“YAŞAT” Fondu özəl təhsil müəssisələri ilə danışıqlar aparır - Elvin Hüseynov

11:48 24.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Məqsədimiz odur ki,  şəhidlərimizin övladları həmin özəl müəssisələrdə ödənişsiz təhsil ala bilsin

Bu gün həm dövlətimizin, həm də hər bir azərbaycanlının diqqət mərkəzində, bizlərə qələbə sevinci bəxş edən şəhid ailələri və qazilərin sağlamlığı, sosial təminatı ilə bağlı yeridilən siyasət, görülən işlərdir. Məlumdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - "YAŞAT" bu işi həyata keçirir.  Hafta.az-ın əməkdaşı fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovla həmsöhbət oldu. Müsahibəni sizlərə təqdim edirik.

- Elvin bəy, zəhmət olmasa, öncə“YAŞAT” Fondunun yarandığı gündən indiyədək gördüyü işlərlə bağlı bizləri bilgiləndirərdiniz...

- İndiyədək 2881 şəhid, 2775 qazi ailəsinin ziyarətində olmuşuq. Bilirsiniz ki, “YAŞAT” Fondu 8 dekabr 2020-ci ildə cənab Prezidentin 1203 nömrəli fərmanı əsasında yaradılıb. Fond yarandığı gündən etibarən fəaliyyətimiz başladı. Beləcə, tərəfimizdən 69 qrup formalaşdırıldı. Bu qruplardan biri operativ şəkildə təcili müraciətlərin olduğu yerə yönləndirildi. Digər 68 qrup isə regionlarda fəaliyyət göstərdi. Hansı ki, şəhid ailələrimizin evlərini ziyarət etmək üçün rayonbarayon, kəndbəkənd dolaşıb, problemləri şəhid ailələrinin dillərindən eşidib, öz gözləri ilə gördülər. Daha sonra həmin məlumatlar əməkdaşlara tərəfimizdən təmin olunmuş planşetlər vasitəsilə elektron bazaya ötürüldü. Ardınca isə  biz bilgiləri təhlil edib, ödənişləri həyata keçirdik.

- Bəs gələcək perspektivlərlə bağlı nə deyə bilərsiniz?  Fondun bu istiqamətdə hansısa planları var?

- “YAŞAT” Fondu cari məsələrlə və gələcək perspektivlərlə bağlı düşünür. Biz, artıq sentyabr ayından başlanacaq növbəti tədris ili ilə bağlı bir sıra özəl təhsil müəssisələri ilə danışıqlar aparırıq. Belə müəssisələrin bir neçəsi ilə  “Niyyət” protokolu da imzalanıb. Məqsədimiz odur ki,  şəhidlərimizin övladları həmin özəl müəssisələrdə ödənişsiz təhsil ala bilsin. Belə təhsil ocaqlarından “Kaspi” liseyi, “Atatürk” liseyi, “Hədəf” liseyi”, “Evrika” liseyini misal çəkə bilərəm. Burada bir məqamı da vurğulamaq istərdim ki, müharibə əlillərinin övladları da həmin təhsil müəssisələrində təhsil almaq istəyərlərsə, onların ödənişləri 50% güzəştlədir.

- Əgər şəhid və ya qazi övladı xaricdəki ali təhsil müəssisələrinin birində təhsil almaq istəyər, onda bu proses nə cür tənzimlənir?

- Məlumdur ki, şəhid və müharibə əlillərinin övladları dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olarsa, onlar üçün təhsil pulsuzdur. Xaricdə ali təhsil alan şəhid və müharibə əlillərinin övladları isə qəbul olduqları ali təhsil müəssisəsinin adını və onun bank rekvizitlərini təqdim edir, biz də ödənişləri həyata keçiririk.  Xaricdə təhsil alan şəhid övladlarımızdan bir neçəsinin təhsil ödənişlərini etmişik.

- Maraqlıdır, fond maliyyə mənbələrinin genişləndirilməsi ilə bağlı hansı işləri görür?

- Bilirsiniz ki, “YAŞAT” Fonduna vəsait könüllü ianələr əsasında daxil olur. Fonda ianələr etmək üçün bütün məlumatlar rəsmi saytımızda qeyd olunub. Proses eyni zamanda, banklar, müxtəlif ödəniş terminalları və 8103 qısa nömrəsinə SMS göndərməklə həyata keçirilə bilər.

- Elvin müəllim, digər sualımız fonda müraciət edən qazilərin müalicəsində daha çox qardaş Türkiyə ilə əməkdaşlıq edilməsi ilə bağlıdır. Gələcəkdə bu istiqamətdə başqa ölkələrlə də əməkdaşlığın qurulması nəzərdə tutulurmu?

- Qazilərimizi qardaş Türkiyə Respublikasına o halda göndəririk ki, onların müalicəsi ölkəmizdə mümkün olmasın. Əgər qazimizin müalicəsi Türkiyədə də mümkün deyilsə, bu zaman digər ölkələrlə danışıqlar aparıb həmin ölkəyə də göndərə bilərik. Hal-hazırda təcrübədə belə hal baş verməyib. Zərurət yaranarsa, digər ölkələrə də qazilərimizi göndərə bilərik.

- Bəzən sosial platformalarda hansısa qazinin və yaxud şəhid ailəsinin diqqətdən kənarda qaldığını əks etdirən videolara, paylaşımlara rast gəlinir. Fond yaralı qazilərə, şəhid ailələrinə baş çəkərkən ardıcıllığı hansı prinsiplə həyata keçirir?

- “YAŞAT” Fondunun 4 fəaliyyət istiqaməti var - məişət şəraitinin yaxşılaşdırılması, istehlak kreditləri, təhsil və tibb. Həmin ailələrlə görüşə gedərkən onlar özləri 4 istiqaməti vacibliyinə görə sıralayırlar. Fond ilk olaraq birinci dərəcəli problemi həll edir. Bütün şəhid ailələrində ilk problem həll olunduqdan sonra, ikinci istiqamətin həllinə keçid alırıq. Həmçinin qazilərimiz də bizlərə kredit, təhsil və digər istiqamətlərdə müraciət edir. Vaciblik təyin edildikdən sonra məsələnin həlli istiqamətində  tərəfinizdən işlər görülür.

Ardıcıllığa gəldikdə isə deyə bilərəm ki, “YAŞAT” Fondu bütün şəhid ailələri ilə görüşdə olub. Qazilərimizlə görüş isə müxtəlif formalardadır. Məsələn, 200-ə yaxın qazini evində, 200-ə yaxın qazini tibb müəssisələrində ziyarət etmişik. Kifayət qədər çox qazimiz isə özləri bizimlə görüşə gəliblər. Əməkdaşlarımız hər gün onlarla şəhid ailələri və qaziləri qəbul edir, problemlərini dinləyir, həlli istiqamətində addımlar atılır. Bütün bu formaları nəzərə alsaq deyə bilərəm ki, artıq 2775 qazi ilə görüşlər həyata keçirilib.

- Daxil olan müraciətlər əsasən hansı istiqamətlərdə olur?

- Müraciətlərin ağırlıq dərəcəsinə baxsaq, burada əsasən tibb istiqamətində və istehlak kreditləri ilə bağlı problemlər çoxluq təşkil edir. Biz bütün istiqamətlərdə müraciət qəbul edib qısa zamanda və  ən ədalətli şəkildə, həm qazi, həm də şəhid ailələrinin problemlərini həll etmək üçün çalışırıq.