“Ukraynadakı müharibə çip və yarımkeçirici çatışmazlığı ilə bağlı qlobal problemi daha da kəskinləşdirib. Çünki Ukrayna dünyada iri neon ixracatçılarından biri idi. Buna görə də dünya alimləri nadir kimyəvi elementin gələcəkdə nə ilə əvəz oluna biləcəyini axtarmağa başlayıb”.
Hafta.az xəbər verir ki, bu haqda Ukraynanın “Segodnya” nəşri məlumat yayıb.
“Qərar gözlənilməz olub - Vaşinqton Universitetinin tədqiqatçılarının fikrincə, neyromorf kompüter çiplərinin gələcəyi... balda ola bilər. Mühəndislər baldan işləyən memristor yarada biliblər. Memristor tranzistor kimi bir komponentdir və insan beyni ilə eyni şəkildə yaddaşda məlumatları emal və saxlamağa qadirdir.
Tədqiqatda iştirak edən elm adamları bu texnologiyanın davamlı, bioloji parçalana bilən və son dərəcə sürətli hesablamalara yol aça biləcəyini iddia edirlər. Bu cür sistemlər hətta bugünkü ən yaxşı kompüterlərdən daha sürətli və daha az enerji istehlak etməlidir.
Hədəf ölçüsü insan saçının 1/1000-i olmalıdır, yəni bu memristorlar nanoölçülü dizayn edilməlidir. Digitaltrends.com saytının yazdığına görə, bal bunun öhdəsindən əla şəkildə gəlib.
Elm adamları baldan hazırlanmış memristoru insan neyronu ilə müqayisə ediblər. Mütəxəssislər onun çox kiçik ölçüsünü saxlamaqla çox oxşar funksiyalara malik olduğunu bildiriblər.
Ancaq burada da Qərb mühəndisləri Ukraynasız edə bilməzlər, çünki ölkəmiz dünyada ikinci bal ixracatçısıdır...” –deyə xəbərdə vurğulanır.