Ukrayna “gülləsi” ilə 4-5 “dovşan” vurmaq niyyətindədirlər – Cümşüd Nuriyev

11:58 17.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Çağdaş dövrümüzün xaotik informasiya burulğanında Rusiya-Ukrayna gərginliyi o dərəcədə qəliz xarakter alıb ki, nə baş verəcəyini söyləmək çətindir. Sözsüz ki, iki böyük ölkənin toqquşması və bunun da, ehtimal ki, NATO-Rusiya  müharibəsinə gətirib çıxarması Azərbaycana da təsirsiz ötüşməyəcək bir prosesdir. Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev  hafta.az-a  növbəti müsahibəsində məhz bəhs etdiyimiz mövzu ilə  bağlı gəldiyi son nəticələrdən danışıb.

- Cümşüd bəy, Ukrayna ətrafındakı gərginliklə bağlı gəldiyiniz son nəticələr nədən ibarətdir? Doğrudanmı, Rusiya Ukraynaya hücum edəcək?

- Hələ Zelenski hakimiyyətə yenicə gələndə demişdim ki, Ukrayna üçün çox ağır bir dönəm başlayır. Adətən, şoumenlər siyasətə gələndə artıq onların müddəti bitir. Adam 4 ildən sonra yalnız indi başa düşür ki, ciddi bir məsələ ilə qarşılaşıb. Qərblə münasibətlər qurulmasının əleyhinə deyiləm. Gərək Zelenski digər yenicə müstəqillik qazanmış dövlətlərin Qərbə həddindən artıq meyil etmələrindən sonrakı talelərinə baxaydı.

Qərbdə, xüsusən Qərbi Avropanın siyasət aləmində mənfi xüsusiyyət odur ki, etibarsız tərəfdaşdırlar. Yəni fikirlərini çox tez-tez dəyişirlər. Rusiya isə müharibə etmək istəyir. Daha doğrusu, buna məcburdur. General-leytenant Sobolevin başçılığı ilə bir qrup tanınmış yüksəkrütbəli hərbçi, hərbi elitanın böyük bir hissəsi Putinin əleyhinə çıxışlar etməyə başlayıb. Onlar hesablayıblar ki, Putin hakimiyyətə gələndən bəri Rusiyadan, təxminən, 20 trilyon rubl, yəni 3 trilyon dollar xaricə çıxarılıb. Üstəlik, Putinin ətrafındakı əsas vəzifə postlarında bir nəfər də rus yoxdur, əksəriyyəti alman və yəhudidir. Əvəzində böyük şəhərləri qismən istisna olmaqla əyalətlərdə rusların çoxu ağır iqtisadi-sosial durumda yaşayır. Hesablanıb ki, həmin 3 trilyon dollara 147 milyonluq Rusiya əhalisinin  hər birinə bir ikimərtəbəli ev tikmək olar. Dünya resurslarının 21 faizinin cəmləndiyi bir ölkənin gəliri, sərvətləri müqabilində minimum pensiya 3 min dollar olmalıdır.  Bir sözlə, Rusiyada sosial durum gündən-günə gərginləşdiyindən kütləvi etiraz təhlükəsi böyükdür. Odur ki, xalqın diqqətini əsas məsələlərdən yayındırmaq üçün müharibə etmək Kremlə sərf edir.  Rusiya savaşa başlamağa cürət etmir. Putin onsuz da Krımı qanunsuz olaraq ilhaq etdiyini bilir. İstənilən vaxtı bu məsələ beynəlxalq səviyyədə ciddi şəkildə qaldırıla bilər. Zelenski isə nə etməli olduğunu anlamır. O,  Azərbaycanın təcrübəsindən nümunə götürərək, heç olmasa, Luqanskı azad etməlidir ki,  dünya onun yanında dursun.

Deməli, belə çıxır ki, müharibə faktoru Ukrayna üçün məcburidir, Rusiya üçün isə qaçılmazdır.  Rəsmi Kiyevi savaşa məcbur edirlər. Xüsusən bu saat anqlosakslara müharibə çox lazımdır.  Britaniya maraqlıdır ki, iqtisadi durumu getdikcə gərginləşir. Fransa martda prezident seçkiləri gözlənildiyindən Ukrayna savaşında maraqlıdır. ABŞ-a isə 4 ailənin əlində olan dolların düşmə ehtimalı çox olduğundan və avro ilə bacarmadıqlarından Avropanı müharibə vəziyyətinə salmaq istəyir ki, avro qiymətdən düşsün. Digər tərəfdən, Ukraynada müharibə başlayacağı halda Pentaqon öz köhnəlmiş silahlarını bu ölkəyə satacaq. Üstəlik, ABŞ Ukraynanın qərb hissəsini tamamilə katolikləşdirəcək. Həmçinin Rusiyanı parçalamaq şansı artacaq. Bir sözlə,  Ağ ev Ukrayna “gülləsi” ilə 4-5 “dovşan” vurmaq niyyətindədir...

