Vahid taksi xidməti - QİYMƏTLƏR BAHALAŞACAQ?

15:59 27.10.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycanda vahid taksi xidmətinin yaradılması gözlənilir. Bununla bağlı sənəd hazırlanıb. Bu məlumat ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Bəzi ekspertlər hesab edirlər ki, bu sahədə hansısa tənzimlənmə siyasətinə ehtiyac yoxdur. Əgər bu addım rəqabət mühitinin formalaşdırılması məqsədilə atılırsda, hazırda taksi fəaliyyəti sahəsində kifayət qədər rəqabət var. Azərbaycanda vahid taksi xidmətinin yaradılması taksi fəaliyyəti sahəsində rəqabət mühitini korlayacaq və beləliklə də bu sahə inhisara alınacaq.

Bəziləri isə hesab edir ki, taksi xidməti ilə bağlı müəyyən nəzarət mexanizmi lazımdır. Taksi şirkətlərinin zaman-zaman özbaşınalıqları, süni qiymət artımı, keyfiyyətsiz xidməti əhali arasında narazılıqla qarşılanır. Bəs görəsən, bu dəyişiklik həqiqətən də inhisarçılığa yol açacaq, yoxsa taksi şirkətlərinin fəaliyyəti tənzimlənəcək? Ümumiyyəytlə, bu addım taksi şirkətlərinə və müştərilərə necə təsir göstərəcək.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycan bazarında taksi fəaliyyəti ilə məşğul olan kifayət qədər şirkət mövcuddur. Bu şirkətlər arasında müştərilərin ən çox istifadə etdikləri isə "Uber" və “Bolt” taksi şirkətləridir. Bu ilin iyulunda yerli bazara “Yango” adlı daha bir şirkət daxil olub. Hazırda bazarda kifayət qədər populyarlıq qazanıb.

Bu şirkətlərin dünyada yaranma tarixinə gəlincə, “Bolt” taksi, yemək çatdırma, karşerinq və mikromobillik təklif edən Estoniya şirkətidir. Şirkət Avropa, Afrika, Qərbi Asiya və Latın Amerikasında 45 ölkədə yerləşən 300-dən çox şəhərdə, o cümlədən Azərbaycanın Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərir. Şirkətin 75 milyondan çox müştərisi var və 1.5 milyon sürücü “Bolt”dan gedişlər təklif etmək üçün istifadə edir.

“Uber” - dünyanın ən böyük onlayn taksi sifarişi xidməti hesab olunur.  Əsası 2009-cu ildə sahibkarlar Trevis Kalanik və Harret Kemp tərəfindən qoyulan və mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən kompaniya hazırda dünyanın, təxminən, 80 ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir.

“Yango” taksi xidməti “Yandex.Taxi” şirkətinin törəməsidir,  o, 22 iyuldan Azərbaycanda fəaliyyətə başlayıb. “Yandex.Taxi” və “Uber” 13 iyul 2017-ci il tarixində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan və Rusiyada taksi fəaliyyətlərini birləşdirmək üçün bir müqavilə imzaladılar. Bu birləşmə qərarından sonra “Yandex” 100 milyon dollar və “Uber” 225 milyon dollar sərmayə qoydu və bu ortaqlıq nəticəsində ümumi dəyəri 3,8 milyard dollar olan yeni bir şirkət quruldu. Yeni şirkətdəki ortaqlıq payları; Yandex 59,3%; Uber% 36,6, qalan 4.1% işçilərə məxsusdur. Yeni şirkət Tiqran Xudaverdyan tərəfindən idarə olunur. 22 may 2019-cu il tarixində Tigran Xudaverdyan MLU BV-nin yeni İcraçı vitse-prezidenti vəzifəsinə Daniil Şuleyko təyin olunduğunu elan edib.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, vahid taksi xidmətinin yaradılması dövlətin bu sahəni müəyyən qədər monopoliyaya almaq istəyi demək deyil: “Vahid taksi sistemi bir taksi şirkəti demək deyil. Dövlətin özünün taksi xidməti şirkətləri mövcuddur. Eyni zamanda digər müstəqil taksi şirkətləri sistemi mövcuddur. Taksi operatorları var. Sadəcə, bu gün Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri, həmçinin fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan insanların, həmçinin sahibkarların da fəaliyyətinin tənzimlənməsi, taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı atılan addımlardan söhbət gedir. Hazırda taksi xidməti sahəsini götürsək, bu, sırf bazar iqtisadiyyatı qaydalarına uyğun formalaşıb. Söhbət paytaxt Bakıdan gedir. Lakin burada müəyyən çatışmazlıqlar var. Taksi şirkətləri, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan sürücülər elementar qaydalara əməl etmirlər. Nazirlər Kabinetinin də elan etdiyi reqlamentə görə taksi sürücüsünün yaşı 21-dən, sürücülük təcrübəsi iki ildən az olmamalıdır. Taksi fəaliyyətində istifadə olunan  avtomobilin, minik maşınının üzərində mütləq qaydada sarı, işıqlı taksi fənəri olmalıdır. Daha sonra sürücülər çox vaxt taksi operatoru şirkətlərindən şikayət edirlər ki, onları istismar edirlər. Taksi operatoru şirkətləri sürücülərdən yüksək komissiya haqqı alırlar. Sərnişinlər şikayət edirlər ki, taksi sürücüləri özlərini nalayiq aparırlar. Bunların hamısını tənzimləmək üçün, nəzarətdə saxlamaq üçün vahid xidmət olmalıdır. Bu tələblərə əməl edilməsinə nəzarət edən iki qurum var. Biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Yerütsü Nəqliyyat Agentliyi, o biri isə, sırf Bakı şəhəri ərazisində nəqliyyatın hərəkərini tənzimləyən Bakı şəhər İcra Hakimiyyəti nəzdində Bakı Nəqliyyat Agentliyidir. Görünür, bu qurumlar vəzifələrinin öhdəsindən gələ bilmədiklərindən vahid taksi xidmətinin yaradılması üzərində iş aparılır. Bu addım qiymət artımına da səbəb olmayacaq. Çünki burada vahid qiymət tətbiq etmək qeyri-mümkündür. Yəni, bu sahə elə bir sahədir ki, qiymətləri müxtəlif faktorlar tənzimləyir. Tutaq ki, günün pik saatlarında, hava şəraiti əlverişsiz olduqda qiymətlər adi günlərdəki kimi hesablanmır. Ən azı 2 dəfə bahalaşır. Belə bir sahədə diqtə edən qiymət tətbiq etmək isə qeyri-mümkündür”.

Mövzu ilə bağlı Azərbaycan bazarında fəaliyyət göstərən və kifayət qədər populyarlıq qazanmış “Uber” və “Bolt” şirkətlərinə sorğu da ünvanladıq. Amma şirkətlər bu cür məsələlərlə bağlı açıqlama vermək istəmədiklərini bildirdilər.