Xəzərdə süni torpaq sahələri ilə bağlı Baş Plan hazırlanacaq - RƏSMİ

13:00 17.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Süni torpaq sahələri yaradılarkən dəniz sahilinə yaxın və yaxud bitişik ərazilərdə tikintiyə Nazirlər Kabineti icazə verəcək.

Hafta.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Aritektura Komitəsi aparatının Rəşad İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Nardaran sahilində süni torpaq sahələrin yaradılması ilə bağlı planlar var.

R.İsmayılovun sözlərinə görə, Xəzər dənizində süni torpaq sahələri ilə bağlı Baş Plan hazırlanacaq.

Qeyd edək ki, qanun layihəsində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılma formaları müəyyən olunub.

Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

Oxunma sayı 60