Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla “Həftə içi” üçün budəfəki söhbətimizdə son bir həftə ərzində gündəmi zəbt etmiş Ermənistanın dövlətimizin sərhədindən Qarabağa keçirməyə çalışdığı “humanitar” karvan şousunun mahiyyəti, Meşəli qətliamının və 1988-1994-cü illərdə Azərbaycana qarşı törədilmiş digər kütləvi cinayətlərin iştirakçısı Vaqif Xaçatryanın həbs olunması, Qərbin ciddi-cəhdlə təşkil etməyə çalışdığı Xankəndi–Bakı dialoqu, Rusiya sülhməramlılarının 2025-ci ildə ərazimizi qeyd-şərtsiz tərk etməsi üçün atılacaq addımlar və s. mövzuları müzakirə etməyə çalışdıq.
– Son bir həftə ərzində gündəmi zəbt etmiş Xankəndidə “acından ölən” ermənilərə göndərilməli olan, guya yalnız humanitar yüklə dolu “TIR”ların Ermənistan-Azərbaycan sərhədindəki “Laçın” sərhəd-buraxılış məntəqəsinə dirənməsi oyununu, sizcə, hansı güclər qurub və burada məqsəd nədir? Bu olayın sonluğunu necə görürsünüz?
– Burada məqsəd bəllidir, burada iki mövzu var. Bir mövzu ermənilərə aiddir. İkinci mövzu isə sülhməramlılara aiddir. Bəs hansı mənada? Yadınızdadırsa, hələ 2020-ci ilin 44 günlük savaşından sonra Prezident tərəfindən belə bir açıqlama verilmişdi ki, Ermənistanda yerləşən hərbi qüvvələrin Qarabağa sülhməramlı qismində gətirilməsinin əleyhinəyik. Bunun nəticəsində Qarabağa Orenburqdan sülhməramlı briqadanın hərbçiləri gətirildi. Digər tərəfdən, Azərbaycan tərəfi tələb edirdi ki, Rusiya sülhməramlılarının təminatı Azərbaycan ərazisindən həyata keçirilsin. O dövrdə infrastruktur lazımi şəkildə bərpa olunmadığından, bu məsələ təxirə salınmışdı. İndi isə belə başa düşürəm, Azərbaycan yenə də tələb edir ki, həm Rusiya kontingentinin, həm də gərək olanda erməni əhalinin təminatı Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu ilə həyata keçirilsin. Bildiyiniz kimi, sovet dövründən Ağdam-Xankəndi dəmir yolu da mövcud olub; onu da qısa müddətdə bərpa etmək mümkündür. Moskva isə bunların əleyhinədir. Başa düşürlər ki, əgər təminat tam şəkildə Azərbaycan ərazisindən həyata keçirilsə, deməli, Bakının Qarabağa təsir imkanları daha çox olacaq. Bu, bəllidir. Biz görürük ki, Ermənistanla sərhəddəki “humanitar karvan” təxribatında da ən fəal rollardan birini oynayan elə Rusiyadır. Onun səfiri də gəlib sərhəddə “Laçın” postu yaxınlığındakı karvanı müşahidə edir. Yəni ruslar hər vəchlə sübut etməyə çalışırlar ki, Ağdam yolundan istifadə etmək doğru deyil. Bu məsələ ermənilərin də maraqları ilə üst-üstə düşür. Onlar da fikirləşirlər ki, guya Azərbaycan Laçından dəhliz vermək üçün öhdəlik götürüb və s.
Yəni məsələ bundan ibarətdir. Həmişə olduğu kimi, bu məsələdən də müxtəlif qüvvələr öz maraqlarına uyğun istifadə edirlər... Bu son “TIR teatrı” səhnəsində bir məntiqsiz məsələ də var. Bu da ondan ibarətdr ki, “blokada”dan, “aclıq”dan dəm vuran ermənilər Ağdam-Əsgəran yolunu bağlayıblar. Yəni Əsgəranı, Xankəndinin ərzaqla təmin edilmək şansı olan yolu Azərbaycan deyil, ermənilər özləri bağlayır. Belə məsələlərə görə, son “humanitar”karvan şousu da qeyri-məntiqi bir aksiyadır və əminəm, onun heç bir nəticəsi olmayacaq...
– Necə hesab edirsiniz, bəhs edilən “humanitar” karvan şousu, həmçinin bu günlərdə Laçın sərhəd-nəzarət məntəqəsində Meşəli qətliamının və 1988-1994-cü illərdə Azərbaycana qarşı törədilmiş digər kütləvi cinayətlərin iştirakçısı Vaqif Xaçatryanın həbs olunması Qərbin Azərbaycana qarşı təzyiqlərinə, sanksiyalar tətbiq etməsinə səbəb ola bilməz ki?
