1992-ci il, Fevralın 25-dən 26-na keçən gecə… Erməni hərbi dəstələri keçmiş SSRİ-nin Xocalıda yerləşən 366-cı alayının zirehli texnikası və hərbi heyətinin iştirakı ilə xaincəsinə Xocalıya hücum etdi. Dinc sakinləri - uşaq, qadın, qoca, gəlin -fərqinə varmadan qəddarlıqla öldürdülər, süngüdən keçirdilər…Bəli, bu, erməni cəlladlarının, Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı aktı idi. Bu gün Azərbaycana “haqq-ədalət dərsi” verən beynəlxalq təşkilatlar, dünya dövlətləri Xocalı soyqırımını hələ də tanımayıb. Biz isə artıq Xocalı soyqırımının 31-ci ilini anırıq, unutmuruq. Müsahibimiz Milli Məclisin deputatı Elman Məmmədovdur:
– Xocalı soyqırımının üzərindən 31 il keçir. 44 günlük zəfərimizdən sonra Qarabağda, Şərqi Zəngəzurda baş verən proseslərə dünənimizdən baxarsaq, xocalıların mövcud vəziyyətlə bağlı yanaşmasında nələri müşahidə etmək olar?
- Xocalılılar bu gün də böyük ümidlə yaşayır. Azərbaycan Ordusu 44 günlük müharibədə torpaqlarımızın 90 faizdən çox hissəsini işğaldan azad edib. Qalan müəyyən bir hissə – Xocalı, Xocavənd, Ağdərə tam işğaldan azad olunacaqdır. Az qalıb, o şad günləri də yaşayacağıq. Bu gün Azərbaycanın bu uğura tam olaraq imza atması üçün siyasi, hüquqi, hərbi imkanları, gücü var.
Bu günlərdə dövlət başçımız Münhen Təhlükəsizlik Konfransında hələ də ərazilərimizdə qalan separatçıların, terrorçuların təmizlənməsi məsələsini yenə də gündəmə gətirdi, mövqeyini bildirdi, sözünü dedi. Bir daha hər kəsə bəyan edildi ki, bütün separatçılar ərazilərimizdən təmizlənəcək. Məhv olan olacaq, gedən gedəcək. Arzu edilən odur ki, Xocalı soyqırmını törədənlər və digər yaşayış məntəqələrimizdə kütləvi qırğınlar törədənlər, ərazilərimizin işğalında xalqımıza, millətimnizə, dövlətimizə qarşı cinayət törədən kim varsa, hamısı Azərbaycan qanunları qarşısında cavab versinlər, layiqli cəzalarına çatsınlar. Təəssüf ki, Xocalı soyqırımını törədənlər hələ cəzalarını almayıblar. Ölən ölüb, sağ qalanlar hələ ki, cəzasızlıq həyatı yaşayırlar. Bəli, tək xocalılılar yox, bütün Azərbaycan xalqının hər birinin arzusudur ki, bu cinayəti törədənlər layiqli cəzasına çatsınlar, dünya tərəfindən qınansınlar. Dünya ictimaiyyəti bəşər övladına, insanlıq adına ləkə olan erməni mənfurlarının əsl simasını görməlidir…
– Otuz bir ildən sonra ermənilər özləri ərazilərimizdə törətdikləri vəhşilikləri, Xocalı soyqırımını necə “xatırlayırlar, yada salırlar” və necə təbliğ etməyə çalışırlar? Erməni qatilləri, iddia edirlər ki, Xocalı soyqırımını erməniər yox, ruslar törədiblər...
- Xocalı soyqırımını törədəndən bu günə qədər ermənilər çox hədyanlar danışıblar. Təbii ki, bu ermənidir və hər cür fitnə-fəsad danışa bilər. Çünki xislətləri budur.
Amma Xocalı soyqırımında rus hərbçilərinin də iştirak etməsində bir həqiqət var. Ümumiyyətlə, Azərbaycanın bütün yaşayış məntəqələrini –Xocalıdan əvvəl Xocavəndin Qaradağlar kəndini, Qaradağlıdan əvvəl Şuşa rayonunun Malıbəyli, Quşçular kəndini, ondan əvvəl Xocalı rayonunun Meşəli, Cəmilli kəndini, Ağdərə, Ağdaban, Daşaltı və başqa ərazilərimizin işğal olunmasında, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın... işğalında “366 alay” birbaşa özünün canlı qüvvəsi və hərbi texnikası ilə iştirak edib. Bu danılmaz faktdır. Yəni ermənilərin tank zavodu yoxdur, hərbi texnika istehsal eləmirdilər, hamısını Rusiya verirdi...
