Xarici borc azalıb, daxili borc artıb

16:20 31.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu ilin iyulun 1-i tarixinə görə, Azərbaycanda xarici dövlət borcu 5.361,3 milyon ABŞ dolları və ya 2024- cü il üzrə 121.342,5 milyon manat (71.377,9 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 7,5 faizini təşkil edib. Maliyyə Nazirliyinin məlumatında qeyd olunub ki, 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1.099,9 milyon ABŞ dolları və ya 17 faiz azalıb. Bunun da əsas səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024- cü ilin ilk altı ayı ərzində xarici dövlət borcu üzrə vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobond) üzrə 900,0 milyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirilməsi olub. 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb. Bildirilib ki, 1 iyul 2024-cü il tarixinə xarici dövlət borcunun valyuta tərkibi ABŞ dolları – 86,8 faiz, avro – 6,0 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,6 faiz, yapon yeni – 3 faiz, digər valyutalar – 0,6 faiz olub.

Bu ilin 1 iyul tarixinə xarici dövlət borc portfelinin 35,0 faizi Asiya İnkişaf Bankının, 25,9 faizi avrobondların, 16,7 faizi Dünya Bankının, 22,4 faizi isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu üzrə ümumilikdə 1.141,4 milyon ABŞ dolları məbləğində əsas borc (o cümlədən 900,0 milyon ABŞ dolları məbləğində avrobondlar), 147,2 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib. Əsas borc ödənişlərinin 641,4 milyon ABŞ dolları məbləğində hissəsi (1.090,3 milyon manat ekvivalentində) daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına yenidən maliyyələşdirilib.

Bu ilin iyulun 1-nə olan vəziyyətə görə, xarici borc azalsa da, daxili dövlət borcu yüksəlib. Belə ki, daxili dövlət borcu ilin əvvəli ilə müqayisədə 705,5 milyon manat artıb. Maliyyə Nazirliyi daxili dövlət borcunun artmasının əsas səbəbini dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi ilə əlaqələndirib.

Bildirilib ki, 1 iyul 2024-cü il tarixinə daxili dövlət borcunun 7.280,7 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.291,2 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür. Hesabat tarixinə dövriyyədə olan 7.280,7 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 19,5 faizi 1 illik, 67 faizi 2 və 3 illik, 13,5 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızlarının payına düşür.

1 iyul 2024-cü il tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,51 təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin aşağı düşməsinə səbəb olub.

Yeri gəlmişkən, 2025-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 5,2 milyard dollar, daxili dövlət borcunun isə 19,3 milyard manat olmaqla ümumi dövlət borcunun 28,1 milyard manat təşkil edəcəyi gözlənilir. Bu barədə Maliyyə Nazirliyinin "Azərbaycanın 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" adlı sənədində bildirilib. Sənədə əsasən, 2024-cü il iyulun 1-nə Azərbaycanın dövlət borcunun ümumi məbləği 25,6 milyard manat və ya ümumi daxili məhsulun (ÜDM-in) 21,2 faizini təşkil edib. Ümumi dövlət borcunun 35,5 faizi xarici dövlət borcunun, 64,5 faizi isə daxili dövlət borcunun payına düşür. Beləliklə, xarici dövlət borcunun azalacağı, daxili dövlət borcunun isə artacağı gözlənilir.

Məsələ ilə bağlı VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, ümumiyyətlə, Azərbaycanın xarici borcu ölkəmizin xarici borc strategiyasına uyğun olaraq formalaşır və dəyişikliklər də buna uyğunlaşdırılıb:"Xarici borc xüsusən strateji istiqamətlər üzrə istifadə olunur. Azərbaycanda prioritet istiqamətlər üzrə daxili və xarici borclanma siyasəti həyata keçirilir".

O bildirib ki, daxili borclanma daha dayanıqlıdır, çünki milli valyutadadır: “Strukturdan da göründüyü kimi, məhz daxili borclanmaya daha çox üstünlük verilib. Borcun həm milli valyutada olması, həm də bu borcun qaytarılma mexanizmi iqtisadiyyat üçün hər hansı bir risk formalaşdırmır. Eyni zamanda, xarici borcun strukturu da praktiki olaraq risklərin kompensasiya edilməsi baxımından vacibdir. Xarici borcun strukturuna diqqət yetirsək, xarici borcun yarıdan çoxu 5 ildən çox müddətə götürülən borclardır. Yəni bu borcun qaytarılması uzunmüddətlidir. Hazırda Azərbaycanın daxili və xarici borcu iqtisadi inkişaf üçün hər hansı bir risk formalaşdırmır".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov da bildirir ki, Azərbaycanın xarici borcu kifayət qədər optimaldır: “Son illər ərzində xarici borcların səviyyəsinin optimallaşdırılması strategiyası çərsivəsində borc məbləği daha da aşağı salınır. Bu il ərzində də xarici borcun azaldılması ilə bağlı bir çox ödənişlər həyata keçirilib. Fiskal mühiti və ölkənin strateji valyuta ehtiyatlara diqqət yetirsək, iqtisadiyyatın miqyasına nəzərən demək olar ki, bu göstərici kifayət qədər məqbuldur”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, Azərbaycan daha çox daxili borclanmaya önəm verir: “Son illər xarici borclanmadansa, daxili borclanma hesabına kəsirlərin qapadılması və digər problemlərə görə bu addım atılır. Düzdür hazırda xarici borcun artırılması gözlənilir. Səbəb isə Azərbaycanın xərcləri əvvəlki illərə nisbətən xeyli artıb”.

Ekspert vurğulayıb ki, borclanmanın bir səbəbi də neftin hasilatının azalmasıdır: “Ölkəmizdə neftin hasilatında əvvəlki illərə nisbətən müəyyən qədər azalma müşahidə olunur. Hasilat azaldıqca ölkənin gəlirləridə də azalma başlayır. Hesab edirəm, Azərbaycanın xarici borcu artacaq. Ölkənin planlaşdırdığı maliyyə xərcləri kəskin şəkildə artıb. Əsasən işğaldan azad olunmuş torpaqlara daha çox vəsaitin xərclənməsinə ehtiyac var. Hazırkı durumda borclanma limitinin artmasının mənfi tərəfi yoxdur. Ölkəmizin xarici borcun səviyyəsi başqa ölkələrlə müqayisədə xeyli azdır. Təqribən, 2030-cu ilə qədər 60 milyarda qədər borclanmağa əlavə ehtiyac yaranacaq.  Qeyri-neft sektoru və digər sahələr inkişaf edərsə, borclanma limiti artmaya bilər”.