Ukrayna “bufer zona”nı daha da genişləndirəcək - Elxan Nuriyev  

14:10 31.08.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynada yaşayıb fəaliyyət göstərən, Ukrayna Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, hərbi-siyasi ekspert, polkovnik Elxan Nuriyevlə hafta.az üçün budəfəki söhbətimizdə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin xeyli hissəsini nəzarətə götürməsi, yəni oradakı uğurları fonunda Rusiya ordusunun Donbasda, xüsusən də Pokrovsk şəhəri istiqamətində irəliləməsi və yaşayış məntəqələrini ard-arda işğal etməsi, Ukraynanın Kursk atom elektrik stansiyasını nəzarətə götürmək niyyətinin olub-olmaması, Ukrayna ordusu tərəfindən Rusiya ərazisində Kursk vilayətindən yaradılmasına başlanılan “bufer zonası”nın digər vilayətlərin ərazisi hesabına da genişləndirilməsi ehtimalı və s. mövzuları müzakirə etməyə çalışdıq.

-Elxan bəy, avqustun 26-dan 27-ə keçən gecə Ukraynaya, xüsusən də Kiyev vilayətinə sonuncu kütləvi raket və dron hücumunun nəticələri haqda hansı məlumatlar var?

-Hələ ki, informasiyalar  tam açıqlanmayıb. Krivoy Roq şəhərində bir mehmanxananın vurulduğu bildirilir. İki nəfər həlak olub, iki nəfər isə itkin düşüb, yəqin ki, uçqunlar altda qalıb. Hələ tam dəqiq məlumatlar açıqlanmır. Görünür, müvafiq qurumlar düşmən tərəfin nələrisə bilməsini istəmirlər. Amma bilirik ki, həmin gecə Ukraynaya atılan raketlərin sayı az olub, dronlar çox olub...

-Ukrayna ordusunun Kursk vilayətinin xeyli hissəsini nəzarətə götürməsindən sonra  Kremlə bağlı bəzi kanallar belə bir versiyalar da səsləndirməyə başladı ki, hər şey Putinin planı üzrə gedir və Ukrayna Kurska daxil olmaqla  əslində özünü tələyə salıb. Tezliklə Rusiya bunun əvəzini beşqat çıxacaq. Sizcə, tutaq ki, belə bir plan var, bu halda Rusiya ordusu Ukrayna ordusuna qarşı taktiki və strateji baxımdan uğurlu nə edə bilər?

-Putin indiyə qədər nəyi bacarıbsa, edib. Rusiya Ukrayna xalqına qarşı nüvə silahından başqa, əlində olan bütün silahlardan istifadə edib. Məsələn, avqustun 25-dən-26-a keçən gecəki kütləvi raket və dron hücumu, necə deyərlər, planlı hücumlardan biri oldu... Putin Ukrayna adında dövlətin və Ukrayna adında xalqın, millətin olmadığını iddia edir ki, bu da çox gülünc görsənir. O ki qaldı yanlış baxış və düşüncələrə,təbii ki, bütün bunlar zəif və məntiqsiz düşüncələrin məhsuludur. Mövcud gerçəklik isə ondan ibarətdir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin 4 faizə yaxın ərazisini nəzarətə götürüblər və getdikcə həmin ərazini genişləndirirlər...

