Türkiyəyə evlənmək üçün gələn xanımlarımızın 70 faizi hüquqlarını bilmir - Ləman Süleymanlı

13:45 08.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xaricdə yaşayan soydaşlarımız əksər hallarda öz hüquqularını qoruyub, bərpa edə bilmirlər.

Bu fonda miqrasiya və digər problemlər önə çıxır ki, artıq bu istiqamətdə müxtəlif layihələr işlənir.  Belə bir layihə Ankarada yaşayan azərbaycanlı hüquqşünas Ləman Süleymaninin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilir.

Layihənin əhəmiyyəti barədə hafta.az-a müsahibə verən Ləman Süleymanlı bir çox məqamlara diqqət çəkib.

- Ləman xanım, siz Türkiyədə yaşayan azərbaycanlılara hüquqi yardımla bağlı məsləhətlərin verilməsi üzrə yeni layihə həyata keçirirsiz. Belə bir layihənin işlənməsinə zərurət hardan yarandı?

- Əvvəlcə onu qeyd etməliyəm ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların koordinasiya olunması, hüquqlarının qorunması hər zaman aktuallığını saxlayır. Xaricdə yaşayan azərbaycanlı öz dövlətindən kənarda yaşadığı üçün, ona yaşadığı ölkə ilə bağlı daha çox hüquqi bilgilər və hüquqi yardım lazım olur. O, yeni qatıldığı cəmiyyətin qanunlarını yetərincə bilmir. Bu mənada, layihənin işlənməsi çox əhəmiyyətli və yerində atılan addımdır. Bilirik ki, bizim insanlar, yəni azərbaycanlılar iş, ailə qurmaq,  müalicə olunmaq üçün dilimiz, dinimiz bir olan Türkiyəyə daha çox gedirlər. Əksər hallarda soydaşlarımız orada maneəsiz yaşamaq üçün sənədlərini qaydaya sala bilmir, problemlərlə qarşılaşırlar. Bütün hallarda xarici ölkələrə gedən insanlar o yerlərin qayda-qanunlarına uymalı, hüququn tələb etdiyi qaydalara əsasən hərəkət etməlidir. Əksər hallarda soydaşlarımız bu problemlərlə üzləşir. Bizim bu layihə, düşünürəm ki, hüquqi məsləhətlərin verilməsi baxımından çox önəmlidir və artıq biz bunun əhəmiyyətini hiss etməkdəyik.

- Neçə ildir Ankarada yaşayırsınız, bu illər ərzində nələri müşahidə etdiniz? Və belə bir layihə ilə nəyə nail olmaq mümkündür?

 - Səkkiz ildir ki, Türkiyədə yaşayır və Ankara Univesitetində doktorluq üzrə təhsili alıram. Eyni zamanda sosial mediada, əsasən, azərbaycanlıların olduğu qadın qruplarında hüquqi məsləhətlərin verilməsi ilə bağlı fəal iştirak edirdim. Zamanım olduqca qruplarda canlı yayına çıxıb azərbaycanlı soydaşlarımın hüquqları ilə bağlı bütün suallarını cavablandırmağa çalışırdım. Beləliklə, Türkiyənin hər yerindən mənə yazmağa və problemlərini mənimlə bölüşməyə başladılar. Öncə mənə gün ərzində 1-2 Azərbaycan vətandaşı zəng etməyə başlamışdısa, son 1 ildə bu artıq 15-20 nəfərə qədər çoxalmağa başladı. Həm Azərbaycan, həm də Türkiyə hüququnu bilməyim mənim avantajım olduğundan, müraciət edənləri məmnun etməyə çalışırdım. Bilirik ki, bir ölkədən digər ölkəyə köç edənlər köç etdikləri ölkələrin hüquqi prosesləri ilə maraqlanırlar. Bunu adətən, Avropa ölkələrinə köç edən insanlarda görmək olar. Türkiyə üçün bunu demək mümkün deyildir. Türkiyəyə köç edənlər arasında, əsasən, evlilik, iş və sağlıqla bağlı gələnlər çoxluq təşkil edir. Təhsil məqsədilə gələnlər azdan-çoxdan öz hüquqlarından məlumatlıdırlar. Məlumatı olmayanları isə universetlərin tərkibində yerləşən beynəlxalq tələbə bölümləri məlumatlandırır. Yerdə qalan evlilik və çalışmaq üçün gələnlər ən problemli yerimizdir. Özəlliklə evlənmək üçün gələn xanımların haradasa 70%-i öz hüquqlarını belə bilmir. Hansı sənədlərin lazım olduğu, Türkiyədə yaşamaq icazəsi olmadan neçə gün rahat yaşamağın mümkünlüyünü, evlilik üçün gərəkən sənədlərin haradan alındığını bilmirlər, yaxud Azərbaycan vətəndaşı boşanmaq istəyirsə, öz hüquqlarını bilmir, əldə etdikləri mal varlığından ona nə çatacağından xəbərsizdir. Uşaq varsa, uşağın kimdə qalması haqqında belə məlumatsızdırlar. Eləcə də çalışmaq üçün vəd edilib gətirilənlərə də bunu şamil etmək olar. Bu üzdən mən bu 8 ildə gəldiyim və qarşılaşdığım bu problemləri bir layihə halına gətirib, Azərbaycan Diasporasının Dəstək Fonduna müraciət etdim. Və layihə qəbul olundu. Layihə sentiyabrın 1-dən dekabrın 30-dək davam edəcək.

