Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkə daxilindəki əcnəbi işçilər üçün məlumatlarını yeniləyib. Məlumatlara görə, ölkədəki xarici işçilərin sayı 2 milyon 48 min 675-ə yüksəlib.
Hafta.az-ın yazdığına görə, əvvəlki ilə nisbətən 12,4 faiz artan bu rəqəm ilk dəfə 2 milyonu keçib.
Bundan əlavə, Yaponiya daxilində xarici işçilərin işlədiyi iş yerlərinin sayı 19985 artaraq 318775-ə yüksəlib. Ən çox əcnəbi işçinin olduğu yerlər müvafiq olaraq paytaxt Tokio, cənubdakı Ayçi prefekturası və Osaka metropoliti olub.
Xarici işçilər arasında vyetnamlılar 25,3 faizlə birinci yerdədir.
Ölkə daxilində 518364 vyetnamlı, 397918 çinli və 226846 filippinli işçi var.
İstehsal və tikinti sektorları əcnəbi işçilərin ən çox məşğul olduğu sektorlar arasındadır.
Bildirilir ki, əhalinin qocalması və müxtəlif sektorlardakı işçi qüvvəsi çatışmazlığı Yaponiyanın əcnəbi işçilərə meylini artıracaq.