– Əvvəla, onu deyim ki, Azərbaycan vətəndaşlarına qarşı terror aktları törətmiş Vaqif Xaçatryanın belə bir məqamda “Laçın” sərhəd-nəzarət məntəqəsində saxlanılması bizə böyük bir şans verdi. Onun ermənilərə geri təhvil verilməsi artıq mümkün deyil. O, canidir, cinayətkardır. V.Xaçatryanın Azərbaycan xalqına qarşı soyqırımı aktlarında iştirakı çoxsaylı fakt və sənədlərlə təsbit olunub. Buna görə də ermənilər Xaçatryan məsələsini beynəlxalq səviyyədə nə qədər qabartsalar, bu, bir o qədər bizim xeyrimizə olacaq. Bu halda biz də I Qarabağ müharibəsində ermənilərin törətdiyi bütün cinayətləri sıra ilə gündəmə gətirmək imkanı qazanırıq... Qərbin isə bu məsələlərlə bağlı bundan sonra hansı addımlar atacağını söyləmək çətindir. Qərbin də mövqeyi birmənalı deyil. Yəni Qarabağ məsələsində Rusiyaya daha yaxın olan Fransa da Qərb sayılır. Həmçinin Avropanın digər ölkələrində və ABŞ-da erməni lobbisinə bağlı qüvvələr canfəşanlıq göstərirlər. Azərbaycanın cavabı çox haqlı, ədalətli və sadədir; Ermənistanın “humanitar karvanı”nı sərhədimizdən buraxmamaqla biz istəyirik ki, Rusiya sülhməramlılarının təchizatı da Azərbaycan ərazisi vasitəsilə təmin olunsun və biz onlara təzyiq mexanizmini gücləndirəcək. Vəssalam... Belə olan halda Qərb buna nə deyə bilər?..
– Son günlər həm Rusiya, həm də Avropa, ABŞ siyasi dairələrində müzakirə olunan və gah Bratislavada, gah da Bakı, yaxud Yevlaxda təşkil olunacağı söylənilən Xankəndi-Bakı dialoqu haqqında nə düşünürsünüz?
– Bilirsiniz, rəsmi Bakının Xankəndidə özünü “prezident”, “nazir”, “parlament üzvü” kimi təqdim edənlərlə danışıq aparmasının heç bir məntiqi və mənası yoxdur. Onlar maaşlarını Ermənistan büdcəsindən aldıqlarına görə, faktiki olaraq, Ermənistan hökumətinin məmurlarıdır...
– Həm də separatçıdırlar...
– Yox, əslində, Xankəndidəkilər separatçı deyillər, dediyim kimi, Ermənistan məmurudurlar. Bizdə “separatçı” termini səhvən onlara aid edilir. Bunlara aid beynəlxalq termin “irredentist”lərdir. Yəni guya öz millətinin keçmişindən "itirilmiş" (və ya "oğurlanmış") hesab etdiyi əraziləri, torpaq iddiası / bərpası və işğal etmək yolu ilə ölkəsinə qatmaq niyyəti güdən siyasi və ya xalq hərəkatının nümayəndələri. Bir sözlə, hansı əsasla özünü yalandan Qarabağdakı erməni icmasının nümayəndəsi kimi təqdim edən Ermənistan məmuru ilə danışıq aparmalıyıq? Onsuz da Ermənistan hökumətinin, Xarici İşlər Nazirliyinin və s. məmurları ilə rəsmən danışıq aparırıq da... Qarabağdakı ermənilərlə danışıqlar yalnız o zaman ola bilər ki, onlar rəsmi şəkildə Azərbaycan vətəndaşlığını qəbul etmək haqqında müraciət etsinlər. Bundan sonra Azərbaycanın müvafiq qurumları araşdırma apararaq, onların arasında Azərbaycana qarşı cinayət törətmiş şəxsləri aşkar etməlidirlər. Yalnız bundan sonra biz digərləri ilə dövlət olaraq əlaqə yarada bilərik. Azərbaycan qanunlarına görə, dövlət hər hansı məsələ barədə vətəndaşla rəsmi danışıq aparmır. Dövlətin vətəndaşla əlaqəsi və anlaşması müxtəlif qurumlar vasitəsilə baş verir; hər hansı nazirlik, ASAN xidmət, icra hakimiyyəti və s. Nə vaxt görünüb ki, Azərbaycan dövləti öz vətəndaşları ilə danışıqlar aparsın? Bir istisna olaraq, Qarabağdakı ermənilərlə əlaqə yarada bilərik. Birincisi, bu əlaqə danışıqlar statusunda olmayacaq; ikincisi, arada heç bir vasitəçi ola bilməz və üçüncüsü, ən əsası, onlar bu əlaqədən öncə bəyan etməlidirlər ki, məqsədləri Azərbaycana reinteqrasiyadır. Başqa cür biz onlarla heç cür əlaqə qura bilmərik...
