- Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bununla yanaşı, 3 halda xarici hüquqi və fiziki şəxslər Azərbaycanda torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilərlər, lakin həmin hüququ 1 il müddətinə özgəninkiləşdirməlidirlər. Bu müddəa Torpaq Məcəlləsinin 49.4-cü maddəsində öz əksini tapıb. Belə ki, sözügedən maddəyə uyğun olaraq xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləğini və dəfn üçün müavinəti kimlər ala bilər və bu müavinət nə qədərdir?
-“Əmək pensiyaları haqqında” qanununun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyasının məbləği onun notarial qaydada təsdiq olunmuş varisinə ödənilir. Bu qanunun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 42.3-cü maddəsinə əsasən əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Hazırda bu məbləğ 480 manat təşkil edir.
Hansı şəxslərə işə qəbul olunarkən sınaq müddəti təyin edilməməlidir?
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 52-ci maddəsində aşağıda göstərilən işçilərə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:
yaşı 18-dən az olan şəxslərlə;
müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.
Daşınmaz əmlak üzərində hüquqlar neçə gün müddətinə dövlət qeydiyyatına alınır və bununla bağlı təqdim edilmiş ərizədə nələr göstərilməlidir?
- «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq ərizənin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır. Eyni zamanda həmin maddədə göstərilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər.Bu qanunun 10.1-ci maddəsinə uyğun olaraq ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
Kimlər İşsizlikdən sığorta ödənişi ala bilər?
- 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq alt sistemində işsiz kimi qeydiyyata alınmış 3 ildən az olmayan müddətdə sığorta stajı olan sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.