“Vaqner” İtaliya müdafiə nazirinin başına 15 milyon dollar mükafat qoyub

11:35 17.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın muzdlu silahlı təşkilatı "Vaqner" İtaliyanın müdafiə naziri Guido Crosettonun başına 15 milyon dollar mükafat qoyub.

Hafta.az-ın “Euractiv”ə istinadən yazdığına görə,  İtaliya kəşfiyyatının “Vaqner”in mükafat qərarını təxminən 10 gün əvvəl öyrəndiyi, lakin bu həftəyə qədər məsələnin açıqlanmadığı bildirilib. İtaliya mətbuatında öz əksini tapmış məsələ ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.

İtaliyanın müdafiə naziri Krosetto Afrikadan İtaliyaya immiqrant axınının artmasında “Vaqner”i günahlandırıb.

“Vaqner”in bəzi Afrika ölkələrindəki səlahiyyətlərindən İtaliya və Avropada siyasi qarışıqlıq yaratmaq üçün istifadə etdiyini bildirən Krosetto, Avropanın cənubunun getdikcə daha təhlükəli hala gəldiyi barədə AB və NATO-ya xəbərdarlıq edib.

"Vaqner"in rəisi Yevgeni Priqojin İtaliyanın müdafiə nazirinə verdiyi cavabda bu iddiaları təkzib edərək deyib: "Krosetto diqqətini başqalarının işinə deyil, yəqin ki, heç vaxt həll etməyəcəyi öz problemlərinə yönəltməlidir. Biz nə baş verdiyini bilmirik, miqrant böhranı bizi maraqlandırmır. Bizim öz problemlərimiz var”.

Priqojin Telegram səhifəsində də Krosetto üçün rus dilində təhqiramiz ifadələr işlədib.

İtaliya xarici işlər naziri Antonio Tajani də İsrailə səfəri zamanı eyni mövzuya diqqət çəkərək, "Vaqner”in nəzarətində olan bölgələrdən İtaliyaya narahatedici sayda mühacir gəlir" deyib.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 1-dən martın 15-i arasında İtaliyaya 20 min 21 immiqrant gəlib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 6263, 2021-ci ildə isə 6 min 41 olub.

Kremllə sıx əlaqələri olan rus muzdlu dəstəsi “Vaqner” Liviya, Mali və Mərkəzi Afrika Respublikası kimi ölkələrdə fəaliyyət göstərir. Qrup həmçinin Rusiyanın Ukraynanın şərqindəki Bəhmut şəhərinin ələ keçirilməsi əməliyyatına rəhbərlik edir.

Bir çox ölkədə əməliyyatlarını davam etdirən “Vaqner” yeni əsgərlər tapmağa da çalışır.

“Vaqner” əvvəllər Rusiya həbsxanalarında olan insanları əfv müqabilində Ukraynada döyüşmək üçün cəlb edirdi. Ən azı 20 min adamın həbsdən çıxdığı və “Vaqner”ə qoşulduğu güman edilir.

ABŞ administrasiyası hesab edir ki, Ukraynada müharibə başlayandan bəri 30 mindən çox “Vaqner” döyüşçüsü döyüşlərdə həlak olub.