- Təklif etdiyiniz hüquqi yardımdan kimlər yararlanacaq və insanlarımız daha çox hansı suallara cavab almaq istəyirlər?

- Hüquqi yardımdan hər bir Azərbaycan vətəndaşı yararlana bilər. Bizə yeni gələn və ya uzun illər burada yaşayan vətəndaşlarımız müraciət edir. Müraciət edənlərin çoxu burada yaşamaq icazəsinin necə alınacağı və yaxud çalışmaq üçün hansı dövlət orqanlarına müraciət edilməsini bilmək istəyirlər. Eyni zamanda, müalicə üçün gələnlər də burada qanunları pozmadan qalmaq üçün məsləhətlər alırlar. Mənə şəxsən daha çox miqrasiya, sığorta, boşanma və burada daşınmaz mülk alınmanın yollarını öyrənmək istəyənlər müraciət edir. Mən onları lazımi orqanlara istiqamətləndirirəm. Vəkil lazım olanı vəkilə yönləndirirəm. Türkiyədə mənə görə hər xarici vətəndaşın mütləq güvənə biləcəyi bir vəkili olmalıdır, çünkü sən özün öz haqq və hüquqlarını bilmirsən. Sənin vəkilin həyatının hər yanında sənin yanında olur. Necə deyələr, haqq verilmir, alınır. Ən yaralı yerimiz isə burada miqrasiya məsələsidir ki, çoxu bundan xəbərsizdir. Kimə, hara necə müracət edəcəklərini bilmirlər. Məlumatları, demək olar ki, yoxdur. Bu layihənin başlanmasında məqsəd insanları doğru və düzgün məlumatlandırmaqdır.

- Ləman xanım, bilirik ki, Türkiyədə yaşayan bir çox azərbaycanlıların övladları sənədləri qaydasında olmadığına görə məktəbə gedə bilmir, savadsız böyüyürlər. Onların hüquqi problemləri necə həll olunur?

- Bəli,  elə ailələr çoxdur, özəlliklə də İstanbulda.  Ankarada belə halla bu üç ayda bizə müraciət edən olmayıb. Əgər bu baş verərsə, onu Azərbaycan Konsulluğuna istiqamətləndirmənin doğru olduğuna inanıram. Biz Azərbaycan Konsulluğu ilə daim əlaqədəyik. Əgər onların bilməsi gərəkən bir hadisə və ya məsələ varsa, mütləq onları məlumatlandırırıq. Bu layihənin olması o deməkdir ki, Azərbaycan vətəndaşları Türkiyədə öz haqq və hüquqlarından məlumatı vəkildən pul qarşılığında alırsa, bu bilgini bizdən pulsuz əldə edəcək, çünki bir vəkildən şifahi şəkildə əldə etdiyi bilgi üçün ən az 540 tele ödəməlidir. Hələ mən yazılı üçün ödənilən məbləğdən danışmıram. Bu məbləğ burada az pul deyil, ən azından, bir aylıq kirayə pulu qədərdir. Həm də bizim mərkəzə gəlməyə ehtiyac qalmır. Telefon vasitəsilə də məlumat almaq mümkündür. Bu zaman zərfində bu proje sayəsində mən çox sayda Azərbaycan vətəndaşı ilə təmasda olmuşam. Onları gərəkli dövlət orqanlarına yönləndirmişəm. Ümid edirəm ki, bu proje davamlı olar və mən daha çox insana hüquqi yardım etmiş olaram.