Ukraynada partizan hərəkatı qaçılmazdır - Tofiq Zülfüqarov

13:44 05.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov  hafta.az əməkdaşıyla növbəti söhbətində Rusiya ordusunun genişmiqyaslı təcavüzünə məruz qalmış Ukrayna ətrafındakı son vəziyyəti təhlil edib, açıq-aşkar təcavüz və dinc insanlara qarşı terrorla məşğul olan Rusiyanın  BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarıla bilməsi haqda fikirlərə və həmin ölkə lideri Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması ehtimallarına münasibət bildirib:

-Tofiq müəllim,  Ukraynaya açıq-açığına təcavüz edən Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.  Həmin qurum isə BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan daimi fəaliyyət göstərən ali orqanıdır. Lakin xüsusən XXI əsrin əvvəllərindən bəri bəllidir ki, həmin ali orqanın üzvləri olan ilk növbədə ABŞ və Rusiya özləri planetdə beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdidlər yaradır, müxtəlif ölkələrə təcavüz edirlər. Bəs TŞ-nın belə  daimi üzvü, indiki halda Rusiya həmin qurumdan niyə kənarlaşdırılmır?  Bunu icra etmək üçün bir mexanizm yoxdurmu?

- Hazırda Rusiyanın BMT TŞ-nin daimi üzvlüyündən kənarlaşdırılması  mümkün deyil. Problem ondadır ki, xeyli müddətdir, BMT-nin reforması deyilən bir proses çərçivəsində Təhlükəsizlik Şurasının sayı və funksiyaları barəsində fikirlər səslənməkdədir. Amma həmin  islahatlar hansı şəkildə baş verəcək? Yəni onların nəhayətdə qəbul olunması da, hesab edirəm ki, məhz TŞ tərəfindən təsdiq olunmalıdır. Bu baxımdan, doğrusu, indiki mərhələdə BMT Nizamnaməsini pozan, planetdə təhlükəsizliyə ciddi təhlükə yaradan ölkənin, məsələn, indi Rusiyanın BMT TŞ-dan kənarlaşdırılma mexanizmlərini görmürəm. Hər halda bu, mənə məlum deyil. Amma II Dünya savaşından əvvəl oxşar bir təcrübə olmuşdu.  I Dünya  müharibəsindən sonra bir növ indiki BMT-nin funksiyalarını ilkin formada icra etməyə çalışan Birləşmiş Millətlər Liqası yarandı. Rusiya və ardınca SSRİ  həmin quruma üzv oldu. Və bilirsiz ki, 1939-cu ildə Finlandiyaya təcavüzündən sonra  SSRİ həmin təşkilatdan çıxarıldı. Sonra isə 1945-ci ildə BMT yarandıqda bu qurumun Təhlükəsizlik Şurasının üzvü oldu...

 Indi isə hələlik  BMT-də islahatlar gündəmdədir. Bildiyiniz kimi,  BMT Baş Assambleyasının sessiyasında Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı qətnamə layihəsi  müzakirə olundu və qəbul edildi... Ancaq bu sənədin mahiyyəti xeyli fərqlidir. Çünki BMT TŞ icra orqanıdır, amma Baş Assambleya parlament tipli bir orqandır.  Orada  heç bir üzv ölkədə veto hüququ olmur.  Sadə texniki səsvermə ilə bu və ya digər qətnamə qəbul oluna bilər. Həm də BMT TŞ-nin qətnaməsindən fərqli olaraq bu qətnamə  tövsiyə xarakterli olur. Halbuki, TŞ qətnaməsi imperativ xarakter daşıyır. Yəni mütləq icra olunmalıdır. Amma biz də Qarabağ təcrübəsindən yaxşı bilirik ki, heç TŞ qətnamələri də çox vaxt icra olunmur.  Bir sözlə, bütün bunlar sadəcə olaraq Qərb və Rusiya arasında siyasi qarşıdurmanın bir formasıdır...

-Ukraynadakı həddindən artıq gərgin durum barədə gəldiyiniz son nəticələr nədən ibarətdir?

-Artıq Ukraynadakı durum dedikdə bir neçə mövzu meydana çıxır. Ölkənin daxilindəki və ətrafındakı vəziyyət... Hərbi əməliyyatları hamı izləyir, gedişat məlumdur. Hiss olunur ki, Rusiya hələ də böyük şəhərləri ələ keçirməyincə hərbi əməliyyatlar davam edəcək. Yəni Xarkov və Kiyevi hücumla almaq böyük itkilər, dağıntılar tələb edən bir əməliyyat olacaq. Hələki böyük şəhərlər mühasirəyə alınır...

 İkincisi, artıq belə nəticəyə gəlmək olur ki, Ukrayna xalqı tərəfindən partizan hərəkatını təşkil olunacağı da qaçılmazdır. Çünki  bunun elementləri də görünür. Ərazi müdafiə batalyonları da geniş fəaliyyətdədir. Eyni zamanda gözlənilməyən yerlərdə kişilər, hətta qadınlar tərəfindən Rusiya ordusuna hücumlar olur, onların texnikaları ələ keçirilir, yaxud yandırılır...

Ukraynanın ətrafında baş verənlərə gəldikdə, görürük ki, ən gözlənilməz proseslər Rusiyanın özü ilə bağlıdır.  Tərəflərin son iki görüşündən və Zaporojye AES-dəki  ağlasığmaz olaydan sonra hamı da anlayır ki, böhranın həlli yolu danışıqlar yox, Rusiyanın siyasi elitasında dəyişikliklərə bağlıdır. Və hesab edirəm ki, bu fikir artıq Rusiyanın özündə də formalaşıb... 

