Son illər vahid məktəbli forması ilə bağlı müzakirələr müxtəlif formatda, müxtəlif məzmunda aparılır. Təhsil Nazirliyi səviyyəsində təklif verənlər əsasən keyfiyyəti, ictimai müzakirələrdə isə qiyməti ilə bağlı narazılıqlarını bildirirlər.
Fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib. Mütəxəssislər məktəbli formalarının tətbiqinə dair mövcud standartlar və keyfiyyət məsələləri ilə bağlı öz fikirlərini səsləndiriblər.
Bu gün ölkədə vahid məktəbli formalarının keyfiyyəti standart normalara cavab verirmi?

"Məktəb rəhbərlərin istehlakçılarla biznes əlaqələrinə girməməlidir"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyinov hafta.az-a açıqlamasında bildirdi ki, bu məsələ dünən müzakirə olundu və mən də dəvət olunmuşdum:
“Təhsil Nazirliyi müvafiq işləri görüb. Formaların eskizlərini təqdim edib. Standartlar müzakirə olunub. Lakin illərdir görürük ki, bu işlə məşğul olan kiçik şirkətlər bəzi normalara əməl etmirlər. Bazara daxil olmaq üçün cəhdlər olunur. Bəzən liberal bazar qanunları pozulur və keyfiyyətsiz mallar satılır. AİB-nə daim bu haqda zənglər gəlir. Valideynlər bu haqda öz iradlarını bizə bildirirlər. Dünənki yığıncağda AİB radikal çıxış etdi. İstehlakçıların yanında bildirdik ki, məktəb rəhbərlərinin istehlakçılarla biznes əlaqələrinə girməsi olmamalıdır”.
E.Hüseynov bu məsələdə artıq problemin həll olunması üçün dünənki yığıncaqdan sonra təkliflər planı da hazırlayıb təqdim edəcəyini bildirdi:
“Nazirlər Kabinetinə eləcə də Təhsil Nazirliyinə vahid məktəbli formalarının keyfiyyəti və digər məsələlərlə bağlı təkliflər verəcəyik. Biz ilk dəfə idi ki, belə dəyimri masada iştirak edirdik. Mənim verdiyim təklif də qəbul olundu. Bir həftə ərzində bütün istehlakçı şirkətlər Təhsil Nazirliyinin İctimai Şurasına bazara daxil olmaları barədə sənəd təqdim etsinlər. Onlar göstərsinlər ki, məktəb direktorları ilə biznes sövdələşməsi aparmayacaqlar”.
Birlik sədri qeyd etdi ki, vahid məktəbli formalarının hazırlanması ilə bağlı tikiş fabriklərində heç bir araşdırma aparılmayıb:
“Biz bu vaxta qədər belə bir araşdırma aparmamışıq. Ancaq qarşıdakı planlarda var ki, belə bir araşdırma da aparılsın. Bizi ən çox maraqlandıran məsələlərdən biri də qiymət məsələsidir ki, bunu da yaradan səbəb məktəb direktorlarıdır. Onlar istehlakçılarla əlaqə yaradıb öz istədikləri qiymətə təklif edirlər. Hansıki bu da qadağandır. Biz gözləyəcəyik ki, tikiş firmaları sənədləri təqdim etsinlər. Ondan sonra hansı tikiş fabrikinə üstünlük veriləcəyi məlum olsun. Çoxnövlü tikiş fabriklərinin fəaliyyətinшт olmasının tərafdarıyıq. Biz də keyfiyyətin yüksək olması ilə bağlı öz araşdırmalarımızı davam etdirəcəyik”.

"Təhsil Nazirliyi əlaçı geyim forması da hazırlatmalıdır"
Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, məktəbli forması şagirdləri fərqləndirən əsas əlamətlərdəndir. Bu zaman təbii ki, iki üsuldan istifadə etmək daha məqsədəuyğun olar:
“İbtidai siniflər üzrə başqa rəng çaları əsasında, yuxarı siniflərdə isə fərqli rəng çaları əsasında məktəbli forması olmalıdır. Amma bu proses bütün ölkə miqyasında eynilik təşkil etməlidir. Yəni bütün məktəblərdə vahid geyim forması Təhsil Nazirliyinin müəyyənləşdirdiyi qaydada olmalıdır. Bu yaxınlarda bununla bağlı müzakirələr gedib və artıq 2020-2021-ci ildən vahid geyim formasının tətbiqinə başlanacaq və bu zaman fəsillərə görə geyimlərin hazırlanması da nəzərdə tutulur. Burada xüsusi bir məqamı diqqətə almağı düşünürəm. Belə ki, Təhsil Nazirliyi şagirdlər arasında sağlam rəqabət yaratmaq, örnəklilik nümunəsi və motivasiya baxımından xüsusi əlaçı geyim forması da hazırlatmalıdır. Bu geyim sözün həqiqi mənasında və real olaraq əlaçı olan şagirdlərə təqdim olunmalıdır. Yəni müxtəliflik yalnız bu məqam üçün daha ideal olar. Amma hər məktəb üçün fərqli forma əlbəttə qarışıqlıq yaradacaq. Bundan əlavə, hazırlanacaq məktəbli forması valideynlərin ailə büdcəsini nəzərə alaraq qiymətləndirilməlidir. Yəni əlçatanlılıq prinsipi gözlənilməlidir. Həmçinin rayon və ucqar dağ kənd məktəblərinin şagirdlərinə də bu formaların çatdırılması səyyar xidmət vasitəsilə və ya yerli Təhsil Şöbələri vasitəsilə təmin edilməlidir”.

"Vahid qiymət siyasətindənsə, rəqabətli mühit yaradılsın"
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, məktəbli formaları ilə bağlı müxtəlif qaydalar tətbiq olunsa da, keyfiyyətə və qiymətə nəzarət mexanizmi elə asılı vəziyyətə qalır:
“Normalda mərkəzləşdirilmiş qaydada edəcəkdilərsə, şəffaf tenderlər keçirlməli idi. Tender nəticələri ilə bağlı məlumatlandırılmaolmalıdır. Təəssüf ki, bu baş vermədi. Tenderlər elan olunmur və ya olunursa bu haqda məlumat yoxdur. Düşünürəm ki, vahid qiymət siyasəti aparmaqdansa, rəqabətli mühiti artırmaq daha yaxşı olar. Bir neçə şirkətlərin qurulması, yerli pambıqçılıqdan öz məhsulumuz kimi parçaların tikilməsi daha ciddi xeyir verə bilər. İqtisadi canlanmaya səbəb olar. Qiymətin tənizmlənməsində də bu ciddi rol oynayar. Əgər qeyd edilənlər həll olunmasa nə keyfiyyət, nə qiymət öz həllini tapmayacaq. Bu gün qiymətlər standartlara cavab vermir”.