Yeni tədris ilinin başlamasına az bir zaman qalır. Uşaqlar 3 aylıq tətildən sonra məktəbə, valideynlər isə məktəb üçün alış-verişə hazırlaşırlar.
Bəs, görəsən, bu il məktəb ləvazimatlarının qiymətində dəyişiklik varmı? Məktəbli formaları neçəyədir? Ümumiyyətlə, bir uşağı məktəbə yola salmaq neçəyə başa gəlir?
Qeyd edək ki, məktəb alış-verişi deyilən kimi ağıla ilk gələn çanta olur. Hazırda çantaların qiyməti keyfiyyətindən, istehsal edildiyi ölkədən asılı olaraq 40-296 manat arasında dəyişir. Ötən il bu rəqəm 30-220 manat arasında dəyişirdi. Yerli bazarlarda satışda olan məktəb ləvazimatları əsasən, Türkiyə, Çin və Rusiya istehsalıdır. Çeşid bol olsa da, qiymətlərdə ötən illə müqayisədə 10-15 faiz artım müşahidə olunur. Satıcılar bunu daşınma xərclərinin artması ilə əlaqələndirirlər. Əsas qiyməti bahalaşan məhsullar çantalar, kağız məhsulları və rəngli karandaşlardır.
Beləliklə, hazırda əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:
Çanta: 40 - 296 manat
Dəftər: 50 qəpik – 4 manat
Sadə karandaşlar: 20 qəpik - 2,80 manat
Rəsm albomları: 1-7 manat
Dəftər-kitab üzlükləri: 20-50 qəpik
Sadə qələmlər: 20 qəpik, daha keyfiyyətliləri 1,50 qəpiyə qədər
Rəngli karandaşlar: 2-8 manat
Pozan: 40-50 qəpik
Karandaşyonan: 20 qəpik - 1 manat 50 qəpik
Xətkeş: 40 qəpik - 2,50 manat
Plastilin: 2- 4,50 manat
Quaş boya 2,50- 8 manat
Fırça: 30-50 qəpik
Pərgar dəsti: 1,50 - 5 manat
2023-cü ildə isə əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimi olub:
Çanta: 15-55 manat
Dəftər: 40 qəpik - 2 manat
Sadə karandaşlar: 10 qəpik -1,80 manat
Rəsm albomları: 1-4 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Rəngli karandaşlar: 1 – 5 manat
Pozan: 20-50 qəpik
Karandaşyonan: 15 qəpik - 1 manat 20 qəpik
Xətkeş: 20 qəpik -2,40 manat
Plastilin: 1- 4,40 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Pərgar dəsti: 1 - 3,6 manat
Amma təbii ki, məktəb bazarlığı təkcə məktəbli ləvazimatları almaqla bitmir. Valideynlər məktəb bazarlığı edərkən övladlarına həm də məktəbli forması və yeni ayaqqabı almalıdırlar. Ötən ildən fərqli olaraq bu il məktəbli formaları nisbətən ucuzlaşıb. Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov bildirib ki, məktəbli formalarının qiymətlərində 20 faiz ucuzlaşma olub: "Məktəbli şalvarı və ətəklərinə 20 faiz endirim edilib. Bu ilə qədər şalvar və ətəklər 25 manat idi, bu ildən 20 manatdır. Köynəklərdə isə qiymət dəyişməyib. Çünki onlar 95 faiz pambıqdan istehsal olunur, o səbəbdən qiymətində dəyişiklik yoxdur. Ötənilki kimi 15 manatdır".
Ayaqqabıların qiymətinə gəlincə, ölçüsündən və istehsal ölkəsindən asılı olaraq hazırda bazarda satış qiyməti 35-75 manat arasında dəyişir. Beləliklə, apardığımız təxmini hesablamalara görə, bir uşağı məktəbə göndərmək üçün valideyn ən azı 300-350 manat xərcə düşməlidir. Ötən il bu rəqəm 250-300 manat təşkil edirdi. Əgər bir ailədən 2-3 uşaq məktəbə gedirsə, onda xərc daha da artır. Bu vəziyyətdə təsəlliverici yeganə məqam odur ki, iş dəftərləri olmasa da, dərsliklər məktəblilərə dövlət tərəfindən pulsuz verilir. Yoxsa valideynlərin işi daha da çətin olardı.