Ukraynanın 2024-cü ildə aldığı SİLAHLARIN HƏCMİ AÇIQLANDI

08:30 25.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna 2024-cü ildə NATO ölkələrindən 50 milyard dollar həcmində hərbi yardım alıb. Hesab edilir ki, bu il alınacaq silahlar daha çox olacaq.

Hafta.az yazır ki, Corriere della Ser-ya görə, NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone, "2024-cü ildə köçürülən yardımın həcmi 50 milyard dollara çatdı. 2025-ci il yanvarın 1-nə olan məlumata görə, biz 33 milyard dollar xərclədik, lakin ilin sonuna qədər əvvəlki rəqəmi keçəcəyik, proqnozlar çox optimistdir" deyib.

O, NATO ölkələrinin hərbi yardımı davam etdirməyi və hətta artırmağı planlaşdırdığını bildirərək, "Ukrayna ordusu Avropa üçün modeldir. NATO hər fürsətdə bir daha bəyan edir ki, Ukraynaya tam dəstəyimiz heç vaxt dəyişməyib və ədalətli və davamlı sülh əldə olunana qədər də dəyişməyəcək" deyib.

Ukraynanın müdafiə naziri Denis Şmıqal bəyan edib ki, ABŞ və NATO Prioritetləşdirilmiş Ukrayna Ehtiyac Siyahısı (PURL) təşəbbüsü ilə Ukraynaya hərbi yardım göstərmək üçün yeni mexanizm işə salıb. Bu təşəbbüs Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte arasında əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilir.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl NATO-nun baş katibi Mark Rutte ilə Ukraynaya Amerika silahlarının tədarükü ilə bağlı razılığa gəldiyini açıqlamışdı. Tramp Ukraynanın alacağı bütün silahların əvəzini Avropa ölkələrinin ödəyəcəyinə zəmanət verib.