Ukraynada rus ordusunun generalının əsir alındığına dair məlumatlar yayılıb.
Hafta.az bildirir ki, əvvəlcə Kyiv Post, sonra isə digər Ukrayna qəzetlərində yer alan iddiaya görə, rusiyalı general-leytenant Ukraynada təslim olub və yaxalanıb.
Bu, İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir. Bu həftə sonu baş verənlər ən azı 77 ildə görünməmiş hadisədir.
Video paylaşan və bu görüntülərdəki əsgərlərdən birinin rusiyalı general-leytenant Andrey Sychevoi olduğunu iddia edən Ukrayna mətbuatı videogörüntülərdən çəkilmiş fotoları Sychevoinin uniformalı fotoları ilə müqayisə edərək iddiasını əyani sübutlarla dəstəkləyib.
Ukrayna mətbuatı Moskvanın İkinci Dünya Müharibəsindən sonra ən yüksək rütbəli zabitinin əsir götürüldüyünü yazıb.

Lakin bu iddialar nə Rusiya, nə də Ukrayna mənbələri tərəfindən hələlik rəsmi təsdiqini tapmayıb.
Videoda Xarkov şəhəri yaxınlığında gözlənilməz əks-hücum zamanı Ukrayna tərəfindən saxlanılan bir qrup rusiyalı hərbi əsir, o cümlədən orta rütbəli polkovnik-leytenant geyimində olan bir nəfər göstərilir.
Ukrayna mediası iddia edir ki, bu adam həqiqətən yüksək rütbəli general-leytenant və Rusiyanın Qərb Qüvvələri Qrupunun komandiri Andrey Sychevoi olması ehtimalı çox yüksəkdir.
Kyiv Post iddia edib ki, general Sychevoi əsir düşməmişdən əvvəl kimliyini gizlətmək üçün tələsik aşağı rütbəli zabit formasını geyinib.
Bununla belə, bəzi insanlar videoda göstərilən şəxslə Sychevoi arasında uyğunsuzluqlara diqqət çəkib və bu, ələ keçirilməni şübhə altına alıb.
Almaniyanın “Bild” qəzetinin yazarı Julian Röpcke videodakı şəkli və general-leytenantın formasını tvitində bu başlıqla paylaşıb:
"Razı olmaya bilərsiniz, amma mənim üçün bunlar iki fərqli insandır."
Xəbər təsdiqlənərsə, Sychevoi II Dünya Müharibəsindən sonra əsir götürülən ən yüksək rütbəli rus zabiti olacaq ki, bu da Putin ordusu üçün növbəti alçaldıcı zərbədir.
Ukrayna indiyədək ən azı 12 rus generalını öldürdüyünü iddia edir, onların əksəriyyətinin komanda məntəqələrinə artilleriya və ya raket hücumları nəticəsində həlak olduğu bildirilir.
General-leytenant Sıçevonun əsir düşməsi ilə bağlı xəbərlər təsdiqlənərsə, Kiyev ilk dəfə belə yüksək rütbəli şəxsi diri-diri ələ keçirməyə nail olacaq.
Xəbər hələ ki, təsdiqini tapmayıb, lakin nə Rusiya, nə də Ukrayna bu iddianı təkzib etməyib.