“Üç dövlət, bir millət” deyiminin reallaşması üçün konkret addımlar atılmalıdır” – Xarici İşlər Naziri (EKSKLÜZİV)

09:00 06.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Cümhuriyyəti deyəndə ağlımıza yaxın keçmişdə yunan separtizminin qurbanı olmuş, çox sayda şəhid vermiş və Türkiyə ordusunun müdaxiləsi sayəsində kütləvi qırğınlardan qurtulan, amma onillərdir dünya birliyi tərəfindən haqsız və bilincli şəkildə təcrid edilmiş Kıprıs türk xalqı və qanları bahasına qurub yaratdıqları “Yavru Vətən” gəlir. Sonuncu dəfə 2005-ci ildə olmuşam bu ölkədə - birbaşa təyyarə səfərində. Bizi kül-çiçəklə, oynaq şarkılarla qarşıladılar. Çünki daha bir qardaş ölkə tərfindən tanınacaqlarına inanırdılar, təəssüf.

Yeri gəlmişkən, son vaxtlar, xüsusilə də parlaq zəfərimizlə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın, hətta digər türk ölkələrinin də, Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıya biləcəyinə dair söz-söhbətlər artıb. Hər kəs hesab edir ki, ən azından “Yavru Vətən”i ədalətsiz təcrid vəziyyətindən çıxarmaq üçün iqtisadi-ticarət əlaqələrini artırmaq kimi layihələr həyata keçirmək olar. Amma təbii ki, qərarı verən mənim kimi sadə insanlar deyil, hökumətlərdir.

Qardaş Kıprıs xalqının və dövlətinin uzun zamandır gözümüzdən uzaq qalmış gerçəkliklərini oxucularımıza yenidən xatırlatmaq məqsədilə Şimali Kipr Türk Respublikasının Xarici İşlər naziri cənab Tahsin Ərtuğruloğlu ilə həmsöhbət olmaq istədim. Xeyli müddət çalışdım, Kıprısda hökumət qurulması kimi presudurlar üzündən bir az gec qaldıq. Amma hər halda, cənab Ərtuğruloğlu “Həftə içi”nə eksklüziv müsahibə verməyə razı oldu. Soruşacaqsınız ki, nədən danışdıq, gəlin nazirlə müsahibəmizi birlikdə oxuyaq:

- Azərbaycan Kıprıs türkləri üçün özəl və çox mühüm qardaş ölkədir. Əminəm ki, Azərbaycan Respublikası ərazisində 30 ildir davam edən işğalın parlaq qələbə ilə sonlandırılması yaxın gələcəkdə ölkələrimiz arasında əməkdaşlıq imkanlarını daha da artıracaq. Qardaş ölkəmiz Azərbaycanı və böyük dastan yazaraq Qarabağı azad edən azərbaycanlı qardaşlarımızı bu böyük qələbə münasibətilə bir daha təbrik edirəm. Biz iki ölkə arasında mövcud münasibətləri daha da gücləndirmək və ölkələrimiz, xalqlarınmız arasında təmasların mütəmadi hal almasını arzulayırıq. Qarabağda qələbəsi ilə Azərbaycanın yolu açıldı və ümid edirik ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələr bundan sonra da genişlənəcək.

Bu arada qeyd edim ki, 20 iyul Sülh və Azadlıq Gününün 47-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə gələrək bir sıra görüşlər keçirib, müzakirələr aparıblar. Sözügedən səfər bir-birimizi daha yaxından tanımağımıza şərait yaratdı və qonaqlarımız ölkəmizi şəxsən gəzərək gördülər, bizdən yerindəcə məlumatlar aldılar. Şübhəsiz ki, iki qardaş ölkə arasında dostluq körpüsünün möhkəmlənməsi və inkişafı baxımından belə səfərlərin böyük əhəmiyyəti var. Biz Şimali Kipr Türk Respublikasına bu cür səfərləri alqışlayırıq.

- Hörmətli nazir, ölkələrimiz fərqli olsa da, eyni millətik – türkük. Bu baxımdan dövlətlərimiz arasında siyasi, iqtisadi, ticarət əlaqələri genişləndirilməli, vətəndaşlarımız qarşılıqlı səfərlərin sayını artırmalıdırlar. Bu müstəvidə siz nə deyə bilərsiniz?

- Bəli, “Üç dövlət, bir millət” deyiminin reallaşması üçün konkret addımlar atılmalıdır. Qarşılıqlı səfərlərin sayı artırılmalı, siyasətçilər, iş adamları, qeyri-hökumət təşkilatları, idmançılar, sənətçilər – hər kəs bir-biri ilə əlaqə saxlamalı, iki dövlət arasında ticarət, turizm, təhsil sahəsində əməkdaşlıq üzərində iş aparılmalıdır. İnanıram ki, bu və buna bənzər istiqamətdə atılacaq addımlarla əlaqələri irəli aparmaq mümkündür. Sevindirici haldır ki, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq müstəvilərdə Azərbaycanın hakimiyyət orqanları ilə mütəmadi əlaqə saxlayırıq.

Şimali Kipr Türk Respublikası İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvüdür. Bu çərçivədə biz hər iki beynəlxalq təşkilatın tədbirlərinə ev sahibliyi etməkdəyik və bununla əlaqədar olaraq müxtəlif ölkələrdən gələn qonaqlarımızı da ölkəmizdə qəbul edirik. Təbii ki, azərbaycanlı qardaşlarımızı da ölkəmizdə qonaq etməkdən hər zaman məmnunuq.

