Uzun illər yolumuzu gözləyən yurd yerlərimizdə artıq yeni həyat başlayır - İbrahim Mirzəyev

19:13 19.07.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gündən Zəngilanın Ağalı kəndinə köç başladı.

Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev hafta.az-a açıqlamasında bu günün xalqımız, dövlətimiz üçün çox əlamətdar bir gün olduğunu qeyd edib.

“İşğaldan azad edilmiş ərazilərə - tarixi Azərbaycan torpaqlarına Böyük qayıdış başlandı. Bu gün biz möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun  44 günlük Vətən müharibəsində qazandığı Qələbənin sevinci, qüruru ilə doğma yurda ilk köç karvanını yola saldıq.

Torpaqlaımızın azadlığı uğrunda, bizə bu xoş günləri bəxş etmək naminə həyatını qurban verən şəhidlərimizin xatirəsinə ehtiramımız sonsuzdur. Onların ailə üzvləri, müharibə əlilləri və veteranları bizim üçün əziz insanlardır, dövlətimiz tərəfindən onlara hərtərəfli qayğı göstərilir”.

İ.Mirzəyev bildirib ki, məcburi köçkünlük həyatı yaşayan hər bir həmvətənimiz də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.

“Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır.

Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirilir, infrastruktur layihələri icra edilir. Cənab Prezidentin bildirdiyi kimi, keçmiş məcburi köçkünlərə öz ata-baba torpaqlarına qayıtmaq və daimi məskunlaşmaq üçün ən yaxşı şərait yaradılması mühüm vəzifə kimi qarşıya qoyulub”.

Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sözçüsü bildirib ki,

düşmənin viran qoyduğu şəhər və kəndlərimizin bərpası planları hazırlanır, bunların bir hissəsi artıq hazırdır.

“Yenidənqurma və bərpa prosesi müasir, mütərəqqi texnologiyalar əsasında aparılır. Ağalıda “ağıllı kənd” layihəsinin icrası bunun əyani təzahürüdür.

Uzun illər yolumuzu gözləyən yurd yerlərimizdə artıq yeni həyat başlayır.İnanrıq ki, keçmiş məcburi köçkün həmvətənlərimiz qayıtdıqları doğma torpaqların dirçəldilməsində fəal iştirak edəcəklər, o yerləri həqiqətən gülüstana çevirəcəklər. Ağalı kəndinin sakinlərini öz el-obalarına qayıtmaqları münasibətilə təbrik edir, onların hər birinə firavanlıq xoşbəxtlik arzulayıram”.