Bilirsiz, ümumiyyətlə, Rusiya dövləti, onun Silahlı Qüvvələri çox gülünc bir duruma düşüb... Deməli, Rusiya tərəfdə “Arbat” adlı erməni taboru var ki, bu günlərdə onun komandiri olan Armen Sərkisyan Kursk vilayəti ərazisində - Ukrayna ordusundan 15-16 km aralıda meşənin içərisində 4-5 evlik bir xutorda evlərdən birini yandıraraq video-çəkiliş aparır və deyir: “Biz - “Arbat” taboru bu kəndi Ukrayna işğalçılarından azad etdik”. Halbuki, xəritədə baxsaq, görərik ki, erməni komandirin göstərdiyi Nijnaya Polyana kəndi Ukrayna qoşunlarından, dediyim kimi, 15-16 km məsafədədir və Ukrayna hərbçiləri hələ oraya gedib çatmayıb. Rusiya tükənir, tükənməkdədir. Təbii ki, Kreml bu gün iki müharibə aparır. Biri doğrudan da real savaşdır, yerüstü bir savaşdır ki, orada itkiləri həddindən artıq çoxdur. Bir də var, öz ictimaiyyətinə, dünya ictimaiyyətinə, o cümlədən postsovet məkanına təqdim etmək istədiyi informasiya müharibəsi... Həmin informasiya savaşında Kremlin müəyyən uğurları var.  Bununla mən demək istəmirəm ki, Rusiya ordusunun, Pokrovsk, Toretsk, Solidovo istiqamətində uğurları yoxdur. Var, təbii ki... Amma nəyin hesabına?.. Söhbət bundan gedir. Və təbii ki, bu gedişlə Rusiya, onun Silahlı Qüvvələri uzun müddət duruş gətirə bilməz. Ukrayna, onun ordusu isə Kursk vilayətinin  xeyli hissəsini nəzarətə almaqla bütün dünyaya, xüsusən də Putindən hələ də qorxan Qərb müttəfiqlərimizə göstərdi ki, Rusiya ilə döyüşmək, onun ərazisində də hərbi əməliyyatlar keçirmək olar. Bütün bunları Qərbdəki müttəfiqlərimizə göstərərək biz tələb edirik ki, bizə silah vermisinizsə, icazə verin, ondan Rusiyanın uzaq hərbi obyektlərini vurmaq üçün də istifadə edək. Yoxsa Qərbin bizdən tələbləri ona bənzəyir ki, komandaya futbol stadionunun ikinci yarısına keçmək qadağan olunur, amma qol vurmaq və sonda qalib olmaq tələb edilir. Təbii ki, bu yanaşma da öz məfi nəticələrini verir. Ona görə də Ukraynanın başqa əlacı yoxdur və özü öz gücü, potensialı hesabına əlindən gələni etməyə çalışır. Mən özüm də bir hərbi sənaye kompleksi mütəxəssisi kimi bildirirəm ki, Ukraynanın Hərbi Sənaye Kompleksi ola bilsin, bir az ləng, amma hərtərəfli, kompleks şəkildə işə salınıb – ölkə bütün çətinliklərə rəğmən öz silahlarını özü istehsal etmək məcburiyyətində qalıb. Kifayət qədər keyfiyyətli silahlar istehsal edilir. Amma təəssüf ki, hələ də sayı azdır. Lakin getdikcə temp artır və bizim bu mənada xüsusi bir təlaş və təşvişimiz yoxdur...

-Ancaq ortalıqda bir danılmaz gerçəklik də var ki, Rusiya Kurskdan Ukrayna qoşunlarını çıxara bilmir, amma əvəzində Ukrayna ordusu da onu Donbasda, xüsusən, sizin də qeyd etdiyiniz kimi, Pokrovsk istiqamətində durdura bilmir, yaşayış məntəqələri ard-arda işğal edilir...

- Putin Donetskdəki həmin hücumları Ukrayna qoşunlarını Kursk ərazisinə buraxmadan təşkil edə bilməzdi? Rus ordusunun özündə bir sabotaj da hiss olunur. Amma, sözsüz ki, müəyyən muzdla, yəni pulla döyüşən döyüşçü qruplar var ki, onlar Pokrovsk istiqamətində irəliləyə bilirlər... Lakin bu heç də o demək deyil ki, Rusiya ordusu elə bu saat Pokrovsk şəhərini işğal edəcək.Sizinlə müsahibəyə başlamamışdan az öncə müəyyən vasitələrlə baxdım ki,  rusların ən ön cərgələri, səngərləri Pokrovskin şərq tərəfindəki məhəllələrdən 11, 4 km məsafədədir. Hələ həmin 11, 4 kilometri keçmək lazımdır və bunun üçün xeyli itki də verməli olacaqlar. Ukrayna komandanlığı həmin istiqamətə seçmə qoşunlar göndərir. Nədənsə “Putin hər şeyi bilir, hər şey onun planı üzrə gedir” deyənlər onu da demirlər ki, Xarkov istiqamətində Ukraynanın əslində hamının “Azov” adlandırdığı 3-cü əlahiddə hücüm briqadası iki istiqamətdə, o cümlədən Luqansk istiqamətində irəliləyiblər.

- Ukrayna ordusunun Rusiyanın Kursk vilayətindəki Kursk atom elektrik stansiyasını (AES) nəzarətə götürmək niyyəti varmı?

-Kursk atom elektrik stansiyası köhnə tipli bir stansiyadır, 2 GVatt gücündədir. Bu mənada Çernobıl AES-in eynisidir və ona görə də təhlükəlidir. Onun texniki baxımdan müdafiə və mühafizəsi də çox zəifdir. Yəni biz Kursk AES-i Zaporojye AES-lə müqayisə edə bilmərik. Çünki 70-ci illərin ortalarında tikilmiş Kursk tipli stansiyaların elementar bir zədə alması Çernobılda olduğu kimi, izotopların, radionukleidlərin havaya dağılmasıyla nəticələnə və oxşar faciə təkrarlana  bilər...

Ukraynanın həmin AES-i nəzarətə götürmək niyyəti əvvəlcədən də olmayıb, yəqin ki, bundan sonra da olmayacaq. Yəni, Ukrayna belə bir məsuliyyəti boynuna götürmək niyyətində deyil. Rusiyanın guya, Ukraynanın Kursk atom elektrik stansiyasını (AES) götürəcəyi, dağıdacağı haqda yaydığı xəbərlərə gəldikdə, bunlar hamısı nağıldan başqa bir şey deyil. Guya Ukraynanın Kursk AES-i dağıtma imkanı yoxdur? Təbii ki, var. Amma təbii ki, bizim dinc əhali ilə işimiz yoxdur.