Sizə belə bir fakt deyim: ermənilər Rusiyanın hərbi jurnalisti Viktoriya İvlrevanı 30 nəfərdən çox müxtəlif ölkələrdən olan jurnalistlər də daxil olmaqla Xocalıya hücumdan bir həftə əvvəl Xankəndinə gətiriblər. Ermənilər həmin jurnalistləri “366-cı alay”ın qərargahında yerləşdiriblər. Bunlara tapşırıq verilib ki, hərbi əməliyyat zamanı gördüklərini məhz onların dediyi kimi yazacaqlar. Yəni jurnalistlər “Ölənlər ermənilərdir, öldürənlər azərbaycanlılardır” yazmalı idilər. Tapşırıq bu idi… Bunları Viktoriya İvlreva sonralar özünün xatirələrində yazır. Jurnalist yazır ki, Xocalıya hücum zamanı ön cərgədə “366-cı alay”ın hərbi texnikası gedirdi, hərbi texnikanın ardınca 366-cı alayın canlı qüvvəsi, erməni quldur dəstələri isə üçüncü sırada irəliləyirdi. Viktoriya İvlrevanın xatirələri də sübut edir ki, bəli, 366-cı Xocalı soyqırımında, o cümlədən bütün torpaqlarımızın işğalında birbaşa ermənilərin sərəncamında olub və iştirak edibdir. Onlar soyqırımı, cinayəti birlikdə törədiblər. Soyqırımın təşkilatçısi da, törədəni də, arzu edəni də, istəyinə çatan da erməni cinayətkarları, siyasətçiləri, Ermənistan dövləti idi.
–30 il sonra beynəlxalq təşkilatların erməni hədyanlarına, cinayətlərinə qarşı yanaşmasında nələri müşahidə edirsiniz?
- Həmin Avropanın, Qərbin beynəlxalq qurumları, yaxud da Birləşmiş Millətlər Təşkilatı və o quruma daxil olan həmin dövlətlər o vaxt da mövcud idi. Onlar Xocalı soyqırımının baş verməsini, onu törədənləri dəqiq bilirdilər. Amma o cinayətkarlara qarşı bir sərt tədbir görən oldumu? Ermənistanı qınayan oldumu? Ötən illər ərzində Ermənistana qarşı bir sanksiya, bir cəza tədbiri həyata keçirən oldumu? Xeyr! Sanki bunlar Ermənistana xeyir-dua verirdilər, sanki bu cinayət aktı razılaşdırılmışdı. Baxın, Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdu və 30 il müddətində işğal altında qaldı, yeraltı, yerüstü sərvətlərimiz talan olundu. Bir milyondan çox insanımız qaçqın-köçkün həyatı yaşadı. Otuz minə qədər şəhidimiz oldu, soyqırımlar törədildi. Bu 30 il ərzində Ermənistana qarşı həmin demokratiyadan, hüquqdan danışanlar tərəfindən “gözün üstə qaşın var”, – deyən olmadı. Əksinə, Azərbaycana qarşı vaxtaşırı hücum kampaniyası başlandı, Azərbaycanı nəyəsə məcbur etmə, Ermənistanı müdafiə eləmə halları və sair əməllərə şahidlik edirik. Bu dünyanın ədalətsizliklə, haqsız idarə olunmasından xəbər verir. İndi baxın, 400 mindən çox əhalisi olan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nə dəmir yolu, nə avtomobil, nə piyada yolu yoxdur. Bu gün Naxçıvanla hava yolu, İran, Gürcüstan ərazisindən keçməklə mümkün olur. Bu, beynəlxalq qurumların heç birini narahat eləmir. Sanki elə belə də olmalıdır. Ancaq 25-30 min sayı olan bir dəstə quldur ermənidən ötəri bütün dünya ayağa qalxıb Azərbaycanın üzərinə gəlir. Bunların hüquqlarının müdafiə olunması, Laçından bunlara yol verməklə bağlı məsələ ortaya atılır. Yaxşı, Laçın dəhlizi sizi belə maraqlandırırsa, istəyirsinizsə ki, ermənilər bu yoldan sərbəst gedib-gəlsinlər, o zaman Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yolun bağlanması, Naxçıvanın blokadada olması sizi niyə narahat eləmir. Cənab Prezident Münhendə Blinkenlə görüşündə də dedi ki, əgər Zəngəzur