Xəbər verildiyi kimi, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Köçəryanın işi üzrə məhkəmə prosesi davam edir.
Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumta görə, bugünkü məhkəmədən öncə jurnalistlər R.Köçəryanın yenidən həbs oluna biləcəyindən qorxub-qorxmadığını soruşublar.
“Yaşayacağıq, görəcəyik” deyə Köçəryan qısaca cavab verib.
Xatırladılır ki, bəhs edilən cinayət işində KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, müdafiə nazirinin keçmiş müavini Seyran Ohanyan, baş nazirin keçmiş müavini Armen Gevorqyan da mühakimə edilir.
2008-ci il martın 1-dən 2-dək İrəvan şəhərində baş vermiş hadisələrlə bağlı Ermənistan Respublikasının Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində Robert Köçəryan Ermənistan Respublikasının konstitusiya quruluşunu devirməkdə və xüsusilə külli miqdarda rüşvət almaqda təqsirləndirilib.
Seyran Ohanyan Ermənistan Respublikasının konstitusiya quruluşunu devirməkdə təqsirli bilinərək Ermənistan Respublikasının keçmiş Cinayət Məcəlləsinin 300.1-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub.
Yuri Xaçaturov Ermənistan Respublikasının konstitusiya quruluşunu devirməkdə təqsirli bilinərək Ermənistan Respublikasının keçmiş Cinayət Məcəlləsinin 300.1-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub.
Armen Gevorqyan Ermənistan Respublikasının keçmiş Cinayət Məcəlləsinin 38-300.1-ci maddəsinin 1-ci hissəsi, 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi və 190-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə ER konstitusiyasının devrilməsinə yardım etdiyinə, xüsusilə külli miqdarda rüşvət almaq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmağa görə ittiham olunub.
Sentyabrın 12-də Kassasiya Məhkəməsi Robert Köçəryan, Yuri Xaçaturov və digərlərinin işinə xitam verilməsi barədə qərarı ləğv edib.
Qeyd edək ki, bu günlərdə bəzi mənbələr yaxın gələcəkdə Ermənistan hakimiyyətinin hətta hər ikisi Xocalı soyqırımının törədilməsində fəal iştirak etmiş eks-prezidentlər R.Köçəryan və S.Sərkisyanın Azərbaycana təhvil verə bilməsi ehtimalı olduğunu bildirib.