Uşağı öz atasının razılığı ilə götürüb aparmışam - Təqsirləndirilən şəxs

14:31 19.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Ağır Cinayətlər Məhkəməsində uşaq oğurluğunda təqsirləndirilən Gültəkin Muradovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Hafta.az xəbər verir ki,  prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, o uşağı oğurlamayıb, valideynləri azyaşlını ona pul müqabilində satıb.

 

"Mənə qarşı irəli sürülən bu ittiham yalandır. Uşağı öz atasının razılığı ilə götürüb aparmışam.

 

Uşağı atası satıb. Məhəmmədə görə atasına 3 min manat pul vermişəm. O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim niyyətim o uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub”.

 

O, əlavə edib ki, uşağı gizli şəkildə aparmayıb, həmin vaxt ailənin başqa üzvləri də evdə olub.

 

İttihama görə, 2021-ci ilin dekabrında Sabunçu qəsəbəsində 2-yaşlı Məhəmməd Şıxəliyev oğurlanıb. Hüquq mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində uşağın yeri yanvarın 8-də müəyyənləşdirilib.

 

Gültəkin Muradova şübhəli şəxs qismində saxlanılıb. O Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur.