Xankəndidə bayrağımızı ucaltmağımız möcüzə idi - Fuad Rzayev

17:29 28.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin oktyabr ayı. Xankəndi şəhərində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Otuz il erməni işğalı altında qalan Azərbaycan torpaqlarının azadlığı, suverenliyinə qovuşması çox ağır mərhələlərdən keçərək bu günlərə gəlib çatdı. Bu gün I Qarabağ qəhrəmanı - qazi, sinəsi üzərində medal deyil, içində güllə gəzdirən Qurtuluş Batalyonunun komandiri Fuad Rzayevin döyüş yoluna nəzər salacağıq. Fuad Rzayev I Qarabağ savaşına II Qarabağ müharibəsinin zəfər tarixindən baxaraq, ozamankı məğlubiyyətin, bugünkü qələbəmizin səbəblərinə toxunacaq.

– Birinci Qarabağ savaşında qələbə üçün nə çatmırdı?

– 1992-ci il fevral ayının 18-nə qədər Qarabağda ciddi bir döyüş olmamışdı. Daşaltıda nəzəri baxımdan həyata keçirilməsi mümkün olmayan güclü bir plan hazırlamışdılar, amma orada da məğlubiyyət oldu. O zaman vertolyot vuruldu, rəhbərlikdə şəhid verdik, ciddi məsələ idi. Amma döyüş olmamışdı... 

– Çox vaxt silah qıtlığının olduğu deyilirdi...

– 1992-ci il fevral ayının 12-də Qurtuluş Batalyonu olaraq, Ağdamın Uzundərə deyilən ərazisində yerləşən SSRİ-nin Qafqaz üzrə ən böyük silah-sursat bazasını yardıq. Ondan sonra kimsə Azərbaycanda sursat, güllə, mərmi  çatışmazlığından danışa bilməzdi. Həmin vaxt ermənidə bir güllə var idisə, bizdə min güllə var idi...

– Bəs niyə geri çəkildik? Torpaqları itirə-itirə məğlub olduq...

– O sualın cavabı bir neçə vərəqdir. Ən başlıca səbəb xalqın parçalanması idi. Xalq Cəbhəsi hakimiyyətə gələndə onun çoxlu lideri var idi. Daxili işlər naziri bir lider idi, müdafiə naziri digər lider idi. Başqa-başqa partiyalar, Etibar Məmmədov, Müsavatın başqanı və onun müavinləri  – hamısı lider idilər. Bu liderlərin özünün batalyonları var idi. Azərbaycanı - Qarabağı qorumaq onlar üçün ikincidərəcəli məsələ idi. Liderlər o dəstələri heç də qorxaq adamlardan yaratmırdılar.  Mümkün qədər ürəkli, idmançı oğulları seçirdilər. Onlar həmin o batalyonları döyüşlərə göndərmir, özləri üçün saxlayırdılar. Qoruyurdular ki, siyasi hakimiyyət uğrunda döyüşlərdə onlardan istifadə etsinlər. Ona görə də batalyonlarda igidlərin çatışmazlığı var idi.

–  Amma siz döyüşdünüz...

– Bizi - Qurtuluş Batalyonunu ala bilmədilər. Bizim batalyon Bakıda 1991-ci ilin oktyabr-noyabr ayında yaranıb. Qurtuluş Batalyonundan başqa heç kim, heç vaxt rus hərbi hissələrini yara bilməyib. Hətta Bakıda ruslara məxsus “Morpilot”un bazasını biz yarmışıq. Əhmədlidə 3 hərbi hissə yarmışıq. Bizə görə ruslar “Vur” əmrini də vermişdilər. Bir silah anbarının divarı küçəyə idi. Ruslar böyük fanarlarla ətrafı izləyirdilər. Ağıllarına gəlmirdi ki, 1 metr qalınlığı olan divarı kimlərsə zubillərlə qaşıya-qaşıya yarıb, silahları götürə bilər. Biz o anbarları 4 saata yarıb, oradan digər anbarlara keçib silahları götürmüşük. Həmin vaxt ruslar ətrafa işıq sala-sala qalıblar. Yəni biz müharibəyə gedəndə maşınlarımız, URAL-larımız, KAMAZ-larımız var idi. Tankdan, BMP-dən başqa ruslardan hər şey götürmüşdük.

– Qarabağ döyüşlərinə haradan başladınız?

– Qarabağa 1991-ci ilin dekabr ayında getmişik. Müharibənin 80 faizi Tərtər, Ağdərə istiqamətində olub. Tərtərə gələndə orada heç bir qüvvə, ümumiyyətlə, hərbçi yox idi. Nə erməni tərəfdən, nə də biz tərəfdən bir güllə də atılmırdı.  Yalnız silahlı polis vardı. Onlar da Marquşavanla (Marağa”) üzbəüz yerdə dururdular.

– Sizin batalyonda nə qədər adam var idi?

– Döyüşən batalyonda şəxsi heyətin sayı stabil olmur. Biz Bakıdan Tərtərə çıxanda 77 nəfər idik. Bəzən sayımız 550-ə çatıb. Bəzən isə 100 nəfərdən də aşağı olub.  Məsələn, 1993-cü ildə elə vaxt olub ki, batalyonun sayı 71 nəfərədək aşağı  düşüb. 1992-ci il aprel ayının 6-da Qurtuluş Batalyonu Yevlax ərazisində yerləşən 29 kompleks “S 200” raketlərini rusların əlindən aldı. O zaman dünyanın ən güclü raketləri “S 200”lər idi. Analoqu olmayan silahdır. Rus hərbi hissəsinə girəsən və 29 raketi onların əlindən bir gecəyə alıb çıxarasan. Əlbəttə ki, səhər onun rezonansı oldu. Moskva Azərbaycan hakimiyyətinə təzyiqlər edirdi...

 ...Xocalı faciəsindən 40 gün keçmişdi... Bütün əsgərlər kimi bizim də arzumuz Xocalının intiqamını almaq idi. Bunun üçün əlimizə fürsət keçmişdi – raketləri götürmüşdük – 29 ədəd... Aprel ayının 10-u, səhər saat 5:00-da ilk raketlərlə erməniləri vurduq, 3 raket istifadə etdik. 14 ton ağırlığı,  9 metr uzunluğu olan raketlərdən söz gedir. O zaman hər birinin qiyməti 3,5 milyon dollar idi. Ondan sonra  Marağaya hücum etdik. O hücumdan əvvəl Azərbaycanın heç bir yerində uğurdan söz getmirdi. Nəhayət, Azərbaycan ilk, şanlı qələbəsini Marquşavanda –Marağada qazandı.

– Həmin raketlərə görə?..

– Bəli, raketlərin çox köməyi oldu. Amma döyüşdə torpağa əsgər ayağı dəyməlidir. Biz orada çoxlu əsir götürdük. Düşmən 200-dən artıq yaxın itki verdi. Xocalıdakı qədər olmadı. Xocalı mühasirədə idi. Marquşavan – Marağanın arxası Ağdərə ərazisi idi. Ona görə də ermənilər mühasirəyə alına bilmirdi. Sadəcə, hücum oldu, 200-dən yuxarı erməni məhv edildi. Bu, o zaman üçün çox böyük rəqəm idi. Biz hər il Xocalı faciəsini qeyd etdiyimiz kimi, onlar da hər il Marquşavandakı məğlubiyyəti qeyd edirlər. “Marağinskaya tragediya” deyirdilər.

– Qurtuluş Batalyonunun komandiri olaraq siz, yaxud əsgərləriniz göstərdikləri qəhrəmanlıqlara görə medallarla, adlarla təltif olunubmu?

– Hələ Mütəllibovun dövründə AXC de-yure hakimiyyətə təsir edə bilirdi. Sonra hakimiyyətə gəldi. Monolit bir təşkilat deyildi. Dediyim kimi, liderlər bir-birini qəbul etmirdi. Elə həmin zamanlarda AXC Gəncə, Bərdə batalyonlarını sıradan çıxardı. O zaman bilirdim ki, qara siyahıda Qurtuluş Batalyonu da var. Ağdərədə döyüşlərin birində sinəmdən güllə yarası aldım. Həmin güllə hələ də daxilimdədir. O vaxt batalyonu qorumaq üçün özüm İsgəndər Həmidovun adamını batalyona komandir təyin etdim. Bütün batalyonlar məhv edilib üzvləri həbs olunsalar da, bizimkinə dəymədilər. Hələ 1992-ci illərin müharibəsi, hadisələri araşdırılmayıb. Şübhəsiz, araşdırılmalıdır. Kimlərin həqiqətən döyüşdüyü, hansı yolu keçdiyi, yəqin ki, ortaya çıxacaq...

