Ölkənin ictima-siyasi durumunun Vətən Müharibəsi dövründən də gərgin olduğunu ifadə edən ekspertlər, mövcud vəziyyətlə bağlı müxtəlif versiyalarla çıxış edirlər. Proseslər təbii olaraq birmənalı qarşılanmır. Siyasilər cəmiyyətin diqqətinin yayınmaması üçün həmrəylik və birliyin qorunmasını tələb edirlər.
Bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən millət vəkili Fazil Mustafa maraqlı nüanslara diqqət çəkib.
- Fazil bəy, 44 günlük Vətən Müharibəsindən sonrakı vəziyyət bizdən hansı yanaşmaları tələb edir?
- Əslində, mövcud vəziyyət bizdən səbirli olmağı və müəyyən dərəcədə prosesləri addım-addım yönətməyi tələb edən bir durumdur. Ermənilərə hələ indi çatır ki, Kəlbəcərdə yolu bağlamaq onların özləri üçün böyük problemlər yaradır. Bir Laçın dəhlizi Qarabağda olan separatçılar üçün çıxış yolu, qanedici variant deyil. Onlar hələ indi-indi müharibənin şokundan ayılmaq istəyirlər. Hələ ki, rasional düşüncəyə sahib olmadıqlarına görə, Azərbaycanla yeni münasibətlərin qurulmasına hazır olmadıqlarını göstərirlər. Bu gün bizim üçün hədəf beynəlxalq güclərin ermənilərin xeyrinə prosesə müdaxilə etməməsidir. Biz bu qələbəni sahədə addım-addım gerçəkləşdirməliyik. Birinci növbədə, Naxçıvan yolunun açılışı, əraziləri minalardan təmizlənərək məskunlaşmanı və infrastruktur layihələrin açılışını həyata keçirməliyik. Ona görə də əsas detallardan yayınaraq əvvəlki kimi bir “Topxana meşəsi” barədə çağırışlar edəcəyiksə, əsas mahiyyət arxa planda qalacaq, yenə də prosesi istədiyimiz istiqamətdə aparmaqda çətinlik çəkəcəyik. Ona görə də “sülhməramlı kimlərəsə nəsə dedi, kimlərəsə xoş baxmadı, kimlərləsə görüşdü-öpüşdü”, - deyə xırda detallar üzərində beynimizi yormamalıyıq. Çalışmalıyıq ki, vəziyyəti daha geniş şəkildə tənzimləmək üçün səfərbər olaq. Təbii ki, mübahisə doğuran detallara da diqqət yetirməliyik. Kiçik detallar üzərində mübahisələr edib enerjimizi vaxt öldürməyə sərf etməməliyik. Qarşımızda açılan variantları çözməyə çalışmalıyıq.
- Təbii ki, 30 ildən sonra “Topxana meşəsi” məsələsinə təsadüfən toxunmadınız. Sizcə, bu narahatlığa əsas yoxdur?
- Sülhməramlılarla bağlı narahatlıqlar onsuz da gözlənilən idi. Rusiya sülhməramlılarının birmənalı şəkildə bizim arzuladığımız mövqedən davranmayacağını əvvəlcədən proqnozlaşdırmışdıq. Sadəcə sual yaranır: başqa sülhməramlılar necə davranardı? Yəni buna bir alternativ variantımız varmı? Ona görə də biz sülhməramlıların davranışları ilə bağlı tənzimlləyici çalışmalara girişməliyik. Bunun da yolu sadəcə Qarabağda həll olunmur. Bu, siyasi masa arxasında həll olunur. Azərbaycan dövləti bu istiqamətdə addımlarını atır. Siz diqqət edirsinizsə, sülhməramlıların addımları, davranışı ilə bağlı açıq fikirləri Türkiyə tərəfi də dilə gətirir. Bu proses elə bizim istədiyimiz ideal səviyyədə olacaqdısa, o zaman Qarabağı tamamilə boşaldıb məsələni birdəfəlik həll edərdik də. Elə şərtlər, elə çətinliklər var ki, onu bir neçə mərhələdə aşmaq məcburiyyətindəyik. Ona görə də məsələləri həll edərkən biz bunu düşünməliyik. Bizim 3 rayonumuzu itkisiz azad etməyimiz göstərdi ki, hər halda diplomatiyamız, uzaqgörənliyimiz təqdir olunan səviyyədədir. Ona görə də biz cəmiyyəti hansısa narahatedici xırda detallar üzərində səfərbər etmək əvəzinə, əlimizdə olanların sabit qalmasına yönəltməliyik.
- Cəmiyyətdə rus sülhməramlı qüvvələrinin statusunun qanunla tənzimlənməsi məsələsi irəli sürülür. Milli Məclis bu istiqamətdə hansı qərarı verə bilər?
