Yanacaqda qiymət artımı ilə bağlı kompensasiya ödənişi niyə yubanır? - Araşdırma

14:30 19.07.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə bu ilin yanvarın 5-dən Azərbaycanda "Aİ-92" markalı benzinin və dizel yanacağının qiymətləri artırılıb. Qiymətlər müvafiq olaraq 90 qəpikdən 1 manata, 60 qəpikdən 80 qəpiyə çatdırılıb.

Təxminən 7 ay bundan əvvəl hökumətin qiymət artımına dair yaydığı məlumatda qeyd olunurdu ki, artımlardan sonra həm kənd təsərrüfatı, həm də nəqliyyat sektor üzrə dəstək paketinin miqdarının artırılması planlaşdırılıb. Belə ki, hər iki sektorda qiymət artımının təsirinin neytrallaşdırılması üçün kompensasiya ödənişi nəzərdə tutulub. Kompensasiyanın verilməsi mexanizminin yanvar ayının sonunadək açıqlanacağı da bildirilirdi. Lakin aradan keçən 7 ay ərzində bu barədə hansısa rəsmi məlumat açıqlanmayıb.

Maraqlıdır, görəsən, qiymət artımı üzrə nəzərdə tutulan kompensasiyalar müvafiq sahələrə ödənilibmi? Əgər kompensasiya ödənişi həyata keçirilibsə, bu istiqamətdə ayrılan vəsaitin həcmi nə qədər olub?

Məsələni hafta.az-a şərh edən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Tarif Şurasının müvafiq qərarından sonra gündəmə gələn kompensasiya ilə bağlı hələlik rəsmi addım atılmayıb:

“Bu ilin yanvarında yanacağın qiymətində artım baş verən zaman artımın sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə və fermerlərə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəyi bildirilirdi. Kompensasiyanın verilməsi mexanizminin yanvar ayının sonunadək açıqlanacağı da bəyan edilmişdi. Amma bununla bağlı indiyədək heç bir qərar yoxdur. Biz qiymət artımı ilə bağlı  kompensasiyanın verilməsini hələ ki, müşahidə etmirik. Azərbaycan hökümətində belə bir praktika var. Ola bilsin ki, Tarif Şurasının qərarını əsaslandırmaq üçün adlı kompensasiyanın veriləcəyi bəyan olunmuşdu. Bəlkə də, bu ad altında heç bir kompensasiya olmayacaq. Bunun üçün müvafiq orqanların qərarı olmalıdır”.

Ekspert vurğulayıb ki, hazırda ölkəmizdə həm kənd təsərrüfatı istehsalçılarına, həm də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlara dövlət tərəfindən müfaviq subsidiyalar ayrılır. Amma konkret olaraq yanacağın qiymətinin bahalaşması ilə bağlı kompensasiya ödənişinin həyata keçirilməsinə dair heç bir rəsmi məlumatlara rast gəlinmir:

“Təbii ki, sözügedən kompensasiyanın ödənişi həyata keçirilmiş olsaydı, bu barədə aidiyyəti qurumlar məlumat yaymış olardılar. Düşünürəm ki, bu məsələnin yubanması maliyyə çatışmazlığı ilə əlaqədardır. Maliyyə ayrıla bilmədiyindən prosesin icrası da indiyədək yubanır”.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən hafta.az-a bildirilib ki, ötən ilin sonunda kənd təsərrüfatı istehsalçıları üçün nəzərdə tutulan subsidiyanın məbləği artırılıb. Artıq subsidiyanın əsas hissəsi fermerlərə ödənilib, artım hissə isə Maliyyə Nazirliyi vəsait ayırdıqdan sonra il ərzində ödəniləcək.

Qeyd edək ki, 2021-ci il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilib. Həmin ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib. Ümumilikdə cari ildə, 2020-2021-ci il payızlıq, 2021-ci il yazlıq və çoxillik əkin bəyanları üzrə 340 mindən artıq fermerə 152 milyon manatdan çox subsidiya ödənilib.

Pambıq, tütün və şəkər çuğunduru üzrə isə 413 fermerə 255 min manatdan çox məhsul subsidiyası ödənişi həyata keçirilib. Qaydalara əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək elektron bəyannaməni, dekabrın 15-dək isə məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri – yəni qəbul qəbzlərini, tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları Subsidiya İnformasiya Sisteminə daxil etməlidilər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. Hazırda digər subsidiyaların ödənişləri də həyata keçirilir.

Yeri gəlmişkən, aqrar subsidiyalar “Fermer kart”larına köçürülür. Əkin subsidiyasının 25 faizi nağdlaşdırılan, 75 faizi isə nağdlaşdırılmayan vəsaitdir. Nağdlaşdırılmayan vəsait fermerlərin təchizatçılardan təsərrüfatları üçün toxum, gübrə, pestisid əldə etməsi üçün nəzərdə tutulub. Qaydalara görə subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

Mövzu ilə bağlı hafta.az-ın sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasına əsasən istehsalçılara subsidiyalar Aqrar Subsidiya Şurası tərəfindən verilir.

“Avtobus nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı” layihəsinə əsasən göstərilən subsidiyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulmuşdur.

Məsələyə Bakı Nəqliyyat Agentliyindən də münasibət öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hafta.az-a açıqlamasında deyib ki, bu bizim səlahiyyətimizdə olan məsələ deyil: 

“Biz də yanvar ayında baş verən qiymət artımından sonra daşıyıcı şirkətlərlə keçirilən görüşdə məlumat vermişdik ki, kompensasiya ödənişi ilə bağlı İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparılır. Bizdə olan məlumata görə, bununla bağlı layihə hazırlanmalı, kompensasiya ödənişinin mexanizmi müəyyənləşməli idi. Amma bu bizim səlahiyyətimizə aid məsələ deyil”.

Məsələyə İqtisadiyyat Nazirliyindən münasibət öyrənməyə çalışsaq da, gün ərzində etdiyimiz telefon zəngləri cavabsız qaldı.

Oxunma sayı 5382