Yaponların 86,7 faizi Çini “dost saymır”

10:45 23.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiya Nazirlər Kabinetinin İdarəsi hər il ictimai diplomatiya araşdırmasında ölkədə yaşayan 18 yaşdan yuxarı yaponiyalılardan qonşu ölkələr haqqında fikirlərini soruşur.

Hafta.az-ın yazdığına görə, 7 sentyabr - 15 oktyabr 2023-cü il tarixləri arasında 3 min adamı əhatə edən illik sorğuda iştirakçıların Çin, Rusiya və Cənubi Koreya ilə bağlı fikirləri öyrənilib.

Yanvarın üçüncü həftəsində dərc edilən araşdırmanın nəticələrinə görə, 3 min nəfərdən 86,7 faizinin Çinə qarşı “dostluq hissi” keçirmədiyi müəyyən edilib. Bu, 1978-ci ildən bəri aparılan ictimai diplomatiya tədqiqatlarında ən yüksək göstərici kimi qeydə alınıb.

Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi açıqlamasında bildirib ki, sorğunun nəticəsi "ictimaiyyətin Çinlə bağlı gözlənilən məsələlərə marağını" əks etdirir.

Son zamanlar Şərqi Çin dənizindəki mübahisələr, Çinin Tayvan boğazında artan nüfuzu və iqtisadi təhlükəsizliklə bağlı narahatlıqlar Çinlə Yaponiya arasında münasibətlərə mənfi təsir göstərir.

Sorğuda həmçinin Yaponiyanın şimal qonşusu Rusiya və qərb qonşusu Cənubi Koreya ilə bağlı ictimai rəy də öyrənilib. Müvafiq olaraq, Rusiyaya qarşı “dostluq hiss etmədiklərini” ifadə edənlərin nisbəti 95,3 faiz, Cənubi Koreyaya qarşı isə 46,4 faiz olaraq qeyd edilib.