Valideynlərin peyvənd qorxusu

11:35 09.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu gün  dünyada 18 yaşından aşağı şəxsləri peyvənd proqramlarına daxil edən ölkələrin sayı get-gedə artır. Bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer-BioNTech” peyvəndinin 12 yaşdan yuxarı uşaqlar üçün uyğun olduğuna qərar verib. Buna baxmayaraq, müxtəlif ölkələrdə 12 yaşdan yuxarı uşaqların peyvənd olunmaları məsələsi müxtəlif amillər üzrə həyata keçirilir.

Amerikada 12 yaşlı uşaqlar üçün bu ilin may ayında “Pfizer-BioNTech” peyvəndi təsdiq edildikdən sonra, onun tətbiqinə iyun ayında başlanıldı. Çində isə ölkədə istehsal olunan “Sinovac” peyvəndi 3 yaşdan yuxarı olan hər kəs üçün təsdiqlənib. İyun ayından etibarən, artıq ölkədə 3-17 yaşlı uşaqların bir hissəsinə “Sinovac” peyvəndi  vurulub.

Bəs  bizdə azyaşlıların peyvən olunmaları  ilə vəziyyət necədir? Ümumiyyətlə, valideynlər bu məsələdə nə qədər maraqlıdırlar?

Mövzu ilə bağlı hafta.az-a açıqlama verən həkim-pediatr Vaqif Qarayev deyir ki,  bizdə valideynlər övladlarını peyvənd etdirməkdən çəkinirlər. Əgər müəyyən məhdudiyyətlər olmasaydı, heç özləri də vaksin olunmazdılar:

“COVID-19 peyda olunduğu gündən etibarən verilən bütün müsbət və mənfi proqnozlar özünü doğrultmayıb. Əvvəl deyirdilər ki, uşaqlar yoluxmur.  Sonradan gördük ki, qadın xəstəliyə yoluxubsa, hətta ana bətnində dölə  keçə bilir. Elə ölkəmizdə də uşaqlarda koronavirusdan ölüm halı baş verib.  Düzünü desəm,  məktəblərin açılmasının tərəfdarı deyildim, kaş bağlı qalaydı. Bütün dünyada məktəblər açıldıqdan sonra yoluxma çoxaldı. Ardınca isə qərar verildi ki, 16-18 yaşarası  uşaqlara valideynlərinin razılığı ilə “Pfizer” peyvəndi  vurulsun. Hələ eşitməmişəm ki hansısa valideyn övladını peyvənd etdirsin.  Türkiyədə belə qərar olsa da, vaksin olunan uşaqların sayı olduqca azdır”.

Həkimin sözlərinə görə, azyaşlılar üçün xüsusi peyvəndin hazırlanması müsbət hal olardı. Bu həm də böyüklərə tətbiq olunan peyvəndin azyaşlılarda yan təsirlər yaratmasının qarşısını alar. Həkim güman edir ki,  “Pfizer” peyvəndi uşaqlarda bir sıra əks-göstərişlərlə müşahidə oluna bilər:

“Elm adamları arasında belə mülahizə var idi ki, uşaqlar üçün xüsusi vaksin hazırlansın. Açığı, bu məni peyvəndin yan təsirləri baxımından xeyli rahatlatmışdı. Vaksinlər müxtəlifdir. “Pfizer”də orqanizmə yeridilən virus diridir. Ona görə də onun yaratdığı immunitet davamlıdır.  Fikrimcə, diri vaksinlərin uşaqlara tətbiqi əlverişli deyil, yan təsirləri çox olacaq. Həkim olaraq tövsiyə edə bilmərəm ki,  uşaqlarınıza vaksin vurdurun. Bununla bağlı ortada heç bir nümunə  yoxdur. Elə valideynlərdən icazəni də özlərinə "əlyeri" qoyublar. Sabah pis hadisə olarsa, deyəcəklər ki, siz özünüz razılıq vermişdiniz. Bu qəbil ziddiyyətli mülahizələrin fonunda inanmıram ki, hansısa valideyn könüllü şəkildə övladını peyvənd etdirsin”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən birgə qəbul edilən razılaşmaya əsasən, sentyabr ayının 7-dən etibarən, 16-18 yaşlı yeniyetmələrin peyvənd olunmaları üçün vaksinasiyanın səbəbini göstərməklə, valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir. Hazırda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır.

Oxunma sayı 24