“Xəzər dənizi bizim üçün Fars körfəzi qədər vacibdir” – Seyid Abbas Əraqçi

12:05 18.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Xəzər dənizi bizim üçün Fars körfəzi və ətraf ərazilər qədər vacibdir. Bu sahədə çox vacib məsələlərimiz var və sahilyanı ölkələr bu bölgənin əhəmiyyətini və mövcud olan ortaq maraqları, bəzən ortaq narahatlıqları dərk edərək illərdir birgə əməkdaşlığa başlayıblar”.

Hafta.az-ın yazdığına görə, bunu Rəştdə keçirilən Xəzərətrafı ölkələrin XİN başçılarının ilk görüşünün açılış mərasimində İranın xarici işlər naziri Seyid Abbas Əraqçi deyib.

“Bütün Xəzərsahili ölkələrlə münasibətlərimiz əladır. Bu ölkələrin bəziləri ilə strateji münasibətlər qurmuşuq. İran İslam Respublikası ilə Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıqdır. Keçən il iki ölkənin prezidentləri arasında ikitərəfli strateji tərəfdaşlıq üçün iyirmi illik uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalandı. Bizimlə Rusiya arasında sıx siyasi, iqtisadi və beynəlxalq mübadilələr davam edir” deyən XİN başçısı qeyd edib ki, prezident Məsud Pezeşkian Rusiyaya, həmçinin Azərbaycana çox vacib səfər edib, növbəti ay ərzində Qazaxıstan və Türkmənistanda da səfərdə olacaq.

“Xəzər dənizi regionu həm enerji, həm də tranzit dəhlizləri və marşrutları baxımından vacibdir. Xəzər dənizi marşrutlarından istifadə edən bu bölgə ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığı bölgə ölkələri üçün böyük əhəmiyyət kəsb edir. İranın ziyarət şəhərləri ilə yanaşı, Gilan, Mazandaran və Gülüstan kimi üç əyalət iranlılar üçün ən böyük turizm məkanlarıdır. Ümid edirik ki, bu üç şəhər də Xəzərətrafı ölkələrin əhalisi üçün turizm məkanına çevriləcək”, - Əraqçi deyib.