Xaçmazda 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkar edilib

16:16 13.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib.

Reydlər zamanı rayon ərazisində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi 15 məntəqə aşkar edilib. Həmin məntəqələrdə baytarlıq nəzarəti həyata keçirilmədən heyvan kəsiminin həyata keçirildiyi və ət məhsullarının satışa çıxarıldığı məlum olub.

Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Aşkar olunmuş faktlarla əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmək üçün zəruri məlumatlar verilib.