Ukrayna NATO-ya inteqrasiya üçün dəmir yollarını dəyişir

09:10 18.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın logistika marşrutlarının NATO infrastrukturuna inteqrasiyası çərçivəsində yeni işlərə başlanılıb.

Hafta.az-ın yazdığına görə, Ukraynanın Çop - Ujqorod hissəsində, Macarıstan və Slovakiya sərhədində 22 kilometrlik mövcud dəmir yolu xətti sökülərək Avropa standartlarına uyğun yenidən qurulacaq.

Çar Rusiyası və Sovetlər İttifaqı dövründə xarici dövlətlərin ölkəyə hücumunun qarşısını almaq üçün dəmir yolu xətti Avropa və digər ölkələrdən fərqli olaraq daha geniş tikilib. Bu xətlərdə Rusiya lokomotivləri və vaqonlarından başqa Qərb mənşəli qatar və lokomotiv dəstlərindən istifadə etmək olmaz. Rusiya ilə Qərb arasında dəmir yolu ticarəti sərhəd bölgələrindəki xüsusi ərazilərdə qatar dəstlərinin təkər hissələrinin dəyişdirilməsi ilə davam edir.

Ukrayna Avropa qatar dəstlərindən istifadə etmək üçün bu xətləri sökür və onları Aİ və NATO standartlarına (1435 mm) uyğunlaşdırır.

Bu, gələcəkdə Ukraynanı Macarıstan və Slovakiya ilə vahid standart xətlə birləşdirməyə imkan verəcək.

Ukraynanın bu layihəsi Aİ-nin Avropa Əlaqələri Mexanizmi (cəmi 1,3 milyard UAH) tərəfindən maliyyələşdirilir.

Yeni dəmir yolunun tikintisinə 2024-cü ilin mayında başlanması və 2025-ci ilin iyulunda başa çatdırılması gözlənilir. Bu xəttin tikintisi ilə Ukraynada şəbəkənin Ujqoroddan Lvova qədər genişləndirilməsi nəzərdə tutulur.

Siyasət rubrikasından digər xəbərlər