Vahid vəsiqə iş təcrübəsi qazanmış jurnalistlərə verilməlidir - Cahangir Məmmədli

09:58 27.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yeni qurum artıq medianın bütün istiqamətlərini nəzarətdə və diqqətdə saxlayacaq

Məlum olduğu kimi, ötən ay Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Azərbaycan mediasında başlanılan islahatlarla bağlı “Həftə içi” qəzetinin müsahibi tanınmış jurnalist, Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlidir.

- Cahangir müəllim, Azərbaycanda Medianın İnkişafı Agentliyinin yaradılmasını zəruri edən səbəblər nədən ibarət idi?

- Məlum olduğu kimi, son illər Azərbaycanda siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində köklü islahatlar həyata keçirilir. Sıra media sahəsinə çatıb və bu ildən başlayaraq KİV müstəvisində ciddi addımların atılması, islahatların aparılması planlaşdırılır. Cənab Prezidentimiz bütün istiqamətləri diqqətdə saxladığı kimi, mediamızın da, azad sözümüzün də daha da inkişaf etdirilməsini daim diqqətdə saxlayır. Uzun müddətdir fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da elə bu məqsədlə yaradılmışdı. Əgər bu gün dövlət başçısı həmin təşkilatın varisliyi fonunda yeni bir qurum yaradırsa, bunun daha mükəmməl və səmərəli fəaliyyətə əsaslanan bir agentlik olacağını düşünürəm. Medianın İnkişafı Agentliyi qarşısında ölkə Prezidentinin özünün göstərişləri var. Agentliyin yaradılmasını həm də milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı saymaq olar. Yeni yaradılan Agentliyin sədri Əhməd İsmayılov da peşəkar insandır. Onun Mirşahinlə müsahibəsinə baxdım və bir daha əmin oldum ki, bu Agentlik çox böyük işlər görəcək, informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək. Bu səbəbdən, yeni qurumun çoxşaxəli fəaliyyətində informasiya təhlükəsizliyimizə böyük töhfələr verəcəyi şübhə doğurmur. Yeni qurumun fəaliyyət istiqamətlərindən biri də dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, qurumların KİV-lə təmaslarının təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılmasıdır. Bununla bağlı tədbirlərin həyata keçirilməsi yeni agentliyin əsas işlərindən biri olacaq. Təbii ki, xarici təcrübənin öyrənilməsi və əməkdaşlıqların genişlənməsi ilə yanaşı mediamız üçün daxili informasiya mübadiləsi prosesinin və informasiya mənbələrinə birbaşa çıxışın səmərəli təşkili də çox mühüm əhəmiyyətə malikdir. Təəssüf ki, indiyədək bu istiqamətdə qarşılıqlı əlaqələr o qədər inkişaf etməmişdi. Məhz yeni qurumun bundan sonra həmin problemin həll edilməsinə ciddi töhfələr verəcəyi şübhə doğurmur. Təbii ki, beynəlxalq əməkdaşlıq üçün yerli kadr potensialının formalaşdırılması zərurəti meydana çıxır. Nizamnamədə bu sahədə mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində də aktiv işlərin görülməsi nəzərdə tutulur. Bu məni çox sevindirir. Jurnalistika fakültəsinin müəllimi kimi məni maraqlandıran da əsas bu məsələdir. Bu  peşəkarlığı  təkcə jurnalistika fakültəsində təmin etmək mümkün deyil. Jurnalistika ilə məşğul olanların təxminən 90 faizi ixtisasca jurnalist deyil. Bax, o adamları birləşdirib, elə bizim jurnalistika fakültəsinin köməyindən istifadə edib təlimlər təşkil etmək olar. Belə bir ideya var, mənə elə gəlir ki, Agentlik bunu təşkil edəcək.  Bundan başqa, Agentliyin fəaliyyət sahəsinə ənənəvi media ilə yanaşı, onlayn media sferası da daxil edilir. Bu, onlayn medianın tənzimlənməsi baxımından ilk rəsmi təsisatdır. Agentlik vasitəsilə onlayn mediaya dövlət dəstəyinin göstərilməsi bu sahədə inkişafa ciddi stimul verəcək. Yəni yeni təşkilat bütövlükdə medianı nəzərdə tutur. Bizim qəzetlərdən əlavə  saytlarımız  var ki,  onlar KİVDF-nin həmin saytları hesaba almadığından narazılıq edirdilər. Ona görə də yəqin, indi o saytlar hesaba alınacaq. Yeni qurum artıq medianın bütün istiqamətlərini nəzarətdə və diqqətdə saxlayacaq.

- Bu gün KİV haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məsələsi də əsas müzakirə mövzularından biridir. Sizcə, media sahəsində yeni qanuna ehtiyac varmı?

