Keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyevlə hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsi ətrafındakı son hərbi strateji uğurları, qarşıda gözlənilən addımlar, ərazidəki daxili kommunikasiyaların açılmasının vacibliyi, həmçinin Ukrayna cəbhəsindəki son durum, bu ölkəyə təcavüzün Rusiyanın daxilindəki hərbi-siyasi vəziyyətə təsirindən, Putinin Belarusa nüvə silahları yerləşdirməsindən və s. bəhs etdik.
– Hazırda keçmiş Dağlıq Qarabağ ətrafındakı durumu hərbi baxımdan necə dəyərləndirirsiniz?
– 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra Azərbaycanın əsas böyük uğurlarından biri Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin qoyulması oldu. Bundan sonra isə biz bir qalib dövlət kimi öz növbəti planlarımızı addım-addım həyata keçirməliyik. Biz Xankəndidə administrasiyamız bərqərar olanadək və həmin şəhərimizdə Azərbaycanın üçrəngli bayrağı ucaldılanadək dinc durmamalıyıq. Bunun ardınca da keçmiş Dağlıq Qarabağ ərazisində Azərbaycan dövlətinin hakimiyyəti real şəkildə bərqərar olmalıdır. Qeyd etmək lazımdır ki, artıq bu gün Xankəndi ətrafındakı bir sıra strateji yüksəkliklər ordumuzun əlindədir. Məsələn, Ağdamın Abdal-Gülablı kəndindən Xankəndi ovcunun içindəki kimi görünür. Yəni belə amillər də bizə üstünlük qazandırır...
– Növbəti addımlarımız, ilk növbədə, nələr olmalıdır?
– Bu addımları həyata keçirmək üçün öncəki söhbətlərimizdə də vurğuladığım kimi, tədricən Şuşa, Xankəndi, həmçinin Laçın ətrafındakı Yuxarı Qarabağ yaşayış məntəqələri tam nəzarətə götürülməlidir. Xüsusən Şuşa rayonu ətrafındakı kəndlər, həmçinin Şuşa-Laçın yolundakı Turşsu qəsəbəsi, eləcə də Laçın rayon mərkəzinə də yaxın olan Onverst, Sarıbaba, Kiçik və Böyük Qaladərəsi kəndlərində Ordumuzun nəzarəti bərpa olunmalıdır. Bu, həmçinin ermənilərin Rusiya “sülhməramlı”larının dəstəyi ilə həmin məntəqələr arasındakı yollar vasitəsilə silah-sursat daşımasının qarşısını birdəfəlik almaq üçün vacibdir. Əks-halda, belə kənar yollarla işləyən düşmən karvanları Ordumuz tərəfindən zərərsizləşdirilməlidir. Bizim buna tam hüququmuz var. Əgər həmin silah-sursat karvanlarından biri vurulsa, düşmənlərimiz bir daha belə addımlar atmağa cəsarət etməzlər...
– Azərbaycan üçün keçmiş Dağlıq Qarabağ ərazisindən keçən hansı strateji avtomobil yollarının açılması daha vacibdir?.
– Keçmiş Dağlıq Qarabağ ərazisindən keçən Azərbaycana məxsus kommunikasiyalar, avtomobil yollarının açılması üçün tədbirlər görülməlidir. Burada hərbi strateji baxımdan ən önəmli rol oynayan Tərtər-Ağdərə-Kəlbəcər yoludur ki, onun bizim üçün daim açıqdır. Bunun sayəsində Kəlbəcər rayonu və Laçın rayonunun şimal hissəsindəki hərbi birləşmələrin silah-sursat, ərzaq və s. təchizatı ilin bütün fəsillərində rahat şəkildə təmin edilə biləcək...
Deyərdim ki, Xankəndini nəzarətə götürmək üçün öncə Ağdərə götürülməlidir. Həmçinin Ağdam-Əsgəran-Xocalı-Şuşa yolu da açılmalıdır. Aran Qarabağın bir sıra bölgələri, xüsusən Bərdə, Ağdam, Ağcabədi və Tərtərin Şuşa ilə qısa yolla əlaqəsi təmin olunsun, bununla da Şuşa və Laçındakı hərbi birləşmələrimizin təchizatı asanlaşsın. Qarabağda Azərbaycana qarşı yenə də baş qaldırmaq istəyən separatçı, revanşist qüvvələr tam mühasirədə qaldıqlarını dərk etsinlər...
– Necə hesab edirsiniz, Kaxovka SES bəndinin partladılmasından sonra Ukrayna cəbhəsində hadisələr necə inkişaf edir? Bu hadisə Ukrayna ordusunun əks-hücum əməliyyatlarını çox ləngitmədi ki?
