Özbəkistan yaxın gələcəkdə yoxsulluğun səviyyəsini 6 faizə endirmək üçün layihələr həyata keçirir.
Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sahibkarlarla görüşündə bildirib.
Dövlət başçısının sözlərinə görə, çətin geosiyasi vəziyyətə baxmayaraq, ölkə iqtisadiyyatı 6,3 faiz artaraq 111 milyard dollara çatıb. O cümlədən, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinə 38 milyard dollar investisiya cəlb edilib, illik ixracın həcmi 26 milyard dolları ötüb.
Özbəkistan prezidentinin qeyd etdiyi kimi, bu ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsi 9 faizə düşəcək.
“Əminəm ki, əgər biz qarşılıqlı etimad əsasında əməkdaşlığımızı eyni sürətlə davam etdirsək, yaxın illərdə bu rəqəmi 6 faizə endirə biləcəyik”, - deyə Şavkat Mirziyoyev bildirib.
Xatırladaq ki, Özbəkistan 2025-ci ilə qədər 43 milyard dollar investisiya almağı planlaşdırır.
Xəbər verildiyi kimi, Özbəkistan Senatı 2025-ci il üçün büdcəni təsdiqləyib. İcmal büdcənin gəlirlərinin 431 trilyon sum (təxminən 33,4 milyard dollar), xərclərinin 480,5 trilyon sum (37,3 milyard dollar) olacağı gözlənilir.
Prezident Şavkat Mirziyoyev həmçinin bildirib ki, Özbəkistanın ÜTT-yə daxil olması prosesi son mərhələyə qədəm qoyur.