Yaponiya polisi İrana qanunsuz gəmi satmaqda şübhəli bilinən gəmiçilik şirkətinə basqın edib.
Hafta.az-ın “Yomiuri Shimbun” qəzetinə istinadən yazdığına görə, Tokio polisinin əvvəlki gün gömrükdə bildirilən 499 ton ağırlığında istifadə edilmiş yük gəmisinin Birləşmiş Ştatlar yerinə İrana ixrac edildiyi şübhəsi ilə Osakada yerləşən gəmi ticarəti şirkətinə basqın etdiyini bildirib.
Yerli KİV-in məlumatına görə, şirkət 2021-ci ilin may ayında gömrük orqanlarına saxta ixrac planı təqdim edib.
Qəzet bildirib ki, polis gəmini izləyib və onun Cənub-Şərqi Asiyadan keçərək İran limanına çatdığını aşkarlayıb. Şirkətin ixrac prosesi üçün İran rəsmilərindən icazə aldığı da qeyd olunub.
Məlumatlara görə, İrana gəmi satışı qadağan edilməyib. Lakin ABŞ-ın Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq etməsi səbəbindən bir çox şirkətlər İranla münasibətlərində ehtiyatlı davranırlar.