– Kaxovka SES-in partladılması və ya nüvə şantajı, hədə-qorxusu ilə Rusiya Ukrayna cəbhəsində sırf hərbi operativ baxımından heç bir irəliləyişə nail ola bilmədi. Ukrayna ordusu, dövləti, xalqı bütün çətinliklərə rəğmən işğalçı ölkəyə qarşı mübarizəsini uğurla davam etdirir. Ukrayna hərbçiləri Baxmut istiqamətində xeyli irəliləyib, Donbas və Zaporojyedə bir neçə yaşayış məntəqəsini azad edib. Bu uğurlar yenə də davam edəcək... Əvvəla, Rusiya ordusu, demək olar ki, potensial baxımdan çöküb, hazırda o, yalnız bəzi silah-sursat növləri, raket, təyyarə, zirehli texnikanın sayı cəhətdən üstünlüyə güvənə bilər.
İkincisi; öz doğma torpaqlarının, Vətəninin müdafiəsi uğrunda savaşan Ukrayna ordusu həm peşəkarlıq və cəsarət, həm də mənəvi-psixoloji hazırlıq baxımından Rusiya ordusu üzərində böyük üstünlüyə malikdir. Ona görə ki, dəfələrlə demişəm, bu ölkənin hərbi potensialı sovet dövründən bəri daim yüksək olub.Vaxtilə sovet hərbi məktəb və akademiyalarında çox böyük sayda ukraynalı təhsil alırdı. Mən akademiyada təhsil alarkən yadımdadır ki, bizim qrupdakıların 60-70 faizi ukraynalı idi. Yəni Ukraynanın hərbi mütəxəssisləri, zabit və general heyəti yetərincədir. Rusiyada isə Putin hakimiyyətdə olduğu 20 ildən çox müddətdə neçə-neçə hərbi məktəb, akademiya ləğv olunduğundan, hərbi sahədə kifayət qədər peşəkar kadr çatışmazlığı var. Rusiya ordusunun “gücü” yalnız görüntüdə, reklamdadır; filan tank belə oldu, filan səsdən iti raket elə oldu... Reallığa gələndə əksəriyyəti zay, yararsız çıxır. Ukrayna isə həm özünün real hərbi potensialı, həm də dünya birliyinin, Qərbin dəstəyi ilə ordusunun gücünü göstərir. Putinin ordusu isə “uğurlar”ını, əsasən, dinc əhaliyə qarşı raket, dron terroru törətməklə əldə edir...
Üçüncüsü, əvvəl də dediyim kimi, Ukrayna xalqı özü də bütün itkilərə, sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərə rəğmən böyük qeyrət, cəsarət, iradə və dözümlə öz dövlətinin və ordusunun arxasında dayanır. Bunun sayəsində Ukraynada yerli ərazi müdafiə və partizan dəstələri təşkil olunur. Və onlar kifayət qədər effektiv hərəkət edir...
Dördüncüsü, dünya da heç zaman imkan verməz ki, Rusiya Ukraynanı bütövlükdə işğal etsin. Tez-tez informasiyalar yayılır ki, NATO Ukraynaya qoşun yeridəcək. Mən əminəm ki, NATO özü bilavasitə Ukraynaya qoşun yeritməyəcək. Onlar hər bir əsgərlərinin qədrini bilirlər. NATO da, digər aparıcı demokratik ölkələr də Ukraynaya hər cür həm hərbi, həm də siyasi-mənəvi dəstəyi verəcək...
– Ukraynaya təcavüzü silahlı qüvvələri indiyədək dünyanın ikinci güclü ordusu sayılan Rusiyanın daxilindəki hərbi-siyasi duruma necə təsir edir?
– Əvvəla, genişmiqyası müharibənin hər günü yüzmilyonlarla pul deməkdir. Bu da Rusiya iqtisadiyyatını tam çökdürür və gec-tez daxildə əhalinin kütləvi etirazlarına gətirib çıxaracaq. Rusların gözləri açılıb, mitinqlərdə Putinə qarşı nələr səsləndirdiklərini görürük. Soruşurlar ki, nəyə görə bizimlə eyni kökdən olan slavyan mənşəli, qardaş Ukrayna xalqına qarşı müharibə aparmalıyıq. Onlar özləri bilərlər, necə dövlət qururlar, hansı quruluşda yaşayırlar. Ukrayna xalqından bizə bir təhlükə yoxdur, onlar heç vaxt bizə qarşı hücuma keçən deyildi...
Bundan əlavə, bildiyiniz kimi, artıq müharibə Rusiyanın daxilinə keçib. Belqorod, Bryansk vilayətlərində faktiki hərbi əməliyyatlar gedir. Və Rusiya ordusunun komandanlığı başını itirib. Yəni bilmir ki, qoşunlarını Donbasın, Zaporojyenin, Xersonun işğal etdiyi ərazilərinin müdafiəsinə, yoxsa öz sərhədlərinin mühafizəsinə göndərsin. Özü də Rusiya ərazisində döyüşənlər Ukrayna ordusu deyil, Putinə qarşı vuruşan ruslar özləridir. Onlar söz verib ki, Vladivostokadək bütün Rusiyanı bu zülmdən xilas edəcəklər. Ölkənin daxilində, demək olar ki, hər gün hansısa strateji hərbi obyekt, zavod, silah-sursat anbarı, neft bazaları partladılır, yandırılır. Bir də internetdə baxırsan ki, Moskvada filan obyekt yanır. Yəni müharibə nəinki Rusiyanın daxilinə keçib, həm də ölkənin öz içində artıq partizan savaşı başlayıb. Bu da sözsüz ki, öncə dediyimiz kimi, Kremlə qarşı kütləvi xalq hərəkatının vüsət almasına, hətta vətəndaş savaşına da gətirib çıxara bilər. Bunun da sonu dövlət çevrilişi ilə nəticələnəcək...
