölkə dünyada özünəlayiq mövqe qazanıb. Bu gün Türkiyə ən etibarlı və həlledici döyüş qabiliyyətinə malik SİHA istehsalına görə dünyada ilk üç dövlətdən biridir. Bu gün Türkiyə ən müasir texnologiyaya ilə təkmilləşdirilmiş gəmiqayırma sənayesinə malikdir ki, bu sektorun tərsanələrində Mavi Vətən adlandırılan türk dənizlərini qorumaq üçün korvetlər, freqatlar, sualtı qayıqlar, TC Anadolu kimi dünyanın ilk SİHA daşıyan gəmisini, ULAG adlandırılan insansız döyüş qayıqları istehsal edilir.
Bu gün qardaş ölkənin hərbi hava qüvvələri üçün “Bayraktar TB-2” kimi simvola çevriolmiş SİHA-lar daha da müasirləşdirilərək “Bayraqdar TB 3” modeli ilə təyyarədaşıyan gəminin gövdəsində özünə yer almağa çalışır. Son 20 ilin sürətli inkişafının nəticəsidir ki, “Kızılelma” adlı insansız qırıcı istehsalı prosesi uğurla davam etdirilir və bu süni intellektə əsaslanan döyüş vasitəsi yaxın vaxtlarda Türk Silahlı Qüvvələrinin balansına veriləcək. İnşallah, yaxın illərdə Türkiyənin ilk 5-ci nəsil döyüş təyyarəsi də Türkiyə səmalarının keşiyində dayanacaq.

Bir vaxtlar bayaq qeyd etdiyimiz kimi, adi gülləni xaricdən alan türkiyə indi yüzlərlə kilometr məsafə qət edərək hədəfi yüksək dəqiqliklə vuran raketlər istehsal edir. Bunların başında isə uçuş hədəfi 600 kilometr olan hazırda məsafəsi 2-3 dəfə artırılmaqda olan “Tayfun” ballistik raketi dayanır.
Quru qoşunları da hər cür müasir, dəqiq atış vasitələri və müdafiə sistemləri ilə təchiz edilmiş zirehli texnikalarla təchiz olunmaqdadır. Hansı ki, yaxın zamanlarda Quru Qoşunlarının bazasını milli imkanlarla istehsal ediləcək “Altay” tankları qürurlandıracaq.
Bəli, tam 1 ay sonra Türkiyədə seçkilər keçiriləcək. Onillər boyunca ölkəsinə və xalqına heç nə verməyən, Amertika və Avropadan imdad diləyən, bircə dəfə iqtidara gəlib sərvətlərini artırmaq, aldıqları dəstəyin müqabilində Qərbə əvəz ödəmək istəyən Millət İttifaqı ilə bayaqdan qeyd etdiyimiz kimi, Türkiyəni zirvələrə daşıyan Cümhur ittifaqı arasında yarış olacaq və bu prosesdə xalq kimə səs verəcək, bu artıq elə xalqın seçimi olacaq. Məncə, seçicilərin bir vaxtlar Əkrəm İmamoğlunu israrla İstanbula bələdiyyə sədri seçib ağ günə çıxmaq istəyən, amma neçə ildir vəziyyətləri daha da pisləşən istanbullulardan dərs götürməsi gərək olan çox şey var. Türk xalqı isə ədalətli olduğu üçün adil qərar vermək iqtidarındadır. Yaşayarıq, görərik…