- Əlbəttə, Milli Məclis bu istiqamətdə qanunvericilik bazası ilə bağlı addımlar atmalıdır. Bütün bu danışıq prosesi, sazişlər, memarandumların imzalanması hökumət tərəfindən aparılıb. Milli Məclis də bunu qanunvericilik istiqamətində yaxın gələcəkdə tənzimləməlidir. İndiki zamanda praktiki problemlərin çözümü istiqamətində addımlar atılırsa, qəbul olunan qərarlar əldə olunan razılaşmaların istiqamətinə fayda gətirməyə bilər. Biz hələ ki, dövlət olaraq diqqətimizi 10 noyabr bəyanatına, ondan sonra 11 yanvarda bağlanan bəyanatını yürütməyə üstünlük veririk. Bəzən qanunvericilikdə məhdudlaşdırıcı addım atmaq, bu bəyanatın da praktik icrasına müsbət təsir göstərməyə bilər. Ona görə də biz bu imkanları real şərtlərə uyğun aparırıq. Ən doğru yanaşma da budur. Biz çalışmalıyıq ki, bu prosesi bizim arzuladığımız məcraya gətirə bilək.
- Fazil bəy, sülhməramlıların gəlişi ilə bağlı yaranan bədbinlikdən doğaraq Sərdar Cəlaloğlu 3-cü Milli İstiqlaliyyət Hərəkatının yaranacağnı deyir...
- Güman etmirəm ki, burada hansısa bir dirçəliş, oyanış zərurətinə ehtiyac olsun. Bu yenidən bir populizmin, proseslərin əleyhimizə çevirə biləcək anlayışın cücərməsi deməkdir. Buna da cəhd edən kifayət qədər qüvvələr var. Burada söhbər başqadır. Müharibə dövründə, təbii ki, ordumuzun da müəyyən çatışmazlıqlarını bilirdik, orada olan elementlərin 30 ildə ordumuza hansı zərbələri vurduğu barədə bilgimiz var idi. Bütün bu çətinliklərə baxmayaraq, ölkə Prezidenti Ali Baş Komandan olaraq uğurlu konsepsiya yürütdü və bizi qələbəyə çatdırdı. Ordumuz erməni ordusunun müəyyən bir arsenalını darmadağın etdi, müəyyən yerə qədər getdik. Çox adam bu qələbəyə möcüzə kimi yanaşdı. Möcüzə baş verdisə, bu kimin hesabına oldu. Demək, bu, arxa planda aparılan hazırlığın, ölkə başçısının iradəsi hesabına baş verdi. Belə bir vəziyyətdə niyə bu inamı davam etdirməyək? İndi sanki hamıda bir şübhə toxumu, kin səpmək kimi bir azar var. Bilməliyik ki, sülhməramlıların gəlişi hansısa bir şəkildə prosesin tənzimlənməsi prezidentin imzaladığı bəyanata əsaslanır. Kim bizə durub söyləyə bilər ki, o bu məsələyə İlham Əliyevdən daha vətənpərvər yanaşır. İlham Əliyevin bu müharibədə vətənpərvərliyi göründü. İndi niyə biz o dövrün vətənpərvərliyini, indiki dinc dövrə şamil etməkdə çətinlik çəkirik? Halbuki indiki dövrdə bütün danışıqlar onun ətrafında gedir. Moskvaya gediş də onunla bağlı idi. Azərbaycan dövlətini təmsil edən şəxsin ermənilərin mövqeyini möhkəmlətmək, yaxud da gücləndirmək istiqamtində hansı güzəşti ortaya çıxıb ki, bu cür inamsızlıq ifadə olunur. Ona görə də məncə imkan yaratmaq lazımdır ki, Azərbaycan diplomatik cinahda məsələni tədricən çözməyə başlasın. Yoxsa məsələləri hisslərimizin - “xoşuma gəlir, ya gəlmir” - prinsipi üzərinə daşıyıb, dediyim kimi, prosesi “Topxana meşəsi” harayına çevirsək doğru olmaz. O vaxt Rusiya ilə danışıqlar apararaq OMON, ovaxtkı mümkün olan hərbi birləşmələr vasitəsilə torpaqlarımızı təmizləmə əməliyyatı keçirməyimiz yaxşı idi, yoxsa “Topxana harayı” ilə 1 milyon insanın özünü məşğul etməsi?! Təbii ki, etiraz vacibdir, amma bütün insanların hisslərini, enerjisini yardımçı məsələlərə yönəldəndə düşmən əsas məsələ üzərində birləşir və öz istəyini həyata keçirə bilir.
- Hazırkı birliyi pozmaq üçün deyilən “xarici təsirlər, 5-ci kolon”un təxribatçı addımlar atması indiki şəraitdə nə dərəcədə mümkün ola bilər?
