Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edildi. Belə ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Bəs görəsən yeni yaradılmış iqtisadi zonalar siyasi baxımdan bizə nələr vəd edir?
Millət vəkili Aydın Mirzəzadə məsələ ilə bağlı Hafta.az saytına açıqlamasında bildirdi ki, vaxtı ilə Azərbaycanın iqtisadi rayonlara bölünməsində məqsəd, hər rayonun spesifikasını nəzərə almaqla həm dövlət həm də region səviyyəsində iqtisadi inkişafı təmin etmək idi. Lakin torpaqlarımızın bir hissəsinin işğal altında olması həmin rayonların bölgüsünü bir qədər şərtiləşdirmişdi. İşğal amili vahid iqtisadi mühütü tamamlamağa imkan vermirdi:
“Torpaqlarımız azad edildikdən sonra dünən cənab prezident yeni iqtisadi zonaların yaradılması barədə sərəncam imzaladı. Onların içində azad olunan zonalar da qruplaşdırıldı. Xankəndi və Xocavəndin Qarabağ iqtisadi zonasına aid edilməsi, Ermənistanla sərhəd ərazilərimizə tarixi adının qaytarılması - Şərqi Zəngəzur iqtisadi zonası elan edilməsi inkişafa çox ciddi təkan verəcək. Siyasi olaraq isə bu tarixi ədalətin bərpa olunması deməkdir. Axı qədim zamanlardan bura Zəngəzur olub. Tarix boyu torpaqlarımız işğal edilib, adları dəyişdirilib. Mənfur düşmən Göyçə, İrəvan adlarını sıradan çıxarmağa çalışıb. Heç də təsadüfi deyil ki, cənab prezident Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizini "Zəngəzur dəhlizi" adlandırdı”.
Millət vəkili hesab edir ki, iqtisadi rayonların yeni bölgüsü gələcəkdə hər iqtisadi zona üzrə diqqətin konkret məsələlərə yönəldilməsinə imkan yaradır:
“Aydın məsələdir ki, Kəlbəcərin iqtisadi inkişaf modeli ilə Bakının yaxud Kürdəmirin inkişaf modeli arasında fərq çoxdur. Bundan başqa həmdə özəl sektorun ora cəlb edilməsinə şərait yaradılacaq. Dövlət konsepsiya ortaya qoyacaq, istiqamətlər göstərəcək, özəl sektor isə həyata keçirməyə çalışacaq. Eyni zamanda dövlət üzərinə düşən vahid logistikanı həyata keçirəcək. Bu yol elektrik nəqliyyatı, su, kanalizasiya təchizatı, rabitənin təmini kimi bir sıra infrastruktur layihələridir”.
Sonda isə A.Mirzəzadə, Prezidentin imzaladığı bu sərəncamın həm siyasi həm də iqtisadi əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı: “Məsələnin dünən sosial şəbəkələrdə və saytlarda geniş müzakirə edilməsi də onu göstərdi ki, cəmiyyət bunu dəstəklədi”.