- İki dəfə Şimali Kipr Türk Respublikasında olmuş bir jurnalist kimi bilirəm ki, sitrus meyvələriniz, kartofunuz, tərəvəzləriniz çox keyfiyyətlidir, dəniz məhsullarınız isə bir başqa aləmdir. Ölkələrimiz arasında ikitərəfli ticarətlə bağlı fikirləriniz necədir?

- İki ölkənin Ticarət və Sənaye Palatalarının nümayəndələri Bakıdakı Nümayəndəliyimizin dəstəyi ilə mümkün əməkdaşlıq kanalları üzərində işləyirlər. Təbii ki, Şimali Kipr Türk Respublikasının yerli məhsullarını Azərbaycan bazarında görməkdən şad olarıq. Eləcə də Azərbaycan məhsullarını ölkəmizdə də xalqımıza təqdim etmək çox vacibdir. Dövlətimiz kommersiya əlaqələrinin inkişafı və daha səmərəli olması üçün əlindən gələni edir. Kıprıs şirkətləri beynəlxalq yarmarkalara qatılır, öz məhsullarını təbliğ edir, işgüzar əlaqələr yaradır və sair. Elə bu məqsədlə də Azərbaycan iş adamlarını ölkəmizə dəvət etmək istəyirəm.

- Yunanıstan və Kipr yunanlarının, yəni rumların sizə münasibəti necədir?

- Rumlar və yunanıstanlılar Kipr türklərinin varlığına qəbul edə bilmədiklərinə görə, Şimali Kipr Türk Cümhuriyyətinin adını eşitməyə dözmürlər. İştirak etdiyimiz platformalarda Kıprıs Türk xalqının haqq davasını və varlıq mübarizəsini izah edirik. Bunu indi çəkəcəyim misaldan daha aydın başa düşə bilərsiniz: İştirak etdiyimiz Krans Montana Forumu toplantılarının birində Yunanıstan nümayəndə heyəti bizdən şikayət etdi. Bildirdlər ki, biz iclasdan kənarlaşdırılmasaq, iclası tərk edəcəklər. Ancaq təşkilat komitəsinin cavabı belə oldu ki, “Kıprıs türkləri bütün proqramlarda iştirak edir və onları yaxından izləyirlər, heç kimlə problemləri yoxdur. Təbii ki, getmək istəyirsənsə, bu qərar sənindir, amma kimlər gedirsə, elə özləri də uduzur”. Nəticədə Yunanıstan nümayəndə heyəti iclası tərk etdi. İcmalararası danışıqlar əlli ildən çox davam etdi və Kipr probleminin həlli üçün səylər hər dəfə uğursuz oldu. Kipr məsələsində tərəflər arasında bərabərsizlik davam etdikcə, yunan tərəfinə qondarma “Kipr Respublikası dövləti”, türk tərəfinə isə bu qondarma dövlət daxilində “cəmiyyət” kimi rəftar olunduqca, Kipr problemi həll olunmamış qalmağa məhkumdur. Onu da qeyd edim ki, bu status beynəlxalq ictimaiyyət tərəfindən yunan Kiprinə verilib. Odur ki, bu mərhələdə məsuliyyət Kiprdəki tərəflərin statusunu yenidən müəyyənləşdirərək yeni səhifə açması lazım olan beynəlxalq aktyorların üzərinə düşür.

Kiprə gəlincə, top beynəlxalq ictimaiyyətin meydanındadır. Beynəlxalq birlik ya Kıprıs türklərinə qarşı 60 ildir davam edən təcrid siyasətini davam etdirib-etdirməyəcəyinə, ya da bu ədalətsizliyə son qoyub, məsələni Kipr reallıqlarına uyğun, yeni yanaşma ilə gündəmə gətirib-gətirməyəcəyinə qərar verəcək. Adada iki xalq, iki ayrı dövlət, hüquq və suverenlik var. Yunan Kiprinə “Kipr Respublikası”, Kipr türklərinə isə bu qondarma dövlətin tərkib hissəsi kimi baxıldığı müddətdə, adada heç bir yeni təşəbbüsdən və ya danışıqlar prosesindən söhbət belə gedə bilməz. Danılmaz faktdır ki, bu gün adada Kipr türk xalqına məxsus dövlət mövcuddur.

- Kipr probleminin həllini necə görürsünüz?

- Bilirsiniz, 50 ildən çox müzakirə edilən “iki icmalı, iki zonalı federasiya modeli” 2017-ci ildə Krans Montanada başa çatdı. Kipr türk tərəfi 27-29 aprel 2021-ci il tarixlərində Cenevrədə keçirilən 5+ Birləşmiş Millətlər Təşkilatının qeyri-rəsmi toplantısında iki dövlətin suveren bərabərliyi və bərabər beynəlxalq statusu əsasında, mövcud faktlara əsaslanaraq həllə nail olmağa razılaşdı. Ada və iki tərəfin əməkdaşlığı, Kipr mövzusunda razılığa gələ bilmək üçün yeni hədəflərini irəli aparmaqda qərarlıdır. Cenevrə keçirilən görüşdən sonra BMT-nin baş katibi də Kipr probleminin həlli üçün rəsmən danışıqlara başlamaq üçün ümumi əsasın olmadığını bildirib. Odur ki, biz bundan sonra əsas siyasət olaraq adada iki suveren və bərabərhüquqlu dövlətin, bərabər beynəlxalq statusun mövcudluğu mövqeyindən çıxış edəcəyik. Kiprlə bağlı gələcəkdə hansısa yeni danışıqlar prosesi başladılarsa, bu, yalnız iki suveren, bərabərhüquqlu dövlət və bərabər beynəlxalq status şəraitində mümkündür. Biz heç vaxt bu mövqeyimizdən geri çəkilməyəcəyik.