Ukrayna böyük müharibəyə hazırlaşır – HƏDƏFLƏRİ...

19:03 14.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Hazırda Ukraynada ölkənin cənubu, Donbas və Krımı azad etmək uğrunda böyük müharibəyə hazırlıq gedir. Rəsmi Kiyev Qərbdən, ABŞ və NATO ölkələrindən gözlədiyi yardımları, silah və texnikaları almaqda davam edir. Amma yeni silah və texnikalar ən son nəsil texnologiyalar üzrə hazırlanmış mürəkkəb qurğular olduğundan hərbi poliqonlarda, ərazi müdafiə birləşmələrində onların öyrənilməsi və onlardan bacarıqla istifadənin mənimsənilməsi prosesi gedir”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri  olan hərbi ekspert Elxan Nuriyev “Hazırda Ukraynadakı hərbi-siyasi durumu necə dəyərləndirirsiz?” sualını cavablandırarkən söyləyib.

“Yəni Ukrayna tərəfi ciddi fədakarlıqla mükəmməl yeni savaş, böyük döyüşlər mərhələsinə hazırlıq görür. Bu mənada genişmiqyaslı əməliyyatlarda baş verən indiki pauza hardasa Ukraynaya daha çox sərf edir. Halbuki, həmin pauza onunla bağlıdır ki, Rusiya tərəfinin şəxsi heyətinin komplektləşdirilməsində çox ciddi problemlər yaranıb. Bizdə olan, eləcə də xarici kəşfiyyatların əldə etdiyi məlumatlara görə, Rusiyada döyüşlərdə iştirak etmiş müqaviləli peşəkar hərbçilərin 40 faizdən çoxu Ukraynaya təkrar döyüşlərə qayıtmaqdan imtina edir. Rusiya dövləti tərəfindən buna görə onlara cinayət işi qaldırılmasıyla qorxu tətbiq edilir, eyni zamanda, əksinə, maaşlarının qaldırılmasıyla bağlı təkliflər də olunur. Lakin bizdə olan məlumata görə, Rusiya hərbçilərinin xeylisi hətta həbs olunmağı döyüşə yollanmaqdan üstün tutur. Bir sözlə, düşmən tərəfinin problemləri qat-qat çoxdur. Ukrayna tərəfi isə artıq mənəvi baxımdan qalibdir, ancaq həmin qələbəni həm də fizikiləşdirmək istəyindədir” – deyə ekspert açıqlamasının davamında vurğulayıb.