- Azərbaycanda “5-ci kolon” deyilən anlayış doğru deyildir. “5-ci kolon” konkret olaraq hansısa bir ölkənin sifarişini yerinə yetirməlidir. Burada agentura şəbəkəsindən söhbər gedir. Şəbəkə ifşa olunub ortaya çıxarılmalıdır. Bütövlükdə Azərbaycanın gələcəyi ilə bağlı əhval-ruhiyyələr bir qədər fərqlidir. Kimisi Rusiya ilə gələcəyin tənzimlənməsinə üstünlük verir, kimisi Qərb, kimisi Türkiyəyə inteqrasiya yolunu dəstəkləyir. Heç kimin modeli sınaqdan çıxmış model kimi görünmür. Hansı dövlət birinə yaxınlaşdıqca, digər dövlətlərlə düşmən olma ehtimalı yaranır. Ona görə də ağıllı yol hər biri ilə balansın düzgün qurulmasıdır. Biz bu müharibədə gördük ki, doğru balans quranda uğur qazanmaq olur. Bu baxımdan da mən bu ittihamları da artıq yorucu hesab edirəm. Kimsə-kimisə bəyənmirsə, “Sən satqınsan, sən xəyanətkarsan”, - deyir. Nə bilim, Azərbaycanda bir sürü axmaq var, durub deyəndə ki, Elçibəyi satdınız, başa düşmək olmur ki, vəfat edəndən sonra niyə onu satmalıyıq? Tutaq ki, Əbülfəz Elçibəy vəfat edənə qədər bütün dəstəyimizi əsirgəmədik, həmişə bir yerdə olduq.
Siyasət ideyalar, fikirlər, görüşlərlə yürüyur. Hansı yolu faydalı hesab edirsənsə onu davam etdirirsən. Şəxslərə bağlılıq “ipi” yoxdur. Siyasətdə xalqın marağı və ona uyğun siyasət istehsal prinsipi etmək var. Bu havanı çox görmüşük. Azərbaycanda Rusiyanın, İranın, Qərbin gizli agenturası var. Onlar da Azərbaycanın əleyhinə istənilən tezisi qabarda bilirlər. Amma kimlər ki, kankret tarixi dövrdə çıxış yolunu hansısa dövlətlə münasibətlərdə görürlərsə, o başqa məsələdir. Əvvəllər bizim də Rusiyaya münasibətdə sərt baxışlarımız var idi. Amma Qarabağın azadlığı Rusiya ilə hansısa anlaşmadan keçirsə, mənim antirusiya mövqeyi tutmağım siyasətdə səfehlikdən başqa bir şey deyildir. Məsələn, mən Türkiyə ilə münasibətlərin həmişə yaxın olmasını müdafiə edən bir mövqedəyəm. Elə məsələlər var ki, bizim istəyimizdən, iradəmizdən asılı olmayaraq baş verir. Vaxtilə Türkiyədə kimsə Rusiya ilə yaxınlaşırdısa ona deyirdilər bu kommunistdir. İndi yaxınlaşana deyirlər ki, realistdir. Ona görə də siyasəti daha dinc müstəviyə gətirmək daha doğrudur.
- Fazil bəy, çap mediası haqqında tənqidi çıxışlarınız olub və qəzetlərin səviyyəsinin aşağı olduğunu bildirmisiz. Bu istiqamətdə hansı yeniliklərin olmasını təklif edərdiniz?
- Mənə belə gəlir ki, çap mediası özünü dəyişməlidir. Bunu söyləyəndə mənə deyirlər ki, gəlib özün elə qəzet çıxara bilərsən? Əlbəttə, çıxara bilərərm. Günün tələbi, artıq qəzetlərin informasiya verməyin vaxtının keçdiyini göstərir. İnformasiya qəzeti artıq sosial seqmentlərə uduzur. Bir gün sonra çıxartdığın informasiya effektini itirir. Daha çox analitik düşüncə qəzetləri, düşüncə jurnalları qalıcı ola bilər. Daha çox bu istiqamətə keçilməlidir. Bunun üçün də qəzetlərdə müəyyən ideoloji, siyasi, mədəni və başqa cərəyanlar mövcud olmalıdır ki, onun alıcısı da ola bilsin. Ona görə də mən çap mediasının güclənməsinin tərəfdarıyam. Elə şərtlər var ki, çap mediası müasir dövrün tələbinə uyğun olmayanda “maşinka” kimi bir şey olur.
- Siz vaxtilə “Arqumentı-faktı” qəzetini müsbət nümunə kimi önə çəkmisiz. İndi bu qəzeti oxuyursuzmu?
- “Arqumentı-faktı”, “Kommersant” qəzeti və digər bu cür qəzetləri oxuyuram. Bu, Rusiyada genişlənə bilmədi. Avropa məkanında daha çox bu istiqamət götürülür. Bu çox önəmlidir. Azərbaycanda alıcı potensialı da zəifdir. Müəyyən oxucu çevrəsi var ki, onu müəyyən məsələlərlə bağlı maraqlandırmaq olar. Bir vaxtlar bu format “Ayna” qəzetində var idi. Bunu inkişaf etdirmək yaxşı olar.
Sosial mediada isə Türkiyənin izlədiyi varianta getməliyik. Xüsusilə də təhqir və başqa difamasiya ilə bağlı problemlərin qarşısını almaq üçün həmin qurumların təmsilçilərinin azad mediada olmasını təmin etməliyik.