Türkün düşməni kimdirsə, İranın dostudur - Nemət Pənahlı

15:53 27.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsini həzm edə bilməyən və var gücü ilə ikilistandartlı çıxışları bu zəfəri kölgəyə salmağa çalışanlar bu gün də həmin mövqedə dayanmaqda davam edirlər. Ermənistanın və onun Qərb, Avropada olan eyni dindən olan havadarlarının Azərbaycana qarşı əks-mövqeləri azmış kimi, bir yandan da bizimlə eyni dindən olan, ərazisində 35 milyondan çox türk yaşayan İranın da Azərbaycana əzələ nümayişi təəssüf doğurur. İran nədən narahatdır? Niyə işğalçı dövlət olan, Azərbaycanda soyqırımlar törədən Ermənistanın yanındadır? Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə bu mövzu ətrafında müzakirə apardıq.

- İranın anti-Azərbaycan xarakterli hərbi təlimlərinin arxasında hansı məqsəd dayanır?

- İran sərhəddə əzələ nümayiş etdirir.  Azərbaycan İrana bir müsəlman, bir qonşu ölkə kimi nə qədər insani münasibət göstərsə də, bu ölkə bir o qədər bizə düşmənçilik nümayiş etdirib. İran tarixboyu türkü özünün bir nömrəli düşməni hesab edib.  İranda “Türkün düşməni kimdirsə, İranın dostudur” prinsipi işləyir. Biz də hər şeyin adını olduğu kimi çağırmağı bacarmalıyıq.

Tarix elə gətirdi ki, 1990-cı ildən sonra, 20 Yanvar faciəsini BMT-yə çatdırmaq məqsədilə İrana, oradan isə Türkiyəyə keçməliydim. Təbrizə keçəndə Azərbaycanda hər tərəf qaraya bürünmüşdü, hər yerdə qara bayraqlar  var idi.  Təbrizdə də o qara bayraqları, hər yerin qan ağladığını gördüm. Elə bildim, Təbriz Bakıya yas saxlayır. Yaxından tanış olanda gördüm ki, Təbrizin dərdi Bakının dərdindən min dəfə böyükdür. Orada, İran Etelatının əlinə keçdim. Molla rejiminin riyakarlığını, cinayətkarlığını görüb, “rusa, erməniyə şükür” dedim.

Ayyarım mənimlə danşıq apardılar. Mənimlə Tehrandan gələnlər danışırdılar. Məndən soruşdular ki, nəyə ehtiyacınız var? Deyirəm ki, Qarabağı müdafiə etmək üçün silaha, hər bir dəstəyə ehtiyacımız var, siz nə edə bilərsiniz? Bunun qarşılığında mənə təklif edirlər ki, televizora çıxıb deməliyəm ki, bizim apardığımız Milli  Azadlıq Hərəkatı deyil, Xomeyni hərəkatıdır, “Biz Allahu-Əkbər, Xomeyni rəhbər deyirik”, biz də istəyirik ki, Azərbaycanda İran İslam rejimini yaradaq. Təklif etdilər ki, əgər bunu deyirsənsə, biz də onminlərlə adamı təlimatlandırıb, silah-sursatla təmin edib, məşq keçib sizə köməyə göndərək. Sonra dedilər ki, sənin danışdıqların milyonlarla kasetə yazılıb hər bir azərbaycanlının evinə gedəcək. İranda televiziya açmağı təklif etdilər, bir şərtlə ki, "Milli Azadlıq" sözünü dilimə gətirmirəm, müstəqillikdən söhbət etmirəm. Deyirəm ki, biz İslam dövləti qurmaq istəyirik. Əlbəttə, buna qəti etiraz etdim. Dörd ay yarım imkan vermədilər Türkiyəyə keçəm. İranın molla rejimi bu gün də eyni siyasəti davam etdirir. İnanclı insanlar ehtiyatlı, diqqətli olmalıdırlar...

- İranın təsiri altında olan, bu ölkənin müxtəlif mənbələrindən maliyyə alan iranmeyilli "5-ci kolon"un mövcudluğundan danışa bilərikmi? 

- İnanclı insanlar anlasınlar ki, dünyada ən böyük təhlükə qüvvə inancından tora düşənlərdir. Yəni muzdlu insanlar həyatı təhlükə altına düşən hər şeydən imtina edirlər. İnanclı insanlar, aldanmış insanlar ölümədək gedirlər. İran mollaları belələrinin beyinlərini yumaqla, maliyyələşdirməklə Azərbaycan daxilində öz dayaq nöqtələrini formalaşdırır, təxribatlar üçün plasdarm hazırlayırlar. Bu şəbəkə ifşa olunmalıdır, onların fəalları Azərbaycan cəmiyyətinə təqdim edilməli və ən sərt şəkildə qınaq obyektinə çevrilməlidirlər.