– Siz sovet ordusunda da xidmət etmisiniz, hələ sovet-Rusiya ordusu Azərbaycandan çıxarılmamış ölkəmizdəki hərbi birləşmələrin rus komandirləri, general və zabitləri də ünsiyyətdə olmusuz. 30 il sonrakı, yəni hazırda Ukraynada savaş aparan Rusiya ordusu ilə ovaxtkı ordu arasında nə qədər fərq var?
– Yerlə-göy qədər (gülür)...
– Hansı mənada? İnkişaf edib?
– Xeyr, əksinə, daha da bərbad vəziyyətə düşüb. Bir halda ki, ruslar artıq Ukraynada anbarlardan çıxardıqları “T-62”, 40-cı illərin “T-54” tanklarını işlədirlər, əlavə şərhə ehtiyac yoxdur. Bəs hanı bunların “Armada” tankları, “Kinjal”, “İsgəndər” raketləri və s.?.. Hamısına ayrılan pulların çoxu generalitet tərəfindən “pripiska” edilərək yeyilib. Ona görə də ya ümumiyyətlə, yoxdurlar, ya da nasaz vəziyyətdədirlər, raketlər hədəfləri düz vurmur, ya da partlamırlar. “Müasir” adlanan tankların, raketlərin çoxunun bir neçə nüsxəsi yalnız Moskvada paradda, ya da hansısa tədbirdə reklam üçün nümayiş etdirilir. Qalan hamısının pulları yeyilib... Ukrayna müharibəsi də Rusiya ordusunun həm gerçək gücünü, həm də simasını göstərdi... O boyda ölkənin ordusu görün, nə günə düşüb ki, bir nəfər keçmiş aşpaz Priqojinin əlində qalıb. Son dövrlərdə bu, dünya tarixində görünməyib ki, ordu daxilində belə hərc-mərclik yaransın. Və bütün bunları artıq Rusiya xalqı da başa düşür... Hərbi akdemiyada eyni vaxtda təhsil aldığım tanış rus generallar sosial şəbəkələrdə mənimlə əlaqə saxlayırlar. Onlar Putinin Rusiya ordusunu, dövlətini bu günə salmasından çox təəssüf hissi keçirirlər. Biri yazır ki, Putin, sən müharibə edirsənsə, ordu ilə apar, binaları bombalayıb dinc sakinləri niyə qırırsan, niyə SES-ləri partladırsan, mağazaları, bazarları vurub dağıdırsan. Bundan sonra belə zərbələr almış Ukrayna xalqı on illər də keçsə, ruslarla barışmayacaq və səni də heç vaxt qəbul etməyəcəklər. Sənin adın Rusiyanın, Ukraynanın və bütün slavyan xalqlarının tarixinə bir zalım rəhbər kimi düşəcək...
– Putin qərar verdi ki, iyul ayında Belarusda nüvə raketləri yerləşdirəcək. Sizcə, bu, Ukrayna müharibəsinin gedişinə necə təsir göstərəcək?
– Hesab edirəm, Belarusda Rusiyanın nüvə raketlərinin yerləşdirilməsinin Ukraynada hərbi əməliyyatların gedişinə heç bir ciddi təsiri olmayacaq. Əvvəla, öncəki söhbətlərimizdə də qeyd etdiyim kimi, Putinin ağlı başındadırsa, düşünməlidir ki, onun ölkəsinin dörd bir tərəfi ABŞ-ın, NATO-nun nüvə raketləri ilə doludur. Ona görə də Rusiya ərazisindən bir raket Londona, yaxud Vaşinqtona uçunca əvəzində Moskvaya, Sankt-Peterburqa və ölkənin digər böyük şəhərlərinə 10-15 istiqamətdən raketlər uçacaq. Rusiyanın raketlərinin çoxunu isə hədəfə çatmamış vuracaqlar, ya da ümumiyyətlə, onlar özləri son hədəfinə çata bilməyəcək, bəlkə də elə Rusiya ərazisində yerə enəcəklər. Sovet dövründən bəri korrupsiyaya bələnmiş ölkənin nüvə raketlərinin də lazımi standartlara uyğun olduğunu söyləmək çətindir; ikinci də Polşadan, Almaniyadan və s. Belarusun özünü də məhv edəcəklər. Ən əsası, artıq dünya reallığı anlayıb və Putinin nüvə təhdidlərinə, şantajlarına əhəmiyyət vermir...