Son vaxtlar Ukrayna ordusu Rusiyanın daxilinə, xüsusən də paytaxt Moskvaya pilotsuz təyyarələrin hücumlarını artırıb.
Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, adıçəkilən qəzet Rusiyaya qarşı hücumlarda istifadə edilən üç pilotsuz təyyarə modelinin Ukraynadan Moskvaya yüzlərlə kilometr uçduğunu müəyyənləşdirib.
Hesabatda Rusiyada hədəfləri vuran pilotsuz təyyarələrin “Bober”, “UJ-22 Airborne” və adı açıqlanmayan üçüncü model olduğu, may-iyul ayları arasında Ukraynadan Rusiyaya uçan pilotsuz təyyarələrin sayının isə ötənilkilərin ümumi sayından iki dəfə çox olduğu ifadə edilib.
Kremlə pilotsuz təyyarə hücumu baş verən mayın 3-dən bu yana Moskva ən azı 6 dəfə Ukrayna pilotsuz təyyarələrinin hədəfinə çevrilib. Bu hücumların uğurlu olub-olmadığını müəyyən etmək çətindir. Ancaq Ukraynanın bu hücumlarla geniş dağıntı və ya insan tələfatı əvəzinə Moskvada qorxu yaratmağı hədəflədiyini söyləmək mümkündür.
Ukraynanın uzaqmənzilli dronları haqqında ictimai məlumat məhduddur. Digər tərəfdən, pilotsuz uçuş aparatlarının istehsalı üçün mülki səylərin olduğu da məlumdur. Onlardan biri ötən ilin dekabrında onlayn olaraq müharibəyə dəstək üçün ianə kampaniyasına başlayan 23 yaşlı sosial media fenomeni İqor Laçenkovdur.
Ukrayna hərbi kəşfiyyat xidməti GUR-dan qəfil zəng alan Laçenkovdan “çox uzaqlara uça bilən pilotsuz təyyarə” üçün ianə kampaniyası təşkil etməsi istənilib. Laçenkov və onun Telegram-dakı bir milyon izləyicisi də qısa müddətdə 500 min dollara yaxın pul yığa bilib.
5 aydan sonra Laçenko izləyicilərinə təşəkkür edib və “Bober” adlı heç vaxt görünməmiş uzunmənzilli kamikadze pilotsuz təyyarənin fotolarını paylaşıb. “Bober” daha sonra 30 may və 24 iyul tarixlərindəki hücumlardan əvvəl Moskva üzərində uçarkən göründü.
Məlumdur ki, Ukraynanın müdafiə sənayesi Laçenkov kimi pul yığanlardan qismən asılıdır. Bununla belə, Ukrayna hökuməti dron istehsalı üçün özəl şirkətlərə xüsusi stimullar verir və bu dronlardan əldə edilən gəlirin əksəriyyətini şirkətlərin hesabına köçürür. Bu şirkətlərdən biri UJ-22 tipli pilotsuz təyyarələr istehsal edən “Ukrjet”dir.
“Bober”dən fərqli olaraq, UJ-22-nin xüsusiyyətləri haqqında bəzi məlumatlar mövcuddur. Bu dronlar havada 6 saat qala bilir və 800 kilometr məsafəni qət edə bilir. Bu o deməkdir ki, Ukraynadan havaya qalxan UJ-22 Moskvaya çata bilər.
Məlumdur ki, Ukrayna hökuməti pilotsuz təyyarə texnologiyasına qoyulan sərmayəni ötən il 108 milyon dollardan bu il 1 milyard dollara çatdırıb.