Dünyanın nəzərləri Yaxın Şərqə, Fələstin–İsrail müharibəsinə yönəlib. 1948-ci ildən bu yana uzun müddətdir sönməyən bu “ocaq”ın yenidən alovlanmasına səbəb olan amillərə birmənalı yanaşılmır. Yaxın Şərq nəyə şahidlik edirik? Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Həftə içi”nə müsahibəsində İsrail–Fələstin toqquşmasının səbəblərinə diqqət çəkib.
– Fələstinin HƏMAS təşkilatını İsrailə hücum etməyə təhrik edən səbəblər nədir? Toqquşmada maraqlı olan güclər varmı və onlar nəyə nail olmağa çalışırlar?
– İsrail-Fələstin münaqişəsi kifayət qədər qədim tarixə malik və Yaxın Şərqin köklü problemlərindən biridir. Təsadüfi deyil ki, bu münaqişənin alovlanmasının daim şahidi olmuşuq. Münaqişə XX əsrdə müəyyən siyasi çalar almağa başlamış və regionda marağı olan qüvvələrin bu və ya başqa dərəcədə istifadə etməsinə şərait yaratmışdır. Yaxın Şərqdə İsrail–Fələstin münaqişəsindən manipulyasiya edən kifayət qədər qüvvə var. Bu eskolasiya bir qədər fərqlidir. Son 50 ildə bu miqyasda, həm də çoxlu sayda itkilərlə müşayiət olunan müharibə görməmişik. Tərəflər özləri də toqquşmanı müharibə kimi xarakterizə edirlər. Bundan əvvəl 1947-1949-cu illərdə, 1963-cü ildə altıgünlük, 1973-cü ildə isə 19 gün müharibə olmuşdu. Maraqlı məqam odur ki, hazırda şahidi olduğumuz döyüş məhz 1973-cü il oktyabrın 6-da baş vermiş müharibənin 50 illiyinə təsadüf etdi. Hazırda narahatlıq doğuran məqam bundan ibarətdir ki, proseslər sürətlə və daha kəskin xarakter almağa başlayır. Bunun yalnız İsrail–Fələstin sərhədləri daxilində qalması ehtimalı azalır. Müharibə miqyasca böyüyə bilər, sərhədləri də aşa bilər. Ciddi məqam da budur.
– Müharibənin HƏMAS təşkilatı tərəfindən başlandığı və bu təşkilatın İranla əlaqəli olduğu qeyd edilir. Toqquşmada İranın rolu varmı?
– Ümumiyyətlə, İran, o cümlədən regionda marağı olan ölkələr hər zaman bu tip münaqişələrdən öz hədəf və məqsədləri üçün istifadə ediblər. Bu mənada müharibənin başlanması fonunda baş verən prosesləri təhlil etmək lazım gəlir. Xüsusilə vurğulamaq istəyirəm ki, söhbət İrandan getmir. Diqqət edin: müharibə başlamayana qədər çox ciddi iki proses gedirdi. Yaxın Şərqdə İsraillə çox soyuq, gərgin münasibətləri, kifayət qədər ciddi nüfuzu olan iki ölkənin İsraillə münasibətlərinin normallaşması istiqamətində danışıqlar gedirdi. Bu danışıqlar, hətta müsbət nəticəsini verirdi. Bu ölkələrin Fələstin məsələsinə çox həssas yanaşması var idi. Hər iki ölkənin bu və ya başqa dərəcədə HƏMAS-la da yaxın əlaqələri mövcuddur. Ölkələr HƏMAS-ı terror təşkilatı kimi tanımayıb. Bu ölkələr Türkiyə və Səudiyyə Ərəbistanıdır. Hər iki ölkə İsraillə münasibətlərində müsbət dönüş yarada biləcək və hətta bu danışıqlarda Fələstin, İsrail problemi ilə bağlı müsbət ümidlər doğura biləcək diplomatik danışıqlar aparırdı. Təəssüf ki, birdən-birə müharibə olur, vəziyyət gərginləşir və hətta bu iki ölkədən biri – Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşması ilə bağlı danışıqları dayandırması ilə bağlı açıqlama verir. Halbuki hər iki ölkənin İsraillə münasibətlərinin müsbət istiqamətdə getməsi Yaxın Şərq ölkələri, hətta İsrail–Fələstin münaqişəsinin çözülməsi ilə bağlı çox maraqlı nəticələr verə bilərdi. Birdən-birə belə eskolasiya baş verir, HƏMAS hücuma keçir və 3-4 gün ərzində proses miqyasca böyüyür. Hər iki tərəf böyük itkilər verir, böyük miqyasda mülki insanlar öldürülür və göründüyü kimi, proses davam edir. Yəni bölgədə proseslərin normal məcraya keçməsini istəməyən qüvvələr var. Bu müharibəyə münasibətdə ərəb ölkələrində də fikirayrılığı görürük. Məsələn, Qətərin son 4 gündə baş verən müharibəyə münasibətilə BƏƏ-nin münasibəti kəskin fərqlənir. Səudiyyə Ərəbistanı ilə İordaniyanın münasibətləri kəskin fərqlənir. Bütün bunlar göstərir ki, əslində, problem cox dərindir və ona baxış da birmənalı deyil.
Yaxın Şərq bütün geosiyasi nəzəriyyələrə görə dünyanın ürəyi, mərkəzi hesab edilir. Bu regionda hər zaman gözü, hədəfləri, maraqları olan güclər olub və olacaq. ABŞ-ın öz maraqları, Rusiyanın öz mənafeyi var.