– Necə düşünürsünüz, müzakirəsini apardığımız son olay və proseslər Azərbaycan-Ermənistan sülh danışıqlarına necə təsir göstərəcək?
– Bu proseslər sülh danışıqlarına birbaşa təsir edir. Ermənilərin mövqeyində əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Qarabağda yaşayan ermənilərlə beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar aparsın və orada status məsələsi müzakirə olunsun. İndi birbaşa “status” demirlər, “təhlükəsizlik və hüquqlar”dan danışırlar. Bu da elə status deməkdir əslində... Biz həm Ermənistana, həm də beynəlxalq güclərə göstərməlıyik ki, əvvəla, öncə dediyimiz kimi, Qarabağdakı ermənilərlə yalnız reinteqrasiya istəyində olan gələcək vətəndaşlarımız səviyyəsində əlaqə qura bilərik. İkincisi, heç bir statusdan-filandan söhbət gedə bilməz...
– Necə hesab edirsiniz, Rusiya “sülhməramlı”larının 5 il müddətin tamamında torpaqlarımızdan qeyd-şərtsiz çıxması üçün bundan sonra hansı konkret addımları atmalıyıq?
– Burada əsas məsələlərdən biri əvvəlcə dediyimiz kimi, Rusiya sülhməramlılarının həm ərzaq, geyim, həm də silah-sursat və s. təminatının tam şəkildə Azərbaycan ərazisindən həyata keçirilməsidir. Digər addımları isə sonra atmalıyıq. Sonda, yəni 2025-ci ildə Rusiya öz sülhməramlı hesab edilən kointingentini Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarmalıdır...
– Bəs birdən Ermənistanda hakimiyyət dəyişikliyi olsa, nəticədə, Paşinyanın yerinə Rusiyaya bağlı revanşist, işğalçı niyyətli qüvvələrin bir hakimiyyəti qurulsa, rəsmi İrəvan 10 Noyabr Bəyanatına uyğun olaraq bir tərəf kimi “sülhməramlı”ların növbəti 5 ildə qalmasını tələb etsə, onda necə olacaq vəziyyət?
– Beynəlxalq hüquqa görə Ermənistanın belə bir ixtiyarı yoxdur. Sülhməramlı əməliyyatı Azərbaycan ərazisində həyata keçirilir. Beynəlxalq qanunlara uyğun olaraq sülhməramlı əməliyyatı ərazisində həyata keçiriləcək dövlətin icazəsi ilə baş verir və həmin dövlətin heç bir suveren hüquqlarını əvəzləmir. Sülhə məcburetmə əməliyyatı isə fərqlidir. O halda xarici dövlətin və beynəlxalq qurumun qüvvələri digər dövlətin ərazisində hansısa əlavə səlahiyyətə malik ola bilərlər. Bu səlahiyyətin əldə olunması üçün BMT Təhlükəsizlik Şurası xüsusi qətnamə qəbul etməlidir. Ona görə də hazırkı durumda heç bir mandatı-filanı da olmayan Rusiya kontingentinin ərazimizdən çıxarılması qərarını Azərbaycan Dövləti özü təkbaşına verə bilər...
– Sözügedən bəyanatın 4-cü bəndində deyilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır. Yəni belə çıxır ki, müddətin bitməsinə 6 ay qalmış Azərbaycan, yaxud Ermənistan “sülhməramlı”ların ərazimizdəki fəaliyyətinə xitam verilməsi haqqında niyyətini bəyan etməsə, onlar daha 5 il torpaqlarımızda qalmalıdır...
– Dediyim kimi, əvvəla, bizim üçün əsas beynəlxalq qanunlardır. Onların tələbi isə öncə dediyimiz kimidir. Hər şey bəllidir. Yadınızdadırsa, vaxtilə Ermənistan tələb edirdi ki, Azərbaycanla sərhəddə də Rusuya sülhməramlıları yerləşdirilsin. Rusiya Xarici İşlər Nazirliyi cavab verdi ki, bizim mandatımızda belə bir məqam yoxdur... İkincisi, guya Ermənistan tərəfi və Rusiyanın özü 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün maddələrini tam şəkildə icra edirlər, yalnız biz qalmışıq? Ümumiyyətlə, beynəlxalq qanunlara da uyğun olaraq dövlətlər arasındakı sazişlər, razılaşmalar tərəflərin onları icra etməsinə razılıq verməsinə qədər qüvvədə olur. Əgər tərəflərdən biri hər hansı sazişin gələcək icrasına razılıq vermirsə, həmin saziş, razılaşma avtomatik olaraq pozulur... Biz də Azərbaycan olaraq beynəlxalq əlaqələrin suveren iştirakçısıyıq. Məsələləri bu şəkildə həll etməyə tam hüququmuz var...