dəhlizi, Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında yol yoxdursa, Laçın dəhlizi də olmayacaq. Bir daha bəyan edirik, bilsinlər, O “Laçın dəhlizi” deyilən yer Azərbaycanın ərazisidir. Biz heç kimdən soruşmadan o yolda sərhəd -buraxılış məntəqəmizi, gömrük postumuzu qoymalıyıq. Bura mənim ərazimdirsə, suveren dövlətəmsə, ərazimə kimlərin gəlib getdiyini, kimlərin nə aparıb-gətirdiyini bilməliyik və biz bunun üçün kimdənsə icazə istəməli deyilik. O dövlətlərdən soruşmaq lazımdır ki, sənin ərazindən başqa dövlətin insanları keçmək istəyirsə, sən onları yoxlamayacaqsan. Bəs, biz niyə bunu etməməliyik. Bax, bu ədalətsizliklər göz önündədir. Biz bu hallara təpki göstərmək üçün bu günkündən də güclü olmalıyıq. Bu günkündən də güclü iqtisadiyyata malik olmalıyıq. Güclü orduya malik olmalıyıq ki, Makron kimi ermənidən betər erməninin cavabını verə bilək…
Xocalı soyqırımı və ermənilərin Azərbaycanda törətdiyi digər qətliamlar, qırğınlar həmişə gündəmdədir. Bu yaralar heç vaxt qaysaq bağlamayacaq. Bu bizə qarşı törədilən elə bir hadisədir ki, biz bütün tədbirlərdə - dövlət başçısı, Parlament, Xarici İşlər Nazirliyi, Azərbaycanın hər bir sadə vətəndaşı səviyyəsində soyqırımı daim gündəmdə saxlayırıq. Biz Xocalı soyqırımını bütün tədbirlərdə düşmənin qarşısına qoyur və müdafiə etdikləri Ermənistanın əsl üzünü göstəririk. Deyirik ki, siz cinayətkarı, soyqırım törədəni, işğalçını müdafiə edirsiniz. Demək, siz onlarla həmrəysiniz.
Düzdür, dünyanın 10-dan çox dövləti Xocalı soyqırımını tanıyıb. Ancaq bu tanımalar tamam başqa məsələdir. Beynəlxalq tribunal qurulmalı və bu soyqırımı törədənlər beynəlxalq səviyyədə, beynəlxalq məhkəmələrdə mühakimə olunmalı, cəzalandırılmaları gündəmə gəlməlidir. Biz nəyi müşahidə etdik: soyqırımını törədənlərin başçılarından bir neçəsi - Robert Köçəryan, Serj Sarksyan mükafatlandırılıb prezident kürsüsünə gətirildilər. Zori Balayan kimi cinayətkar, türk qanına susamış qatil qolunu sallayıb dünyanı sərbəst gəzdi. Bütün bunların hamısı beynəlxalq qurumların, o nüfuzlu dövlətlərin gözü qarşısında oldu. Soyqırımı törədənlərin cəzasız qalması onların gələcəkdə cinayət törətmələrinə zəmin yaradır. Biz dünyanın böyük dövlətlərinə, beynəlxalq təşkilatlar qarşısında iddia edirik ki, siz bütün bunları bilə-bilə, ortada kifayət qədər faktlar, sübutlar ola-ola cinayətkarları cəzalandırmaq əvəzinə müdafiə edirsiniz. Siz bütün Ermənistanı haqlı tərəf kimi görürsünüz. İndi də bəhanə edirsiniz ki, guya Azərbaycan öz ərazisində kimlərisə blokadada saxlayır. Əgər blokadada saxlayırsa, separatçı Arutunyan, Vardanyan, digəriləri ayda bir neçə dəfə necə Yerevana, oradan Moskvaya, oradan da Azərbaycan ərazilərinə – Qarabağa gəlirlər. Sual verirəm: blokada varsa, bu adamlar necə gedib-gəlirlər? Əgər blokada varsa, hər gün 30-50 rus hərbi kontingentinin maşınları, Qızıl Aypara Cəmiyyətinin maşınları və digər humanitar yüklər Xankəndinə və Laçın ərazisinə, Ermənistana necə keçib-gedirlər? Bunun üzərindən Azərbaycanı blokada yaratmaqda ittiham etmək haqsızlıqdır.
– “Avropa missiyası” məsələsinə görə, bu gün Rusiya-Ermənistan arasında bir sərinlik var. Regionda sülhün yaradılması prosesində bir vasitəçi olan Rusiyanın Azərbaycana münasibətində hansı dəyişilmələr var?
