Yağıntılar bahalaşma üçün əsas deyil - Ekspert

16:30 27.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycana bahar yağışlarla gəldi. May ayı başlar-başlamaz intensiv yağıntılar ölkənin dördbir yanında öz küləyini əsdirdi. Mövsüm normalarının üzərində düşən yağıntılar adətən kənd təsərrüfatı bitkilərinə göstərdiyi mənfi təsirlərlə yadda qalır. Bəs görəsən hazırda bu sahədə vəziyyət necədir? Yağışların yağması ərzaq qıtlığına və ya qiymət artımına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) eksperti Elçin Süleymanov söylədi ki, kənd təsərrüfatı sahəsi hava durumundan ən çox təsirlənən sahələrdən biridir:

“İstehsal prosesində havanın çox isti və yaxud soyuq keçməsi buna elə də ciddi təsir göstərməz. Çünki belə mühit qapalı olur. Bu il may ayı, əvvəlki illərlə müqayisədə olduqca qeyri stabil keçdi. Buna baxmayaraq düşünmürəm ki, havaların yağmurlu keçməsi kənd təsərrüfatı məhsullarının istehsal həcminə ciddi təsir göstərsin. Ölkəmiz, kənd təsərrüfatı məhsullarına olan daxili təlabatı 80% ödəyir. Yerdə qalan 20%-lik idxal amili isə əsasən Rusiya, Türkiyə və Ukraynanın payına düşür”.

Ekspertin sözlərinə görə, yağıntıların çox olması məhsul qıtlığına səbəb olmayacaq. İndi narahatlıq doğuracaq əsas məqam yağıntıların miqdarı ilə bağlı yox, suvarma sistemindəki çatışmazlıqlarla əlaqədardır:

“Azərbaycanda əhəmiyyətli kənd təsərrüfatı bitkiləri əsasən istixana şəraitində yetişdirilir. Bildiyiniz kimi belə məhsullar da hava şəraitindən təsirlənmir. İstixanalarda yetişdirilən məhsulların əksəriyyəti isə xaricə, Rusiyaya ixrac olunur. Havaların yağıntılı keçməsinin daha çox mənfi təsir etdiyi  ərzaqlar kütləvi şəkildə daxili bazara çıxarılan qida məhsullarıdır. Bu da sadəcə onların bazarlara 5-10 gün gec çıxarılmasına səbəb ola bilər.  Hava şəraitinin yaxşı keçməsi kənd təsərrüfatı məhsulları üçün hasad mövsümündə, payız fəslində daha mühümdür. Xüsusilə pambıq və tütün kimi məhsulların yığımında yağmurlu və quraq hava böyük rola malikdir. Hazırda kənd təsərrüfatı məhsullarında qıtlığın yaranmasına suvarma sistemlərindəki çatışmazlıqlar daha ciddi təsir edə bilər, nəinki havaların yağıntılı keçməsi. Eyni zamanda havanın birdən-birə soyuması və qəfil şaxta düşməsi təsərrüfata ziyan vura bilər. Bu zaman dəymiş ziyanın miqyası daha böyük olur. Bu hal bir neçə il öncə yaşanmışdı. Hazırkı hava şəraitinin mövsüm normasından bir qədər soyuq keçməsi məhsulların böyüməsini ləngitsə də, məhsuldarlığa ciddi təsir etməz və ərzaq qıtlığına gətirib çıxarmaz”.

Qiymət artımı məsələsinə gəldikdə isə, ekspert vurğuladı ki, ərzaq məhsullarının qiymətlərində müşahidə edilən bahalaşma mövsümü amillərdən çox, qlobal amillərdən asılıdır:

“Ərzaq məhsullarının qiyməti bütün dünyada qalxır. Bu xüsusilə də Ukrayna və Rusiya arasındakı müharibə ilə bilavasitə əlaqədardır. Eyni zamanda pandemiya ilə bağlı təchizat zincirinin qırılması, dünya iqtisadiyyatındakı geriləmələr bahalaşmaya səbəb olur”. 

Oxunma sayı 196