Ukraynada növbəti böyük müharibənin ÜNVANI DƏQİQLƏŞDİ

16:08 04.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya qoşunları Lisıçansk şəhərini ələ keçirdikdən sonra növbəti böyük toqquşmanın Donetskdən 70 kilometr qərbdə Slovyanskda baş verəcəyi gözlənilir. Hər iki tərəf böyük müharibəyə hazırlığa başlasa da, şəhərdə mövcud vəziyyət Ukrayna üçün şərtləri çətinləşdirir.

Hafta.az bildirir ki, Rusiya Ukraynanın “son qala” adlandırdığı Lisiçansk şəhərini ələ keçirdikdən sonra bütün gözlər Donbas bölgəsinə çevrilib.

Lisiçansk şəhəri Rusiyanın aylardır nəzarətdə saxlamağa çalışdığı Donbas bölgəsinin mühüm bir hissəsi idi və Luqanskda Ukraynanın əlində qalan son yer idi. Şəhərin süqutu ilə Rusiya bölgədə ciddi üstünlük əldə etdi, Ukrayna prezidenti Zelenski isə şəhəri geri alacağına söz verib.

Həm Rusiya, həm də Ukrayna bütün qüvvələrini bölgəyə səfərbər edərkən, növbəti böyük münaqişənin baş verəcəyi ünvan da bəlli olub. Associated Press-ə danışan, təhlükəsizlik səbəbiylə adını açıqlamayan ukraynalı əsgər, “Hər kəs növbəti böyük müharibənin Slovyanskda olacağını bilir” deyib.

Slovyansk meri Vadim Lyax şəhərin artıq raket hücumlarına məruz qaldığını bildirərək, Rusiya ordusunun şəhərə həyata keçirdiyi bombalı hücumda 6 nəfərin öldüyünü, şəhərdə isə 15 ayrı yanğının baş verdiyini açıqlayıb.

Ukraynalı əsgərlərin bölgədəki icazələrinin ləğv edildiyi və hazırlıqlara başlanıldığı öyrənilib. AP-yə danışan əsgərlərdən biri Rusiya Ordusunun şəhərə sürətlə irəlilədiyini və silahlarının kifayət qədər olmadığını bildirib.

Donetskdən 70 kilometr qərbdə yerləşən Slovyanskda müharibə Ukrayna üçün asan olmayacaq. Səbəbini anlamaq üçün 8 il geriyə nəzər salmaq lazımdır.

Slovyansk 2014-cü ildə rus qoşunları tərəfindən ələ keçirilib və 3 aylıq mübarizədən sonra azad edilib. Bu prosesdə baş verən qarşıdurmalar və saysız-hesabsız qətllər yerli əhalini yorurdu.
Şəhər əhalisinin böyük bir hissəsi, xüsusən də yaşlılar hələ də Rusiyaya rəğbət bəsləyirlər. Ukrayna ordusuna və hökumətinə qarşı inamsızlıq o qədər ciddiləşib ki, hətta son böyük hücumların arxasında Ukraynanın olduğunu iddia edənlər də var.

"Ukrayna adlanan yer bizi qoruyur, bəs bu, nə cür müdafiədir?", - yerli sakin AP-yə bildirib.

Rusiya qoşunları bölgədə addım-addım irəlilədikcə hücumlar güclənir. Hazırda şəhərin bombardmanının gündə ən azı 4-5 dəfə baş verdiyini vurğulayan mer Lyax ötən həftə kaset bombalarından istifadə olunduğunu açıqlayıb.

Hərbi analitiklər bölgəyə təcili hərbi yardıma ehtiyac olduğunu vurğulayırlar.

Oxunma sayı 1044