Hazırda Rusiyanın daxilində də ciddi hadisələr baş verir. Çox təəssüf ki, Qərb hələ də  bəlkə Moskva ilə həddindən artıq ehtiyatla davranır. Yəqin ki, bu, kənardan da hiss olunur.Sözsüz ki, əgər  ABŞ və Avropa vaxtında Ukraynaya özünün öldürücü, yandırıcı, kasset silahlarından istifadə etməyə imkan versəydi, bu gün Rusiyanın heç bir uğurundan da söhbət gedə bilməzdi... 

Ukrayna tərəfi sadəcə olaraq, əvvəlki söhbətlərimizdə də qeyd etdiyimiz kimi, Rusiya ilə öz arasında “bufer zonası” yaratmaq istəyində olub və bunu da yaratdı. Həmçinin Silahlı Qüvələrimiz Tyotkino qəsəbəsi və Seym kəndi yaxınlığında 3 körpünü partladaraq Xarkov və Sumı vilayətlərinin təhlükəsizliyini təmin etmək istəyiblər. Hazırda Rusiyanın çox böyük bir qruplaşması mühasirədə qalıb. Hələlik rus hərbçiləri yerli mağazaları, sakinlərin evlərini, təsərrüfatlarını talayaraq birtəhər dolanırlar. Amma çox yaxın günlərin məsələsidir ki, onlar ya Ukrayna Silahlı Qüvvələrinə təslim olmalı, ya da məhv olmalıdırlar. Artıq insayder məlumatlardan Rusiya hərbçilərinin  kiçik qruplarla təslim olduğu bilinməkdədir. Ancaq hələ ki, hamısının təslim olması haqda informasiya yoxdur... Bu da o deməkdir ki, Ukrayna Kursk ərazisini yalnız Rusiya ilə sərhədə yaxın ərazilərin, iri şəhərlərin, o cümlədən vilayət mərkəzlərinin təhlükəsizliyini təmin etmək üçün nəzarətə götürüb.

-Necə düşünürsüz, Rusiyanın “Telegram” kanalının qurucusu Pavel Durovun həbsinin Ukrayna üçün bir isti-soyuğu varmı?

-Pavel Durovun həbsinin Ukrayna üçün soyuğu yoxdur, təbii ki... Amma istisi ondan ibarətdir ki,  Durovun yaradıcısı və sahibi olduğu “Telegram” Rusiyanın  Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarının əsas istifadə etdiyi sosial şəbəkədir – kanaldır. Bir müddət əvvəl Ukraynada belə bir qanun layihəsi var idi ki, “Telegram”, ümumiyyətlə, Ukrayna ərazisində qapadılsın. Lakin sonradan Ukraynanın demokratik ölkə, cəmiyyət olduğunu və düşmən haqqında bəzi məlumatları məhz həmin şəbəkə vasitəsilə aldığımızı nəzərə alaraq təxirə salındı. Həmin qanun layihəsi ötən ildən hazırlanıb və orada Çinin “Tik-tok” şəbəkəsinin də qadağan olunması təklif edilir.

-Elxan bəy, Rusiya ərazisində Kursk vilayətindən başlanan Ukrayna üçün “bufer zonası”nın Ukrayna Silahlı Qüvvələri tərəfindən digər vilayətlərin ərazisi hesabına da genişləndirilməsi ehtimalı varmı?

-Hökmən var. Və bu, baş verəcək, hətta baş verməkdədir. Sadəcə, dediyim kimi, mənim də üzvü olduğum Müdafiə Nazirliyi yanındakı İctimai Şurada məsələ qaldırmışıq ki, informasiya gigiyenası olmalıdır. Hər hansı bir məntəqəni nəzarətə götürürük, yerləşirik, əməlli-başlı loqistikanı təmin edirik və yalnız bundan sonra bu haqda rəsmin informasiya yayırıq. Amma “bufer zona”nın genişləndirilməsi ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Bryansk vilayətləri istiqamətində xüsusi zərbə qruplarının fəaliyyəti olur və olacaqdır. Amma genişlənmə yanlara doğru olacaq. Rusiyanın daxilinə- şimala doğru getməyə hələlik ehtiyac yoxdur. Çünki bu halda həm də loqistik qanunlar pozulur; yəni təminat, təchizat məsələlərində problem yarana bilər. Biz insanlarımızı qorumalıyıq, yaşayış məntəqələrimizi qorumalıyıq. Buna həm də ona görə son dərəcədə məcburuq ki,  Qərb hələ də öz uzaqvuran silahlarından düşmən ərazisində istifadə etməyə icazə vermir. Əslində artıq yeniliklər var, sadəcə, dediyim kimi, Ukrayna Silahlı Qüvvələri komandanlığı, onun mətbuat xidməti və strateji kommunikasiyaları məlumatları təxminən 5 gün, bir həftə gecikməklə rəsmən ictimaiyyətə təqdim edirlər...