- Hesab edirəm, bu gün Ermənistan rəhbərliyi tərəfindən Rusiyaya qarşı hansı satqın, xəyanətkar, düşmənçilik hərəkətləri varsa, onlara haqq edirlər. Yəni millət adlanan bu cinayətkar toplumu tarixin müəyyən dövründə dünyanın müxtəlif ərazilərindən köçürüb bizim tarixi torpaqlarımızda yerləşdirən kim oldu? Çar Rusiyası. Kim 1920-ci ildə bunlara dövlət yaratdı? Təzə yaranmış Sovetlər hökuməti. Erməniləri daim kim müdafiə etdi? Yenə də sovet hökuməti. Ermənilər bizim torpaqlarımızı işğal etməyə başlayanda yenə torpaqlarımızı kim onlara bağışladı? Şimal qonşumuz. Şimal qonşumuz tarix boyu ermənilərin satqınçılığından, fitnəkarlığından, bütün murdar hərəkətlərindən məlumatlı ola-ola onları qoruyub-saxlayırdı və özü üçün Türkiyəyə, Azərbaycana və digər türk xalqlarına qarşı alət kimi istifadə edirdi. İndi çox şükür, Rusiya tərəfindən müdafiə olunan bu toplum Rusiyanın kürəyinə xain xəncərini sapladı və bütün ciddiyyəti ilə Paşinyan və onun komandası Rusiyanın Ermənistandan çıxması xəttini yeridir, Fransa başda olmaqla, Avropa missiyasını dəvət edir. İndi qoy Rusiya Ermənistanla öz tədbirini görsün və özünün qoynunda bəslədiyi, tarix boyu qoruduğu ermənilərlə üz-üzə qalsın. Düşünürəm, Rusiya Ermənistanın bu xəyanətinin üstündən sakit keçməyəcək. Ermənistanda Rusiya ilə Avropa arasında çox ciddi gərginlik yaranacaq. Təbii, bu, bizə də təsirsiz ötüşməyəcəkdir.
Rusiya rusun yaşamadığı ərazimizdə rus icması yaratdı, kilsə tikdi. Erməni faşistin heykəlini ucaltdı. Amma məlum üçtərəfli sazişdə Rusiya hərbi kontingentinin missiyası Laçın yolunda hərəkətin təhlükəsizliyini təmin etmək idi. Qarabağda hərbi kontingentin 30-dan çox postu qurulub. Onların fəaliyyətində erməniləri silah-sursatla təmin etmək, erməniləri təlimatlandırmaq, separatçılarla, cinayətkarlarla əməkdaşlıq etmək var. Ona görə də deyirəm: Paşinyan hakimiyyəti Rusiyaya qarşı nə edirsə, haqq edir.
– Ermənistanın Rusiyaya xəyanəti bu ölkəni nə dərəcədə ayıldacaq, təsir edəcək?
– Rusiyanın Ermənistandan çıxmaq fikri yoxdur. Avropa missiyası sərhəddə gələndən sonra orda yaranan gərginliklər, qarşıdurmalar artacaq. Bundan başqa, biz separatçıya dəstək verən dövlətlər sırasında tək Rusiyanı qeyd etməməliyik. Eyni zamanda bizimlə açıq düşmənçilik edən Cənub qonşumuz İran haqqında da bunları demək olar. Sayı yüzlərlə olan Avropa missiyasının tərkibində olan insanlar dünyanın müxtəlif ölkələrində cinayətlər törətmiş hərbçilər, kəşfiyyatçılar, hərbi təlimatçılarıdır. Onlar regiona gələndə əliboş gəlməyəcəklər, özləri ilə lazımi avadanlıqlar da gətirəcəklər. Bunların da hamısı İran ərazisində yerləşdiriləcək və İran ərazisi bunların əlində kəşfiyyat üçün plasdarm olacaq. İran deyir ki, Ermənistanla qardaşdır, Ermənistanın təhlükəsizliyi onun təhlükəsizliyidir. İndi ermənilər Avropa missiyasını İrana da “hədiyyə” elədi.
– Otuz bir ildən sonra Rusiyanın Xocalı soyqırımını tanıması Ermənistana hansı mesajı verə bilər və bu məsələ qaldırıla bilərmi?
- Bu, heç vaxt olmayacaq. Nə otuz bir il əvvəl, nə də otuz bir il sonra olmayacaq. Soyqırımının törədilməsində, eyni zamanda, torpaqlarımızın işğal olunmasında ya birbaşa, ya da dolayısı ilə adıçəkilən bu iki dövlətin iştirakı, marağı olub.
Digər tərəfdən, biz Xocalı soyqırımının tanınmasını tək Rusiya, İran qarşısında deyil, bütün dünya dövlətləri, BMT və digər təşkilatlar qarşısında qaldırırıq. Və otuz bir ildir dünyanın bütün dövlətlərinə müraciətlər göndəririk. Bu müraciətlər çox az dövlət tərəfindən müsbət cavablandırılıb.
– Otuz bir il sonra Xocalı necə görünür?
- Xocalı otuz bir ildən sonra bu gün işğal altındadır. Bu gün Xocalıda ermənilər yaşayır, rus hərbçiləri Xocalı aeroportunda öz qərargahlarını qurublar, bazalarını yerləşdiriblər. Bu gün Xocalı və Xocalı ərafında hələ də ermənilər üçün evlər tikilir, yenə o evlərə kənardan ermənilər köçürülür.
Hesab edirəm, bu özbaşınalıq çox davam etməyəcək. Biz torpaqlarımızın hər qarışını işğaldan azad edəcəyik.