Bəzi beynəlxalq müşahidəçi və təhlilçilər Putin tərəfindən Rusiya xalqına yeni müraciətin gözlənildiyini bildirir. Onun hansı məzmunda olacağını hələlik heç kəs bilmir. Amma hesab edirəm ki, bu müraciət ilk növbədə baş verənlərə aid ola bilər. Və bu, Putinin öz ətrafının dəstəyindən arxayın olmamasından irəli gəlir.  Savaş başlanmamışdan öncə də siyasi elitanın Putini dəstəkləməkdə böyük tərəddüd keçirdiyi hiss olunurdu. Elə təhlükəsizlik şurasının iclasında da açıq hiss olundu ki, Rusiya liderinin Ukraynaya təcavüz qərarına birmənalı dəstək yoxdur... Və artıq neçə gündür, xəbərlər dolaşır ki,  Putin nə Moskvada, nə də Soçidədir, Uralda- haradasa bunkerdədir... Bu da çox qəribə bir davranışdır. Və istər-istəməz Qorbaçovun taleyi, Faros macərası yada düşür... Bir sözlə, vəziyyət həddindən artıq gərgindir. Və bu məsələdə Azərbaycan da ölçülüb-biçilmiş bir siyasət həyata keçirməlidir...

-Yəni belə çıxır ki, Putin Rusiya daxilindən  hansısa yolla hakimiyyətdən kənarlaşdırılmasa, onun qarşısına Ukrayna dövləti, ordusu və xalqından başqa heç bir qüvvə çıxmayacaq və o, hansı itkilər hesabına olursa-olsun məqsədinə çatacaq, Xarkovu da, Kiyevi də işğal edəcək və bu ölkəni işğal edib tam öz nəzarəti altına alacaq?  

-Bilirsiz, Putin gərək etiraf etsin ki, Kremlin Ukraynaya hücum etmək haqda qərarı səhv olub və geri çəkilməlidir... Amma çəkilmək söhbəti də çox çətinləşib.  Haraya çəkilməlidir? Yəni Rusiya ordusu istənilən yerə çəkilsə də, sanksiyalar bitməyəcək axı. Sanksiyalar ciddi siyasi və iqtisadi zərbədir, Rusiya iqtisadiyyatına ağır zərbələr vurmaqdadır. İkincisi, əgər Rusiyada hakimiyyətin dəyişməsinin modelləri haqda düşünsək,  iki yol olduğunu görərik; ya Rusiya xalqı ayağa qalxmalıdır, kütləvi mitinqlər təşkil edərək hakimiyyəti dəyişməlidir, ya da gərək ölkənin siyasi elitası Putin iqtidarını devirə.  Mən hesab edirəm ki, ikinci variant, yəni siyasi elita daxilində iqtidarın dəyişdirilməsi qərarının verilməsi daha rahat və sərfəli bir yol olar.  Kimisə öz aralarından Putinin yerinə seçəcəklər, amma öz əllərində olan vəzifələr, maliyyə imkanları və s. yerində qalacaq. Zənnimcə, Qərb də Rusiyada hakimiyyətin bu üsulla dəyişdirləməsinə üstünlük verəcək. Çünki bu halda ölkədəki nüvə silahları üzərində kontrol tamamilə təmin olunacaq...

-Sizcə,  Rusiyada gözlənilmədən Putinə qarşı hərbi-siyasi çevriliş həyata keçirilə bilərmi?

- Bəlkə də Qorbaçovun dövründəki Faros formasında  çevriliş mümkündür.  Putinin zəif yeri əlaqələrdir. Yəni, tutaq ki, o, bunkerdə olan vaxt ətrafla rabitəsi kəsilsə, ölkə artıq digər qüvvələr tərəfindən idarə olunacaq. Hər halda Ukraynada hücumlar davam etsə, rus ordusu hətta Kiyevi götürsə belə, ümumi vəziyyət dəyişməyəcək.  Artıq görünür ki, Ukrayna xalqı həm Rusiya, həm Qərb üçün gözlənilmədən işğalçıları ölkə ərazisindən çıxarmağı milli hədəf kimi qarşısına qoyub. Milli, dini mənsubiyyətə, siyasi maraqlara və s. baxmayaraq hamı birləşib. Və dediyim kimi, hətta iri şəhərlər işğal olunsa belə, Ukraynada güclü partizan müqaviməti başlayacaq...

-NATO-nun Rusiyaya qarşı hədələri güclənərsə, Putin nüvə düyməsini basa bilərmi?

-Bayden Konqres qarşısındakı son çıxışında qətiyyətlə belə bir fikir səsləndirdi ki, biz Rusiyaya təzyiqləri artıracağıq, ancaq bizim və NATO-dakı müttəfiqlərimizin qoşunları birbaşa heç bir hərbi  əməliyyata qatılmayacaq. Bu da onu göstərir ki,  Putinin nüvə silahı işlətməsinə “əsas” qalmayacaq... Əslinə qalsa, heç NATO əsgərinin Ukraynadakı əməliyyatlara qatılmasına ehtiyac da yoxdur. Çünki əslində hazırda, öncə dediyim kimi, Ukrayna böhranı nə istər hərbi,  istərsə də danışıqlar müstəvisində həll olunmayacaq. Yalnız Rusiya siyasi elitasında dəyişiklik gərəkdir... Bütün hallarda artıq Putinin epoxası bitmək üzrədir...