İran Azərbaycanda cahil,  xurafat təfəkkürü ilə yaşayan, elmi, dini bilgisi olmayan, ancaq inancı olan kütləni özünə tərəf çəkdi. İndi din adından çıxış edənlərə baxın. Səviyyəsiz, şəxsiyyətsiz, mənəviyyatsız, başına əmmamə qoyub öz dövlətinə düşmən kəsilib.  Bir anlıq düşünün, ey inanclı insanlar, İslamın prinsipləri var. İslamda deyilir ki, sən gedib qəsb edilmiş torpaqda namaz qıla bilməzsən. Azərbaycanın təriqəti İslamdır, məzhəb baxımından isə şiəyik. Xristian ölkə tərəfindən təcavüzə məruz qalmısan, amma İran sənə dəstək vermədi. Xocalı faciəsi Kərbəla faciəsindən daha dəhşətlidir. Xocalı faciəsini, bəşəri cinayət törədən xəstə  ermənini İran 30 ildə dəstəkləyib, silahı, sursatı, təlimatı, ərzağı ilə onun yanında olub.  Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə İran ermənidən betər özünü həlak edir. Fransa ermənidən betər erməni olub, torpaqlarımızı işğaldan azad etdiyinə görə bizə meydan sulayır. İran bəhanə edir ki, bura beynəlxalq sionizm, yəhudi gəlir.  Soruşan lazımdır: yəhudi sənin torpağını işğal edib?! Yox! Amma sən mənim torpağımı işğal edən ermənini 30 il dəstəkləmisən.  Ermənilərin viran qoyduğu Qarabağ torpaqlarının daşını, dirəyini söküb aparıbsınız. Bunu həmin molla rejimi edib. Allahsız, ateist sovet rejimi insanları  dindən bu qədər çıxarmadı ki, İran insanları dinsiz elədi. Yüzlərlə insan tanıyram ki, İranın maskaları açılandan sonra İrana xidmətdən imtina etdilər. İrana xidmət etməkdən imtina etməyənlər muzdlulardır, agenturadır.

- Onları tanıyırıqmı və yaxud onlar necə ifşa olunmalıdır?

- Dövlətin Milli Təhlükəsizlik Xidməti  mütləq tanımalıdır. Bunun başında duranlar bəllidir.  Əgər bir insan müctəhidi təqlid etdiyini deyirsə, bu o deməkdir ki, müctəhid nə fitfa versə, onu icra etməlidir.

- İranın Azərbaycana qarşı hədələrlə çıxış etməsi, “Ermənistanın ərazi bütövlüyü qırmızı xəttimizdir” deməsi, “Zəngəzur dəhlizinin” açılmasına etirazı, yaxud Türkiyə Prezidentinin Azərbaycana səfəri ərəfəsində İran rəsmisinin Ermənistana səfəri və oradan verdiyi mesajlar hansı məqsədlərə xidmət edir?

- İranın əhalisinin 60 faizə yaxını türkdür. Bunun 35 milyondan yuxarısı azərbaycanlıdır. İran rejimi Allahın bir millətə verdiyi bütün haqlarını əlindən alıb. Bir milləti millət edən onun dilidirsə,  İran onun dilini də əlindən alıb. Bilirlər ki, Şimali Azərbaycan nə qədər gücləndisə, qüdrətləndisə,  onun üçün təhlükədir və düşünür ki, Güney Azərbaycanı artıq saxlaya biməyəcək. Güney Azərbaycanın haqlarına, hüquqlarına bu qədər təcavüz edə bilməyəcək. Ona görə düşünür ki, Azərbaycanı məhv etməlidir ki, Cənubi Azərbaycanı saxlasın.  İndi də Azərbaycan-Türkiyə qardaşlığı var və faktiki olaraq, bir millət,  bir dövlət, Turan siyasəti aparır. İran burada özünün ölümünü görür. Başa düşür ki, Azərbaycan güclənirsə, Güney Azərbaycan mütləq öz azadlığına qovuşacaq. Öz haqlarına sahib çıxacaq. İranın qarnının ağrısı budur.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etdi. Bu həmin ərəfədə baş verdi ki, İran Arazın üzərində hərbi təlimlər keçir, Arazın üzərindən körpü salır, bizə “Azərbaycana hücum edə bilərik” hədələrini sızdırırdı. Türkiyə başqanının Azərbaycanda olması və çıxışları İrana hansı mesajı verdi?

- Bu, İranı vahiməyə saldı. “Azərbaycanla Türkiyə birliyinin qarşısında İranın at oynatmaq imkanı yoxdur”,  - dedi.  İran nə Amerikanı, nə Fransanı, nə bütpərəsti, nə də yəhudini özünə düşmən saymır. Bunun mübarizəsi əhli-sünnəyə qarşıdır. İslam aləmində isə onun əhli-sünnəyə nifrətinin kökündə  türkə nifrət dayanıb. Türk dünyasının bir araya gəlməsi İranı vahiməyə salıb. Yaxşı, İran Ordusu  Arazı necə keçə bilər? Azərbaycan Ordusu yatıb ki?! İkincisi, İranın yaşamasının bir yolu var - bu da türklə, Azərbaycanla münasibətlərində ədalətli olmasıdır. İran bizə qardaşlıq mübadiləsi edərək yaşaya bilər,  əks halda, tənəzzülə gedəcək. Sən fars olduğun kimi, mən də türkəm. Sənin fars kimi danışmaq haqqındır, mənim də türk kimi danışmaq haqqımdır.  Necə olur, mən öz dilimdə danışmaq istəyəndə şovinist oluram, sən beynəlmiləlçi?! İranın türkə xəyanəti bumeranq kimi onun başında çatlayacaq. Onun bu xisləti Azərbaycanı gerçək mənada ayıltdı.

- İranda baş verən hadisələri, kütləvi aksiyaları bu ayılma prosesi ilə əlaqələndirmək olarmı?

- Bu, İranda edilən zülmün nəticəsidir. Ölkələr  qılıncla fəth edilə bilər, ancaq ölkə qılıncla, zorla idarə edilə biməz. Bu, İran İslam rejiminin mahiyyətinin nəticəsidir. İslamda zorakılıq yoxdur. Kütləvi iğtişaşlar İranın sonunu yaxınlaşdırır...