– 44 günlük Zəfər zavaşında torpaqlarımızın böyük  hissəsi azad edildi, sonra diplomatik müstəvidə davam edən proses, nəhayət, 15 oktyabr çoxdan gözlədiyimiz tarixi anla gerçəkləşdi...

– Şükür... 1990-cı illərdə ermənilər bizim hakimiyyətin səhvlərindən necə istifadə edib, ruslarla yaxşı münasibət yaradıb bizə qalib gəldisə, eləcə də  bu gün Ermənistan hakimiyyətinin səhvlərindən düzgün istifadə edib qalib gəldik. 

Ermənistanın başına gələn rəhbərlər axmaq idi. Ter-Petrosyanın muxtar vilayətdən əlavə, 5 rayonu da Azərbaycana qaytarmaq planı var idi. O ərəfədə Köçəryan, Sarkisyan cütlüyü çevriliş etdilər və bu axmaq adamlar hakimiyyətə gəldilər. Bu bizim xeyrimizə oldu. Onlar yavaş-yavaş Ermənistanı zəiflətdilər.

– Xankəndidə bayrağımız ucaldı. I Qarabağ savaşının iştirakçısı, batalyon komandiri olan siz bu nəticəni gözləyirdiniz?

– Bu sualı siyasətçilərə verirlər. Biz siyasətçi deyilik, veteranlar, qazilərik. Siyasətçilərdən bir çoxu yalan danışaraq deyir ki, mən bu nəticəni gözləyirdim. Bu nəticəni heç kim gözləmirdi. Məsələn, 2020-ci il müharibəsindən sonra əksəriyyət deyirdi ki, guya Azərbaycan Ordusu Xankəndiyə daxil olurdu, Putin qoymadı. Məsələ budur ki, Prezident və onun ətrafında olan adamlar çox ağıllıdırlar. Onlar Azərbaycan əsgərinə Xankəndiyə daxil olmaq əmrini verməzdilər. Xankəndi şəhərdir, düzənlik ərazi deyil ki, əsgərini nəzarətdə saxlayasan. Xocalıdan xəbəri olan Azərbaycan əsgərinə  döyüşdən əvvəl başa salsaydın ki,  mülki əhaliyə toxunmaq olmaz, əsgər qulaq asmayacaqdı. Biz 30 il ermənini Xocalı ilə vururduq. Bütün əks-təbliğatını Xocalının üzərində qurmuşduq. Buna nail olduq. Dünyada ermənini Xocalı soyqırımını törətmiş vəhşi kimi tanıtdırdıq. Ona görə də 2020-ci ildə Xankəndini almaq planı yox idi.

– Çoxları Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini pis qəbul edirdilər. Rus sülhməramlıları gəlməliydimi? Onların bundansonrakı aqibəti necə olacaq?

– Çoxları bunu qəbul etmir, hətta hakimiyyəti tənqid edirdilər. Anlamaq lazımdır ki,  Rusiya sülhməramlıları olmasaydı, onda Fransa, Almaniya Qarabağa gələrdi və  o zaman Xankəndini, Ağdərəni ala bilməzdik. Bu gün Qarabağda sülhməramlılara ehtiyac qalmayıb. Ruslar Avropaya, Qərbə meyillənən Ermənistanın müqavimətini sındırmağa çalışacaq. Hələlik, Fransa Ermənistanın başına dolanır. İkisi də yanacaq.

– Bu gün Xankəndidə bayrağımız dalğalanır. I Qarabağ döyüşçüsü kimi nələr hiss edirsiniz?

– Bundan böyük qürurverici heç nə ola bilməz. Bütün gedişlər göstərirdi ki, Xankəndidə erməni əhalisi qalacaq, amma Azərbaycan yurisdiksiyası altında. Hər bir halda ermənilər “Qarabağ bizimdir”, ”müstəqil dövlətdir” deyə bilməyəcəklər. Siyasətçilərin ağlına gəlməyən, həmişə xalqın tələb etdiyi, ağlında olan arzuları çin oldu. Xankəndiyə belə tez girməyimiz, bayrağımızı ucaltmağımız, demək olar ki, möcüzə idi.