Müharibənin başlanması ilə bağlı bir məqamı da qeyd edim: hazırda gündəmdə olan ən ciddi məsələ nəqliyyat dəhlizləri ilə bağlıdır. Burada iki alternativ var: biri Çinin təklif etdiyi “Bir kəmər, bir yol layihəsi”, digəri Hindistanın təklif etdiyi yol layihəsidir. Hindistanın təklif etdiyi yol məhz İsrail–Fələstin ərazilərindən keçir. HƏMAS-ın hücum etdiyi şəhərlər, ciddi liman şəhərləri Yaxın Şərq baxımından çox ciddi əhəmiyyətə malikdir. Burada bir çox maraqlı məqam ortaya çıxır.
– Uzun müddət erməni işğalına, terrora məruz qalan Azərbaycan İsrail və Fələstinə münasibətdə hansı mövqeni sərgiləyir?
– Müharibə başlayanda Azərbaycan rəsmilərinin açıqlamalarından göründüyü kimi, biz hər zaman sülhə çağırış etmişik. Azərbaycan multikultural ənənəsi olan və bütün xalqlara, dinlərə hörmətlə yanaşan ölkəddir. Bu məfkurə bizim kultural, genetik yaddaşımızdadır. Əlbəttə ki, bu cür geniş eskolasiya bizi də narahat edir. Azərbaycan da Yaxın Şərqin bir hissəsidir, həm də İslam sivilizasiyasının nümayəndəsidir. Burada bir tərəfdə bizim strateji müttəfiqimiz, yaxın dostumuz olan İsraildir. Digər tərəfdə Fələstin xalqıdır. Bu mənada, bu prosesi böyük narahatlıqla izləyirik. Birmənalı olaraq çağırışımız bu problemin müsbət mənada həll edilib, tərəflərin danışıqlar masasında oturmasıdır.
Qeyd etmək istərdim ki, Türkiyənin bu məsələdə çox gözəl, obyektiv mövqeyi ortaya qoyuldu. Hər iki xalqın maraqlarına uyğun şəkildə bu problem özünün həllini tapmalıdır. İsrail–Fələstin məsələsi Yaxın Şərqin açar problemidir. Problemin həlli Yaxın Şərqin çox düyünlərini aça bilər. Diqqət edirsinizsə, ayrı-ayrı terror qruplaşmalarının hərəsi bir yerdən baş qaldırıb. Bu problemin həlli Yaxın Şərqə dayanıqlı sülhün, barışın gəlməsinə gətirib-çıxaracaq. Təəssüf ki, bir çox güclər məhz Azərbaycan, Türkiyə kimi düşünmür.
– Fələstinin HƏMAS təşkilatının İsrailə hücumunun Qarabagda baş verən erməni terroru ilə müqayisəsini aparmaq nə dərəcədə doğrudur?
– Əslində, terror terrordur, terrorun dini, milliyyəti yoxdur. Biz uzun illər torpaqlarımızın işğalından əziyyət çəkmiş bir ölkəyik. Eyni zamanda uzun illər erməni terroruna da məruz qalmış bir ölkəyik, xalqıq. Bu mənada istənilən halda terror qəbuledilməzdir. Terrorun dini yoxdur.
Azərbaycanın bu məsələyə mövqeyi aydın və dəqiq olub. Beynəlxalq hüququn aliliyi və eyni zamanda, terrora “terror” adı verə bilməsi... Məsələn, Avropa Birliyi HƏMAS-ın terror təşkilatı olması ilə bağlı akt qəbul etdi. Avropa ölkələrinin bəziləri HƏMAS-ı terror təşkilatı kimi tanımışdı, bəziləri yox. Biz ikili yanaşmanı, ikili standartları görürük. Türkiyə haqlı olaraq antiterror əməliyyatlarına start verib. Türkiyənin haqlı olduğu həmin terror təşkilatlarını ABŞ-ın və yaxud Qərbin bir çox dövlətləri terror təşkilatı kimi tanımır. Problem o zaman həll olunacaq ki, bütün ölkələr iradə nümayiş etdirərək terrorçuya “terrorçu” adı verəcək. Bir daha qeyd edirəm, terroru bir dinlə əlaqələndirmək olmaz. Terrorun dini yoxdur. Terror təşkilatları dini manipulyasiyalardan istifadə edirlər. Din qırmızı cizgiləri olan bir sahədir deyə, bunu manipulyasiya edirlər. Bu mənada hamı tərəfindən terrora “terror” adı verildiyi zaman problem həllini tapacaq.
– Qarabağda, Azərbaycanda erməni terroru, hərbi təxribatlar nəticəsində öldürülən dinc azərbaycanlılarla bağlı heç bir reaksiya verməyən İranın fələstinlilər üçün İsraili yox etmək istəməsi nə dərəcədə səmimidir?
– Biz burada yenə də ikili yanaşmaların şahidi oluruq. Birinci Qarabağ müharibəsi illərində, yeri gəlmişkən, bir sıra Fələstin təşkilatları ilə işbirliyində olan ASALA üzvləri Azərbaycan xalqına qarşı, sözün həqiqi mənasında, soyqırımı törədirdilər. Həmin ASALA üzvləri ki, Fələstində, Suriyada, Livanda 1980-ci illərin əvvəllərindən başlayaraq təlimlər keçmişdi. Onda İran buna münasibət bildirmirdi, yaxud istər torpaqlarımızın işğalı, istərsə də orada həyata keçirilən soyqırımla, donuz fermalarına çevrilmiş məscidlərimizlə bağlı nəsə sərt bəyanatı görmürdük. Bunun özü ikili yanaşmadır. Çox təəssüf ki, bu ikili yanaşma Qərbdən gördüyümüz kimi, bir çox hallarda İslam ölkələrindən də görmüşük. Halbuki Azərbaycan hər zaman həmrəyliyə və birliyə çağırış edib.