- Rusiyanın gerçəkdən yaxın gələcəkdə parçalanması mümkündürmü?

- Doğrudan da Rusiyanı parçalanmaq ehtimalı çox böyüyüb. Onun tərəfdaşı hesab edilən rəsmi Pekin də bunu hiss etdirir. Çinə son səfəri zamanı həmin ölkənin lideri Si Tsinpin  Putini çox aşağıladı. Görüş mərasimində  Sin tərpənmədən yerində durdu və Rusiya Prezidenti ona çatanda bir addım geri çəkildi və əlini də uzatmadı, sadəcə, işarə etdi ki, yanımda dur. Bundan əvvəl isə yanvar ayında Çin  lideri Rusiyanın xəbəri olmadan videoformatda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan liderləri ilə görüş keçirdi.  Çin Kremlin ayağının altını daha dərindən qazmağa başlayıb.  Bu baxımdan Rusiyanın Ukrayna ilə müharibəyə girməsi Çinin də marağındadır. Si Tsinpin  Avropaya mesaj verdi ki, baxın, mən Putini aşağıladım.

- Bəzi analitiklər belə fikir irəli sürür ki, Rusiyanın parçalanması Qərbə və elə türk, müsəlman dünyasına da sərf etmir. Ona görə ki, bu ölkə guya Çinin Avropaya və türk dünyasına gələcək ekspansiyasının qarşısını alır...

- Əvvəla, Rusiya Çinin inkişafının, eləcə də dünya, o cümlədən Avropadakı qlobal proseslərə müdaxiləsinin qarşını ala bilmir.  Pekinin “Bir kəməl-bir yol” layihəsinin qarşısının Rusiya tərəfindən Qazaxıstan və Orta Asiyada alınması cəhdi uğursuzluğa düçar oldu. Belə ki, Putini qoşunlarını Qazaxıstandan çıxarmağa məhz Çin və Türkiyə məcbur etdi. İş ondadır ki, Rusiyanın Sibir torpaqları  Çinə o qədər də lazım deyil, çünki çinlilər orada yaşaya bilməz.  Digər tərəfdən,  Avropa Rusiyanın parçalanmasını istəməsə də, Britaniya və ABŞ istəyir. Anqlosakslar nə zaman nəyi istəyiblərsə, ona nail olublar. Bu parçalanma əslində bizə, türklərə də sərf edir. Turanın qurulmasına ən böyük maneçilik göstərən məhz elə Rusiyadır. Vaxtilə Turan da olub, İran da olub və Çin üçün ciddi problem yaratmayıb. Çin bunu çox gözəl bilir. Bu, Rusiyanın təbliğ etdiyi ideyadır ki, Qərb bizim ölkəni parçalamaq istəmir, çünki  Çinin təcavüzünün qarşısını ala bilməyəcək. Əslində, ABŞ bunu istəyir. Mən Amerika analitiklərinin layihə-proqnozlarına baxmışam: Rusiyanın parçalanması nəticəsində 6 türk dövləti yaradılacaq. Bura hələ Çeçenistan, İnquşetiya, Dağıstanı daxil etmirlər.  Qaraçay-Çərkəz, Kalmıkiya, Başqırdıstan, Tatarıstan, Saxa (Yakutiya) və Altay. Bunlardan ən böyüyü Saxadır ki, ərazisi təxminən Çin boydadır...

Əslində, planetin 1/6-ni tutan Rusiya dünyanın inkişafı qarşısında bir əngəldir. Nə dövlətçilik ənənəsi normaldır, nə hazırkı siyasi fəaliyyəti,  nə də yaşayış sistemi...

- Putinə  qarşı zabitlərin müraciətinin təşəbbüskarlarından biri olan keçmiş “KQB” generalı Leonid İvaşov və onunla həmfikir olan digərləri deyir ki, Putin Amerikanın adamıdır.  20 ildən çoxdur ki, Rusiya bir xammal ölkəsi kimi Qərb tərəfindən talanır. Oliqarxların, o cümlədən Putinin özünün hesabları, pulları Qərb, ABŞ banklarındadır. Amerika dövləti isə Rusiya vasitəsilə Avropaya xof yaradır. Rusiya bu gün Ukraynanı-filanı işğal etsə, sabah da sizin ölkələri işğal edəcək, ona görə təcili silahlanmalısınız. Son Ukrayna gərginliyi ilə də ABŞ-ın hərbi sənaye kompleksini varlandırmaq məqsədi güdülür... Bu versiyaya münasibətiniz necədir?