- Bizim köhnə “Kütləvi İnformasiya Vasitələri” haqqında qanun həqiqətən ideal qanun idi. Zaman dəyişir, texnologiya dəyişir, tələblər dəyişir. Məsələn, bu gün internet xəbər portalları bəlkə də ön sıraya keçir, “Qəzetlər sıradan çıxa bilərmi?”, “Bunun ehtimalı varmı” və s. kimi suallar bizi narahat edir.Təbii ki, yeni texnologiyalar şəraitində qanun mütləq dəyişilməli və biz yeni çağırışlara uyğunlaşmalıyıq. Yeni qanunda məmur-jurnalist münasibətlərinin ciddi şəkildə tənzimlənəcəyini görə biləcəyik. Bu gun məmur yeri gələndə jurnalistə qarşı saymazlıq edir. Qanun bu problemi aradan qaldıracaq. Bundan başqa, qanun mətbuat azadlığına daha artıq imkan yaradacaq, maddələr xüsusilə jurnalistin azad və sərbəst olmasına şərait yaradacaq. Əgər “KİV haqqında” qanunun əvvəlki variantı birbaşa, daha çox print jurnalistikasını əhatə edirdisə, yeni qanun bütün media sistemini əhatə edəcək. Ona görə də bu qanunun adı “Media haqqında” qanun olacaq. Bu, çox gözəl variantdır. Media qurumlarının biznes şəraitinə kömək məsələləri də ortaya qoyulacaq. Əvvəlki variantda olmasa da, hər halda yenə də maddi cəhətdən çətinlik çəkən KİV-lərə dövlət dəstəyi olacaq. İndiki miqyas çox geniş olacaq və bu da jurnalistikanın inkişafına birbaşa təsir edəcək.

Bir yol tapılmalıdır ki, reklam göstərişlə, sifarişlə verilməsin

- Cahangir müəllim, bilirik ki, müasir medianın əsas problemlərindən biri reklam bazarına çıxış imkanlarının məhdud olmasıdır. Sizcə, mediada başlanan islahatlar bu problemin həllinə təkan verə biləcəkmi?

- Bu məsələ çox ciddi məsələdir. Bəlkə də bizim jurnalistikamız üçün, media qurumları üçün taleyüklü bir məsələdir. İndiyə qədər Azərbaycanda kimə reklam verilsin, kimə verilməsin ayrı-seçkiliyi olub. Bu məsələ hazırda da var. Açığını deyim, bununla bağlı haradasa yuxarıdan göstəriş var. Bu göstərişi aradan qaldırmaq, ləgv etmək üçün kütləvi informasiya vasitələrimiz o qədər peşəkar olmalı, ictimai marağı o qədər özünə cəlb etməlidirlər ki, avtomatik olaraq reklam verənlər həmin KİV-lərə yönəlməlidirlər. Hesab edirəm, yeni qanunda reklam məsələsi ciddi şəkildə qoyulmalıdır. Düzdür, reklamçıya demək olmaz ki, reklamı kimə ver. O göstərişi rəsmi şəkildə vermək olmaz. Amma yenə də buna bir yol tapılmalıdır ki, reklam göstərişlə, sifarişlə verilməsin. Reklam ancaq reklam bazarında rəqabətdə yüksək yer tutmuş media qurumlarına verilsin.Bunu həll etmək lazımdır, bu məsələ öz həllini gözləyir.

- Azərbaycanda jurnalistlərin vahid vəsiqə ilə təmin olunması barədə fikirlərə necə baxırsınız?

- Bu, çox yaxşı ideyadır və başqa ölkələrdə olduğu kimi Azərbaycanda da tətbiq olunmalıdır. Ən adi media qurumu, məsələn, hansısa “sayt” 15-20 adama vəsiqə verir, buraxırlar obyektlərə. Bu çox biabırçı  vəziyyətdir, bir jurnalist kimi bundan xəcalət çəkirəm. Jurnalist olmadan, jurnalistikanı bilmədən, peşəkarlığı olmadan, yalnız hansısa məmurun qarşısına gedib onu bir az da qorxudub pul almaq nə peşə etikasına, nə də peşəkarlığa sığır. Açıq danışaq, belə “jurnalistlər” çoxdur və onların da cibində jurnalist vəsiqəsi var. Həmin vəsiqələri onlardan almaq lazımdır. Eyni zamanda, bu vəsiqə, ən azı, 3-5 il təcrübəsi olan jurnalistlərə verilməlidir. Yəni, vahid vəsiqə ilə müəyyən iş təcrübəsi qazanmış jurnalistlər təmin olunmalıdırlar və bilərəkdən hansısa nöqsana yol verildikdə isə həmin vəsiqələr geri alınmalıdır. Digər tərəfdən, jurnalist hansısa məmurun qarşısında oturanda o hiss etməlidir ki, bu adam doğrudan da peşəkar jurnalistdir və həmin məmur sözün yaxşı mənasında jurnalistdən ehtiyat etməlidir. Yoxsa, heç kimə sirr deyil ki, vəsiqə paylayan “redaksiyalar” ancaq mənfəət, rüşvət güdürlər. Bunu aradan qaldırmağın yollarını axtarmaq lazımdır. Mənə elə gəlir ki, Medianın İnkişafı Agentliyi bu yolları axtarır.