UNICEF: "Hər səkkiz qadından biri 18 yaşına çatmamış cinsi təcavüzə məruz qalır"

09:10 11.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hazırladığı və zorakılığın "narahatedici ölçülərini" ortaya qoyan beynəlxalq hesabata görə, dünyada 370 milyondan çox qız və qadın uşaqlıq və ya yeniyetməlik dövründə təcavüzə və ya cinsi istismara məruz qalıb.

Hafta.az-ın yazdığına görə, təşkilatın açıqladığı hesabatı yekunlaşdıran bəyanatda deyilir: "Onlayn şifahi təcavüz kimi cinsi zorakılığın təmassız formaları daxil edildikdə, təsirə məruz qalan qız və qadınların sayı bütün dünyada 650 milyona və ya hər beşdə birə yüksəlir".

Təşkilatın icraçı direktoru Katerin Russell "uşaqlara qarşı cinsi zorakılığı" "kollektiv vicdanımıza hücum" kimi qiymətləndirib.

Bəyanatda Rasselin hücum və zorlamaların "dərin və davamlı travmaya səbəb olduğu" və "sui-istifadənin uşaqların özlərini təhlükəsiz hiss etmələri lazım olan mühitlərdə, çox vaxt inandıqları biri tərəfindən edildiyini" bildirilib.

“Uşaqlara qarşı cinsi zorakılığın ilk qlobal və regional hesablamaları”nın elanı BMT tərəfindən qəbul edilmiş 11 oktyabr Ümumdünya Qızlar Günü ərəfəsində baş tutub.

Sub-Sahara Afrika qurbanlarının ən çox olduğu regiondur (79 milyon qız və gənc qadın, yaxud da qadınların 22 faizi). Buna görə də bu bölgədə hər beş qadından biri 18 yaşına çatmamış cinsi təcavüz və ya zorlama qurbanı olub.

Şərqi və Cənub-Şərqi Asiya (qadınların 75 milyonu və ya 8 faizi) ikinci yerdədir.

Qurbanların sayı Mərkəzi və Cənubi Asiyada 73 milyon (qadınların 9 faizi), Avropa və Şimali Amerikada 68 milyon (14 faiz), Latın Amerikası və Karib hövzəsində 45 milyon (18 faiz), Yaxın Şərqdə 29 milyon (15 faiz) və Okeaniyada 6 milyon (34 faiz) nəfərdir.

Müharibələr, iqtisadi və sosial böhranlar qızlara qarşı hücumları daha da gücləndirən mühit yaradır.