- ABŞ-da hakimiyyətə gələnləri dəstəkləyənlərin yarıdan çoxu  silah tacirləridir.  Bizdən fərqli olaraq Amerikada loq-rollinq deyilən lobbiçilik texnologiyası var: səslərin satılması... Əvvəlcədən hansısa prezdent, yaxud senator seçilmək istəyənə qanuni şəkildə pul verirlər ki, get xərclə, səs topla və onlar da seçildikdən sonra həmin şəxslərə istədikləri vəzifəni verirlər. Bizdə bunu rüşvətlə həyata keçirirlər. Amerikanlar bu sistemi SSRİ-yə qarşı həyata keçirdilər. Qorbaçovdan öncə Mərkəzi Komitə katibi Yakovlevi ələ almışdılar. Ondan sonra da  onun əli ilə Qorbaçovu və digərlərini ələ alıblar. Bunun sayəsində dövləti çökdürdülər... Bu baxımdan, Putinin Rusiyadakı əleyhdarlarının söylədiyində böyük həqiqət payı var.  Əslində, ABŞ və  Rusiya gizli oyun oynayır. Öncə dediyim kimi, Putinin ətrafında bir böyük vəzifəli təmiz rus yoxdur, əsasən alman və yəhudilərdir.  Və onlar da Rusiyanın daşınmaz əmlakının 70 faizinə qədərini əllərində cəmləyiblər. Bir də ölkənin neft-qaz xammalını kəmərlər vasitəsilə talamaqla məşğuldurlar. Bu layihənin başında Amerika dayanır və təbii ki, Putin də orada aparıcı rol oynayır. Diqqət edirsinizsə, Almaniya Ukrayna məsələsinə o qədər  də qarışmır. Baş verənlərin mahiyyəti haqqında kifayət qədər məlumatlıdır.  Odur ki, Almaniya Ukraynaya bir səhra xəstəxanasından savayı heç nə vermədi. Açıq bildirdi ki, daha heç nə verməyəcək... 

Yeni dünya düzənində ABŞ birmənalı şəkildə yerini tutmaq istəyir. Burada Amerikanın Rusiya ilə birgə məqsədi Çini oyundan çıxarmaqdır. Çin də bunu bilir. Ona görə də hazırda Rusiyanın məqsədi ABŞ vasitəsilə Çini çökdürmək və özünü yeni  güc mərkəzi şəklində dünyaya təqdim etməkdir...

- Rusiya müvəqqəti olaraq  Ukrayna böhranından qalib çıxarsa, həmin ölkəyə təcavüzü reallaşarsa və Xarkov vilayətinin  işğalına nail olarsa, bu, Azərbaycanın  Qarabağ  və Şərqi Zəngəzur torpaqlarımızın tam azadlığı, Laçın, Xankəndi, Xocalı və s. problemlərinin həlli məsələsinə necə təsir edə bilər?

- İnanmıram ki, Rusiya Xarkovu işğal etsin. Bu ərazi ona lazım deyil. Kremlin əsas məqsədi Mariopol ərazisini işğal etməkdir. Ona görə ki, Rusiya həmin şəhəri götürsə, birbaşa Qara dənizə quru yolu açılır. Hazırda dəniz yolu ilə Kerçdən keçən körpü müvəqqəti işdir. Yəni Krım hələ tam şəkildə Rusiyanın deyil, çünki quru sərhədi yoxdur.   Putin çalışacaq ki, fürsətdən yararlanıb Mariopol istiqamətindən Azov dənizi sahillərini zəbt etsin. Əgər rusların bu planları varsa, belə çıxır ki, diqqəti Xarkovu yönəldib fikri yayındırırlar...

Allah  göstərməsin, Putin Ukraynada qalib olsa, bu,  Qarabağın yaxın gələcəkdə yenidən əlimizdən çıxması deməkdir. Bu, birmənalıdır. Diqqət edirsinizsə, Putin Ukrayna ilə bağlı fikirlərində ciddiləşir, ermənilər şirəyə daraşan it arısı kimi vızıldaşır. Araik Arutyuntan kimdir ki, gedib Moskvada Şuşanın, Hadrutun “taleyini həll edir”?..

Azərbaycanın Laçın dəhlizinə alternativ yolun çəkilişini sürətləndirməsi hayları daha da hiddətləndirib. Həmin yol çəkilib başa çatanadək ermənilər hər cür təxribat törədəcək. Rusiya Qarabağda oturub, biz deyə bilmərik ki, o torpaqlar tam mənada bizimdir. Düzdür, İlham Əliyev çox böyük iş gördü, son iki yüz ildə ilk dəfədir ki,  Azərbaycanın işğal edilmiş torpaqları geri qaytarılır. Şuşa azad olundu... Elə Rusiyanı, revanşist, daşnak erməniləri havalandıran da budur... Ona görə də dövlət və xalq olaraq çox ayıq olmalıyıq...