Azərbaycanda biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilə qədər borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək.
Bu, Azərbaycan Mərkəzi Bankının (AMB), Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla qəbul etdiyi Tədbirlər Planında bildirilir.
Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir. Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.
Mərkəzi Bankın qəbul etdiyi Tədbirlər Planına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli hafta.az-a bildirdi ki, Mərkəzi Bank verilmiş problemin nə qədər dərində olduğunu, qərarların isə fəsadlarını düşünməyib:
Verilmiş qərarlar çox qəlizdir. Sadə və effektiv qərarların alınmasına ehtiyac var idi. Dəstək ifadə etmə forması çox azdır. Ola bilər ki, Mərkəzi Bankın məhdudiyyətlərindən doğan çərçivələrə görədir. Söhbət ondan gedir ki, istehlak kreditləri ilə bağlı demək olar ki, heç bir kömək yoxdur. Sentyabr ayına qədər gecikmələr olsa ona faiz ödənməyəcək. Əvvəl belə idi ki, vətəndaşlar istehlak kreditinə görə banka gecikmələri olduqda faiz ödəyirdilər. Bu qərara görə ödəməyəcəklər. Bu da yalnız sentyabra qədər nəzərdə tutulub. Sentyabrdan sonra cərimələr də tətbiq olunacaq. Vətəndaşlar üçün aid olan hissə budur. Digər şərt odur ki, təqribən 1 milyarda yaxın biznes və ipoteka kreditlərinin hesablanması üçün pul ayrılıb. Bu da o deməkdir ki, təqribən 20 minə yaxın kiçik və orta sahibkarlar martın 1-ə kimi götürdükləri kreditlər üçün hesablanmış faizlərin yarısını Mərkəzi Bank və hökumət öz üzərinə götürə bilər. Yəni sadə dildə desək sahibkar martın 1-ə kimi 14 faizlə kredit götürübsə bunun 7 faizini hökümət, qalanını isə özü ödəmildir. Yüzlərlə insan var idi ki, tam qapadılmış işlərdə çalışırdılar. Restoran, kafe, idman zalları bir aydan çoxdur ki, işləmirlər. May ayında karantin bitsə də o sahələrin açılması hələ gündəmdə deyil. Bu o deməkdir dövriyyəsi yoxdur, amma o iş adamı da məcbur o faizin yarısını ödəməlidir. Bəs o iş adamı necə ödəsin? Burada boşluqlar yaranır".
Ekspert bu məsələ ilə bağlı verdiyi təkliflə məsələsinə də toxundu. O, bildirdi ki, Mərkəzi Banka dəfələrlə təklif etmişik:
"Asan qərarlar qəbul olunmalıdır. Ən azı üç aylıq aprel, may aylarına qədər, hətta sentyabrın 1-ə qədər bütün faizlərin hesablanması dayandırılsın. Bütün kreditlər üzrə ən azı 6 aylıq faizlər hesablanmasın. Banklara da dəyən zərəri Mərkəzi Bank qarşılasın. Yəni kommersiya bankları üçün vergilər azaldılmalı idi. Mərkəi bankın manat rezervlərindən birillik altı aylıq sıfır faizlər kreditlər verə bilərdi. Onlar da sentyabrdan yenidən o pulları vətəndaşlara daha yüksək faizlə verib işlərini qura biləcəkdilər. İstehlak kreditləri Azərbaycanda 20, biznes kreditlər 12 faiz civarındadır. Daha sadə, daha rahat qərarların alınması lazım idi".