“Yaponiyanın Baş naziri Sanae Takaiçi bu yaxınlarda Tayvanla bağlı səhv açıqlamalar verərək Çinin daxili işlərinə kobudcasına müdaxilə edib. Bu cür davranan bir ölkə beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün məsuliyyət daşıya bilməz və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olmaq hüququna malik deyil”.
Hafta.az-ın yazdığına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.
Dünən BMT Baş Assambleyasının (BMT BA) Təhlükəsizlik Şurasının islahatları ilə bağlı plenar iclasında çıxış edən Çinin BMT-dəki daimi nümayəndəsi Yaponiyanın Təhlükəsizlik Şurasına daimi üzvlük üçün müraciət etmək hüququna malik olmadığını bildirib.
Mao Ninq bildirib ki, BMT Nizamnaməsinə əsasən, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət Təhlükəsizlik Şurasındadır. Yaponiya İkinci Dünya Müharibəsi zamanı təcavüzkar müharibələrə başlayıb, Asiya və dünya xalqlarına dərin əzablar yaşadıb.
“Bu günə qədər Yaponiya müharibə cinayətlərini tam təhlil etməyib” deyən Mao Ninq bildirib ki, bəzi insanlar İkinci Dünya Müharibəsi tarixinə yanlış baxış təbliğ edir, Yasukuni Məbədini ziyarət edir, təcavüz tarixini təhrif edir, inkar edir və hətta bəzəyir.
Mao Ninq bildirib ki, əgər Yaponiya Tayvanla bağlı səhv açıqlamalarını geri götürməkdən imtina edərsə və ya bir-birinin ardınca səhv buraxmağa davam edərsə, Çin sərt və qətiyyətli əks tədbirlər görməyə məcbur olacaq. O, Yaponiyanın bütün sonrakı nəticələrin məsuliyyətini öz üzərinə götürəcəyini qeyd edib.
Diplomat deyib ki, Sanae Takaiçinin səhv açıqlamaları Çin-Yaponiya münasibətlərinin siyasi təməlinə kökündən xələl gətirib, Çin xalqının ictimai qəzəbinə və qınağına səbəb olub.
Sözçü Yaponiya dəniz məhsulları idxalını dayandırması məsələsinə də toxunub. Bildirib ki, hazırkı vəziyyətdə Yaponiya dəniz məhsulları Çinə ixrac olunsa belə, bazara çıxarılmayacaq.
Çinli diplomatın qeyd etdiyi kimi, Yaponiya əvvəllər Çinə dəniz məhsulları ixracına nəzarət və monitorinq aparmaq, onların keyfiyyətini və təhlükəsizliyini təmin etmək öhdəliklərini yerinə yetirəcəyinə söz vermişdi ki, bu da Yaponiyanın Çinə dəniz məhsulları ixracı üçün vacib şərtlərdir.
"Lakin Yaponiya hələ də vəd edilmiş texniki materialları təqdim etməyib", - deyə o əlavə edib.