Yanvarın 1-dən sonra doğulan uşaqlara ildə 500 dollar veriləcək 

14:19 15.12.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistandan sonra dünyanın ikinci ən çox əhalisi olan Çin, əhali sayını artırmaq məqsədi daşıyan uzun müddətdir davam edən güzəşti ləğv etmək qərarına gəlib.

Hafta.az yazır ki, hökumət prezervativ, doğum nəzarət həbləri və spiral kimi məhsullara 13 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq edəcəyini açıqlayıb. Qaydalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Bu qərar 1993-cü ildən bəri qüvvədə olan 32 illik vergi güzəştini ləğv edir.

Rəsmilər bu addımın doğum nisbətlərinin azalması, əhalinin sürətlə yaşlanması və işçi qüvvəsinin azalması ilə bağlı narahatlıqlardan qaynaqlandığını bildiriblər.

Milli Statistika Bürosunun məlumatlarına görə, 2024-cü ildə Çində 9,5 milyon körpə dünyaya gəlib. Bu, 2019-cu ildəki 14,7 milyon doğuşa nisbətən təxminən 35 faiz azalma deməkdir. Əjdaha ili səbəbindən doğumlarda müvəqqəti artım olsa da, ümumi tendensiya aşağıya doğrudur.

1980-ci illərdən 2015-ci ilə qədər tətbiq edilən tək uşaq siyasəti ilə Çin doğuşları ciddi şəkildə məhdudlaşdırdı. Siyasət 2015-ci ildə yumşaldıldı və iki uşağa, 2021-ci ildə isə üç uşağa icazə verilib. Bu dövrdə dövlət tərəfindən doğum nəzarəti metodları təşviq edilib və bəzi xidmətlər pulsuz təklif olunub.

Yeni vergi qərarı keçmiş təcrübələrə zidd olduğu üçün tənqid obyektinə çevrilib. Digər tərəfdən, Çin hökuməti doğum səviyyəsini artırmaq üçün bəzi sosial dəstək tədbirləri həyata keçirməyi planlaşdırır. Buna uyğun olaraq, analıq məzuniyyəti 128 gündən 158 günə qədər artırılacaq, atalıq məzuniyyəti 30 günə qədər uzadılacaq, 1 yanvar 2025-ci ildən sonra doğulan uşaqlar üçün illik 500 dollar dövlət subsidiyası veriləcək.